Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan olmağımızdır. Hər görüşümüzdə nə qədər sazdan-sözdən danışsaq da, sonda söhbətimiz mütləq fırlanıb Borçalının üzərinə gəlir. Bu qədim Türk yurdunun dünəni ilə nə qədər öyünsək də, bu günkü durmuna biganə qalmır, sabahını daha parlaq görmək arzumuzu ifadə edirik.
Şakir dağlar oğludur. Başkeçidin ucqar Lök-Candar kəndində dünyaya gəlib. Orta təhsilini doğma yurdda başa vurduqdan sonra çoxlarımız kimi, o da Bakıya gəlib, burada ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə, yuxarıda da qeyd etdiyim kimi, İctimai televiziyada çalışır. Onunla kiçik bir söhbət belə kifayətdir ki, xalqımızın adət-ənənəsinə, aşıq sənətinə və bütövlükdə zəngin folklorumuza nə qədər dərindən bələd olduğunun şahidi olasan.
Şakir Nadiroğlu olduqca təvazökar və səmimidir. Hay-küydən uzaqdır, yeri gəldi-gəlmədi etdiyini gözə soxmağa çalışanlardan deyil. Özünün varlığını əməlləri ilə təsdiq edən ziyalıdır.
Şakir Nadiroğlu özünün və sözünün yerini bilən, düşündüyü hər şeyi danışan yox, danışdığı hər şeyi əvvəlcə düşünəndir.
Şakir Nadiroğlu həm də şairdir! Sözü hər şeydən uca tutan və urvatdan salmayan şair. Sonradan şairlik həvəsinə düşənlərdən yox, şair doğulanlardandır. Yazdığının mürəkkəbi qurumamış nəşriyyat və redaksiyaların qapısını yağır etməyən, özünün və sözünün abırını qoruyan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şair!
Professor Nizaməddin Şəmsizadənin çox haqlı olaraq qeyd etdiyi kimi, “şair üçün birinci və dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır” ki, bunlar da Şakir Nadiroğlunda var. O, “öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan lal duyğunu hər yetən sözə təslim” etmir, sözün ona yaraşanını seçməyi bacarır.
Tez-tez kitab nəşr etdirməyə meyilli olmayan (buna həm də maddi imkanı olmayan) və indiyədək cəmisi bir neçə kitabı işıq üzü görən Şakir Nadiroğlu bəziləri kimi bu kitablara təmtəraqlı təqdimatlar da keçirməyib. Düşünüb ki, yazdıqları oxucunun zövqünü oxşayıb, qəlbinə yol tapacaqsa, bundan böyük təqdimat olmaz. Qənaətində yanılmayıb da. Şeirləri nəinki oxucuların, eyni zamanda respublikamızın dəyərli elm adamlarının, görkəmli ədəbiyyatşünas alimlərin də diqqətini çəkib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər elm adamları onun yaradıcılığı haqqında qiymətli fikirlər söyləyib, kitablarına ön söz yazıblar.
Şakir Nadiroğlunun yaradıcılığında diqqəti daha çox çəkən bu gün poeziyada o qədər də rastlaşmadığımız alliterasiyaların mühüm yer tutmasıdır. Onun şeirlərində alliterasiya mətnə daha həssas və ifadəli güc verməklə yanaşı, eyni zamanda bu səslilik elementi nitqi bəzəyir və biz burada dinamizm, özünəməxsusluq və yeni yaradıcılıq keyfiyyətlərini görürük. Müəllifin bir hərf üstündə (bir şeirdə işlənən bütün sözlərin eyni hərflə başlaması) yaratdığı gəraylıları, dodaqdəyməzləri var. Təcniz yazmağın – yaratmağın şairdən böyük ustalıq, zəngin söz ehtiyatı və dilin incəliklərini mükəmməl bilmək tələb etdiyini bilməyən yoxdur. Üstəlik bu janrda yeni söz demək ikiqat məsuliyyət tələb edir. Şakir Nadiroğlu bu janrda da qələmini sınayır və gözəl poetik nümunələr yarada bilir. Görünür, burada onun aşıq sənətinin incəliklərinə dərindən bələd olması da mühüm rol oynayır. Və onun özəlliyi bir də odur ki, bir hərf üstə də təcnislər – dodaqdəyməz təcnislə yanaşı, ilk dəfə olaraq dodaqbüzən-dodaqdəyməz təcnislər də yaradıb:
Gözəl gözlər gözəllikdi güləndə,
Görən görür: gül gözəldi güləndə…
Gözəllikdə gül gəzən də, gülən də,
Gördülər güllükdə gözəl də güldü.
Bu barədə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə belə yazır: “Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi.
Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: dodaqbüzən-dodaqdəyməz təcnis!”
