Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki, Ələddin müəllimdir, Ələddin Borçalı! Sizi tanımamaq olarmı, – dedim, – Ələddin müəllim!
…Sonuncu görüşümüzdən iyirmi il keçir. Bu iyirmi ildə çox şeylər dəyişib – həm ölkəmizin həyatında, həm də şəxsi həyatımızda. Yaşımızın üstə yaş gəlib. Amma Ələddin müəllimin səsindəki əvvəlki şirinlik də yerindədir, həlimlik və mehribanlıq da.
Borçalıdan pərvazlanmış xalis türk kişisi kimi həmişə böyük hörmət bəslədiyim Ələddin müəllimin bu zəngi məni hədsiz sevindirmişdi. Bir-birimizlə hal-əhval tutub, qərarlaşdıq ki, ən yaxın günlərdə görüşək.
…Və görüşdük. Yaş səksəni haqlasa da, zahirən çox da dəyişməyib. Əvvəlki əzəmət də yerindədir, əvvəlki mərdanə duruş da. Bir az da bəyazlaşmış saçları isə Borçalının başıqarlı dağlarını xatırlatdı mənə. İyirmi ildən sonrakı ilk görüşümüz o qədər səmimi, o qədər isti keçdi ki, vaxtın necə ötdüyünü də bilmədik. Bizi bir-birimizə bağlayan o qədər müqəddəs dəyərlər var ki, günlərlə danışsaq da, qurtarmaz. Bununla belə, nədən danışsaq da, istər-istəməz söhbətmiz fırlanıb Borçalı mövzusuna gəlirdi. Borçalının hər səhifəsi qürur mənbəyi olan tarixi keçmişindən, bu qədim Türk yurdunun bu gün səsi-sorağı dünyaya yayılmış görkəmli ictimai-siyasi xadimlərindən, dövlət, elm və mədəniyyət adamlarından, eləcə də, qəhrəmanlıq tariximizdən – Qarapapaq Borçalı igidlərindən tutmuş ən son İkinci Qarabağ müharibəsində böyük şücaətlə döyüşmüş gənclərimizdən söhbət açdıq. Ələddin müəllimin bu qədər şirin və səmimi söhbəti mənə filosoflardan birinin sözlərini xatırlatdı: «Сян даныш, сянин неъя адам олдуьуну дейим».
Doğrudan da, sanki Ələddin müəllimi özüm üçün yenidən kəşf etmişdim. Onun simasında Borçalının ağırtaxtalı kişiləri yenidən gözlərim önündə canlandı. O kişilər ki, bir kəlməsi küsülülər barışdırar, qan düşmənçiliyini aradan qaldırar, öyüd-nəsihət dolu hər məsləhəti gənclərin yoluna işıq saçar. O kişilər ki, sifətinin nuru bir məclisi işıqlandırar, bir elin daim yanar çırağına çevrilər. Və o kişilər ki, bizim onlara hər zaman böyük ehtiyacımız var. Təəssüf ki, sıraları getdikcə seyrəlir.
Bu el ağsaqqalını əlavə təqdimata ehtiyac olmasa da, xatırladım ki, bu gün hamının daha çox Ələddin Borçalı kimi tanıdığı Ələddin Məhərrəm oğlu Həsənov 1942-ci il yanvar ayının 6-da Gürcüstanda – o zamankı Borçalı (indiki Marneuli) rayonunun Yuxarı Saral kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf etdiyindən ailədə dördüncü uşaq olan Ələddin yaşıdlarının çoxundan fərqli olaraq maddi çətinlik ucbatından orta təhsilini də vaxtında ala bilməyib – 12 yaşında birinci sinfə gedib. Doğma kəndində ibtidai təhsil alıb, sonra qonşu Aşağı Saral kəndindəki məktəbdə oxuyub. Qasımlı kənd orta məktəbini bitirdikdən sonra isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsinin axşam şöbəsində davam etdirib. Ömrünü pedaqoji işə həsr edib – gənclik illərindən başlayaraq təqaüdə çıxana kimi Bakıdakı Mədəni-maarif texnikumunda (indiki Bakı Humanitar kollecində) çalışaraq müəllim adını şərəflə daşıyıb.
Bəzən rüzgarın sərt əsən yelləri də onu dəyişə bilməyib. Haqqın yolundan və dürüstlüyündən heç zaman dönməyib, sözün yaxşı mənasında inadkar, haqsızlığa qarşı barışmaz olub, kimsəyə quyu qazmayıb, vədinə əməl edib, əhdini pozmayıb, bir dərdli görəndə qəminə şərik olub, sevinci bölüşüb.