Bütün söz adamları kimi, Şakir Nadiroğlu da “Həyat nədir?” sualına cavab axtarır və bu qənaətə gəlir ki, “bu fani dünyaya uymağa dəyməz”, həyat “olumnan ölümə qədərdi”, bu dünyaya bir gün gələn bir gün də köçəcək:
Şakir, bu dünyada olsan da xaqan,
Uyma var-dövlətə, qəflətdən oyan.
Üryan gələn üryan gedər dünyadan,
Bir anlıq sevincdi, kədərdi dünya.
Pul qazananlardan yox, “pulun qazandığı” adamlardan, sözü üzə deyən dostdan yox, üzə gülüb, ayaq altı qazanlardan qorxmağa çağırır.
Şakir Nadiroğlunun yaradıcılığında bütöv Azərbaycan və Türk dünyası mövzusu mühüm yer tutur. Əsrlər boyu tarix yaradan Türkün fitnəyə, böhtana qəbir qazaraq düşmənlərin hiyləsini pozub, yenidən tarix yazacağına inanır:
Bugünkü fidanlar böyüyəcəklər,
Qardaşlar əl-ələ yürüyəcəklər,
Düşməni Turandan kürüyəcəklər,
Axacaq selimiz Turana doğru!
Azərbaycanın hər guşəsini vəsf etməkdən doymayan Şakir Nadiroğlunun Borçalı və “dilimin ən şirin sözü Başkeçid” dediyi doğulub boya-başa çatdığı Başkeçidin əsrarəngiz təbiət gözəlliklərinə, bu yerlərdə insanların mərdliyinin, qonaqpərvərliyinin tərənnümünə həsr olunmuş şeirləri xüsusilə diqqəti çəkir. “Borçalı xəritəsi” şeirində ayağı Sınıq Körpü, başı Başkeçid – bütün Borçalını, Qarayazını, Qaraçöp ellərini tərənnüm etməklə, gözlərimiz önündə bu qədim türk yurdunun xəritəsini sözlə yaradır:
“Sınıq Körpü” yurdun giriş qapısı,
Tarixin tərpənməz sirri Borçalı.
Kürüstü kəndləri cənnət qapısı,
O səkkiz cənnətin biri Borçalı.
Özünün də dediyi kimi, onun şeirlərindən kənd iyi gəlir. Dağların, çəmənlərin, suyu diş göynədən bulaqların iyi gəlir, motal pendirinin, sac çörəyinin iyi gəlir. Misralarının “biri qulançar, biri quzqulaq, biri dağ çayıdır, biri buz bulaq, biri kərəntidi, biri də oraq”. Çünki “o kənddi Şakirin çörəyi, duzu”:
Sözüm nəmər alan at belindədi,
Bulaqdan süzülən dağ gölündədi,
Yazdığım kəlmələr el dilindədi,
Mənim şeirimdən kənd iyi gəlir.
Şəhərdə yaşasa da, könlü daim kənddədir. Onu kəndə bağlayan isə təkcə təbiət gözəlliyinin əsiri olması deyil, həm də kənd adamlarının sədaqəti, qədim adət-ənənənin qorunub yaşadılması, mərifətə, təriqətə, həqiqətə olan inam və hər kəsdə gördüyü kəramətdir.
Bəs, dostundan istədiyi nədir – Əyriqarın xar qarı, quzqulaq, kəkotu, cincilim kətəsi, turşəng, qazayağı, əvəlik, təzə pendir, nəhrə yağı:
Dostum, mənə dağ sovqatı
Əyqiqardan xar qar ola.
Quzqulaqla kəklikotu,
Buzbulaqdan lilpar ola.
Ana təbiəti, böyüyüb boya-başa çatdığı doğma Başkeçidin az qala hər dağını, hər daşını, dərəsini, bəndini, bərəsini, gül-çiçəyini vəsf etməkdən doymur və bu mövzuda çox yazmasının səbəbini isə belə izah edir ki, yamacında yatmayanlar, dağda şehə batmayanlar, yağışında islanmayan, Günəşdən tez oyanmayan, quzqulaq, baldırğan, qantəpər yığmayanlar və nəhrə yağ yeməyənlər dağ həsrəti çəkə bilməz.
Bəli, Şakir Nadiroğlu şairdir. Özü də şeirlərini tanıtmağa (oxutmağa) çalışan şair yox, şeirləri ilə tanınan şair. Və mən inanıram ki, bu şeirlər bundan sonra onu daha çox tanıdacaq, ona şöhrət qazandırcaq.
Şakir Naidroğlunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı təəssüratlarımı hələlik burada bitirir və sözlərimi “Kəlilə və Dimnə”dən bu qiymətli kəlamlarla tamamlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən, o, yüksəyə qalxmağa meyil göstərir”.