Bir müəllim kimi yetirmələrinə daim örnək olan Ələddin Borçalı həm də nümunəvi ailə başçısı kimi tanınıb – özü kimi pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Müşrəvan İslam qızı ilə bərabər Səbinə, Samirə, Mehriban, Sevda və Elxan kimi ləyaqətli övladlar böyüdüb. Qəşəm, Ərsan, Nərgiz, Aysel, Hüseyn, Şəhrizad, Bəhmən, Müşrəvan və Mehin kimi gülüzlü nəvələrin sevimli babasıdır.
Ələddin müəllim görüşə əliboş gəlməmişdi. İki şeirlər kitabını təqdim etdi mənə: 2012-ci ildə işıq üzü görmüş “Külli nemətlərdən yüksəkdir Vətən” və 2022-ci ilin əvvəlində nəşr olunmuş “Qanana rəhmətdir qalan”.
Sazlı-sözlü Borçalıda dünyaya göz açıb, həyatda ilk addımlarını da burda atasan və şeirə-sənətə biganə olasan – heç ağlabatan deyil. Əslində Ələddin müəllimin şeir yazdığını bilirdim. Amma onu da bilirdim ki, bəziləri kimi, yazdıqlarının mürəkkəbi qurumamış redaksiya və nəşriyyatların qapısını yağır edənlərdən deyil. Yazmaq xətrinə yazanlardan da deyil. Şeirlərində həyata baxışını ifadə edir, düşündüklərini və onu düşündürənləri sözün poetik qüdrətinə güvənərək qələmə alır, oxucusunun ürəyinə yol tapmağı, onu düşündürməyi bacarır. Kitablarının on illik faislə ilə (2012 və 2022-ci illərdə – anadan olmasının 70 və 80 illik yubileyləri ərəfəsində) işıq üzü görməsi də Ələddin müəllimin sözə qarşı məsuliyyətindən xəbər verir və hər iki kitabı onun həm də uğurlu yaradıcılıq hesabatı saymaq olar. Onun üçün əsas olan çox yazmaq, tez-tez nəşr olunmaq deyil, nə yazmaq, indiki yazarlar və kitab bolluğunda oxucuya necə kkitab təqdim etməkdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə demiş olsaq, istəyi odur ki, kitabları qalın yox, qalandan olsun.
Ələddin müəllimin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Gündəlik həyatda necədirsə, gənclərə hansı öyüd-nəsihəti verir, hansı yolu göstərirsə, onun şeirlərində də biz bunun şahidi oluruq. İnsanları bir-birinə qarğış etməməyə, kişi kimi söhbət aparmağa, arxasıza kömək olmağa çağırır. “Yüz fikir bir borcu ödəyə bilməz” kimi məşhur atalar sözünə söykənib “qaşınmayan yerdən qan çıxarma”, “ara qarışdırıb, evləri yıxma”, “kiminsə varına həsədlə baxma” kimi ağsaqqal məsləhəti verir:
Ələddin göstərdi yolu-ərkanı,
Səbr etsən, hər şeyin gələr zamanı.
Sən özünlə bitmiş bilmə dövranı,
Qoru məsləkini, qandırar səni.
Böyük türk şairi N.F.Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu mənada, Ələddin Borçalı da “yarandığı gündən hey çalxanan” dünyada bu gün baş verənlərə bir şair kimi biganə qala bilmir, dünyanı “kainat mülkündə bir möcüzə” adlandırır.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Ələddin müəllimin 80 yaşı tamam olub. Ömrünün müdriklik çağlarını yaşayır, yazıb-yaradır. Doğrudur, şeirlərinin birində sağlıq durumu ilə bağlı giley-güzar da eləyir, arada “əcəl cəhd etdi ki, tutsun yaxamdan”, – deyir. Amma şükürlər olsun ki, artıq bu problem arxada qalıb. Özünün də dediyi kimi, qarşıda hələ diyar-diyar gəzməyi, bir el ağsaqqalı kimi elin xeyirində-şərində iştirak etməyi, məclislərdə xeyir-dua verməyi var. Bunu özü bədii dillə daha yaxşı ifadə edir:
Nə yerdən, nə göydən doymamışam mən,
Dünyanın sehrini çözməyim qalıb.
Mən də söhbətindən doymadığım dəyərli ağsaqqalımız Ələddin müəllimə bundan sonra da sağlıqlı və uzun ömür arzulayır və deyirəm, qarşıda hələ çox görüşlərimiz, çox söhbətlərimiz var, təki sağlıq olsun, Ələddin müəllim!
Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi