KİTABLARLA KEÇƏN KİTAB ÖMÜR

Xuraman Hacıyeva Kəlbəcərdə kitabı sevən və sevdirən kitabxanaçıların

da anası sayılırdı

…Onun haqqında çoxdan, hələ əlimə ilk qələm alandan yazmaq istəmişəm. Amma, nə bilim, nədənsə, yaza bilməmişəm. Səbəbi-filanı da olmayıb. Bəlkə də haqqında yazdıqlarımdan daha çox mənim üçün əziz olub, mehriban çöhrəsində bir türk xanımının simasını görmüşəm. Xanım-xatınlığı, ziyalılığı, mehribanlığı, yurda, el-obaya bağlılığı, ən əsası isə kitabsevərliyi və sevdirməsiylə qəlbimə yazılıb adı da, fəaliyyəti də.

…Anamı nə qədər çox istəyirəmsə, onu da o dərəcədə özümə doğma, yaxın, simsar bilmişəm. Axı, ana əvəzi həyətində mənə də doğmalıq göstərib, həm “sultanlıq illərim”də, həm də ailə qurduqdan sonra. Həyətində, evinin bir otağında mənə, sonralar ailəmizə sığınacaq verib. Bişirdiyi nə olubsa, ondan bizim payımızı əskik etməyib.

İntizarda çox saxlamayacam sizi. Haqqında söz açmaq istədiyim xanım-xatın anamız, bacımız, xalamız, bibimiz Xuraman Hacıyevadır. O Xuraman ki, çoxlarına kitabı sevdirib. Kitabsevərliliyin xeyirni anladıb. Mehr-məhəbbətini qız balalarına və kitablara salmağı ilə yaddaşlara yazılıb.

Hacı Şirinlər-

Kəlbəcərdə köklü-köməcli nəsil

Kəlbəcərdə köklü-köməcli nəsillərdən olub Hacı Şirinlər. Rəhmətlik Hacı Şirin oğlu Müseyib Kəlbəcərdə sayılıb-seçilən kişilərdən biri kimi xatırlanır. Bu nəsil-tayfadan boy atanlar ziyalılıqları, xeyirxahlıqları, alicənablıqları ilə nəinki Kəlbəcərdə, respublikada məşhur olublar.

Xuraman xalanın qardaşı Cəlal əmi ilə atam Nəriman uzun illər eyni idarədə işləmiş, qardaş qədər dost olmuşdular. Demək olar ki, biz iki qardaş da Cəlal əminin gözləri qarşısında böyümüşdük. Atamızın yerinə idarədə gözətçi də qalardıq dərsdən sonra. Cəlal əmi bizi balalarından seçməzdi… Onun da ailəsini doğmalarımız kimi sevirdik. Cəlal əminin oğlu Mahirlə orta məktəbi bir sinifdə qurtarmışam. Sən demə, sonralar Xuraman xala ilə eyni mədəniyyət müəssisəsində – Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində (mən şöbədə, o isə MKS-də) işləyəcəkmişik.

Xuraman Hacıyeva Bakı Mədənii-Maarif Texnikumunu bitirdikdən sonra Kəlbəcər şəhərindəki (o zamanlar qəsəbə adlanırdı) Mərkəzi Kitabxanada işləməyə başlayıb. İllər onun ömründən aldıqca, o, bu sadə, lakin çətin, şərəfli peşədə püxtələşmişdi.

Onun kitaba sevgisindən bəhrələnənlər…

Xuraman xalanın kitab sevdirdiyi Kəlbəcər gəncliyi artıq ömürlərinin ixtiyar çağlarını yaşayır. Neçə-neçə kəlbəcərli gənc məhz onun kitaba sevgisindən bəhrələnib BDU-nun Kitabxanaçılıq fakültəsini bitirmişdi. Mərhum Zimistan Həsənov (sonralar “Yenilik” qəzetinin baş redaktoru, RPK-nın təlimatçısı), Kifayət Cabbarova, İbrahim Atakişiyev, Şəhla İbrahimqızı, Briliyant Hüseynova, Oqtay Salahlı, Qərənfil Əhmədova, Nəcibə Əhmədova, Gözəl Ələkbərova, Məxmər İsmayılova, Miyasət Həsənova və s. kimi peşəkar kitabxanaçılar ondan az şey öyrənməmişdilər.

Xuraman xala rayon miqyasında həm də bir ailə başçısı kimi də tanınır, sevilirdi. Bir çətən qız külfətini o, İkinci Dünya müharibəsindən qayıdan ömür-gün yoldaşı İsmayıl əmi ilə baş-başa böyüdəcəkdilər, zalım fələk aman vermədi.

Xuraman xalanın qız balaları da özü kimi, xanım-xatınlıqları ilə seçilirdilər. Bu isə, əlbəttə, nəsildən, gendən gəlmə idi: qürurlu, əxlaqlı, tərbiyəli, mənəviyyatlı, abır-həyalı, ismətli…

Bura qədər kəlbəcərli günlərimizə boylanmaq istədim. Xuraman xalagilin həyətində mərhum tələbə dostum və iş yoldaşım Mahir Orucovla subaylığın daşını atmamışdan kirayənişin kimi qalırdıq. Kənardan elə bilirdilər. Amma xatırlamıram, nə qədər orada subay qaldıq Mahirlə, amma, ailə qurduqdan sonra da Xuraman xala bizə sığınacaq verdi. Rayon mərkəzində işlədiyimiz üçün piyada kəndə gedib-gəlmək problemimizi bilən bu ana əvəzi xalamız bizə isti qucaq açmışdı.

İlk xatirə: yaddaşımın boxçasından

Mahir Orucovla Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evində işləyirdik. İkimiz də Xuraman xalagilin həyətində qalırdıq (yolumuz kəndə uzaq olduğuna görə). Mahir həddindən çox utancaq idi. Əxlaq, mədəniyyət nümunəsi idi. Zəif yox, zərif xarakteri vardı: tez inciyərdi-küsərdi. Xuraman xalanın bir çətən qız külfəti vardı (hər birinin də öz ailəsi-uşaqları). Amma hamımızın anası sayılan Xuraman xalanı tək buraxmırdılar – hər gün bu həyətdən uşaq səs-küyü əskik olmazdı. Qız nəvələri də az deyildi, maşallah olsun, hər biri də mələk kimi saf, gözəl, nümunəvi tərbiyəsi ilə.

Mahir bu uşaqlardan da utanardı, təsəvvür edin: qızlar, nəvələr nənənin başına toplaşıb həyətdə (ev ikimərtəbəli idi. Taxta pilləkənin aşağısında, giriş qapısının yanında da su krantı) oturanda Mahir yaşadığımız birinci mərtəbədən bayıra çıxmazdı, dünya dağılsa da.

Bir gün (günorta naharına) işdən evə gəlmişdik. Qızlar da, balaları ilə həyətdə idilər. Çay qoymağa suyumuz yox idi. Dedim ki, çaydanı götür, çıx krantdan su doldur gətir, mən də xörək qızdırım. Dedi ki, özün çıx, mən çıxa bilmərəm, həyət doludu arvad-uşaqla, necə çıxım?! Mən dedim, bu etiraz elədi. Axırda əlacsız qalıb boş çaydanı götürüb həyətə su gətirməyə çıxdı. Kaş, çıxmayaydı. Krantın üstünə sanki gözüyumulu getmişdi, çaydanı yarı doldurmamış geri qayıdanda necə tələsdisə, ayaqları dolaşıb üzüstə yıxıldı. Vaaay! Həyətdə qışqırıq qopdu. Qaçdım həyətə ki, yazığın ayağı iliçib balaca bir daşa, nəyəsə, yıxılıb. Üz-gözü qan içindəydi. Qaldırdım, əl-üzünü yuyub apardım evə. Yıxılmağının səbəbini demədi. Sonralar öyrəndim ki, yazıq qızları görüb tələsik evə qayıdıb ki, onun su gətirdiyini görməsinlər. Onda da ayaqları dolaşıb bir-birinə və yıxılıb. O gün onu da gördüm ki, Xuraman xala bir ana kimi özünü necə atdı Mahirin üstünə.

Mahiri qaldırdıq. Yüngülcə dizi sıyrılmışdı. Yazıq Mahir düz bir ay məni dindirib-danışdırmadı. Elə-belə, dilucu danışdırdı. İncimişdi ki, onu su gətirməyə qəsdən göndərməsəm, o da qızların yanında büdrəyib yıxılmaz, biabır olmazdı. Belə saf, səmimi idi dostum, Allah rəhmət eləsin!

Arzu dilimizdə qabar bağladı …

Bu acılı-şirinli xatirəni yada salmaqda məqsədim həm də kəlbəcərli günlərimizi unutmamaq, Xuraman xalanın özünün və qız balalarını necə başına toplayıb bir ana nəvazişi, qayğısı ilə (hətta, ailələlərini, nəvələrini də) yaşamaqdan zövq almasını oxuculara çatdırmaqdır.

…Bu da Kəlbəcərdən perik düşdüyümüz sonrakı illər. Kəlbəcərlilərin daşı atıldı ölkənin 56 rayonunun 700-dən yuxarı kənd-kəsəyinə. Ölən öldü, qalanlar isə yarımcan, xəstəhal Kəlbəcəri görmək arzusu dilində qabar bağladı. Kəlbəcərə gedən yollar sinəmiz kimi dağlandı: bircə bəndə yolçusu olmadı. Ölməz Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” şeirinə qabaq-qənşər mən də bir gəraylı yazıb internetdə (focebookda) paylaşmışdım. Şeirə münasibət bildirənlər arasında Xuraman xalanın nəvəsi də var imiş: Kəmalə Hacıyeva. Mən Kəmaləni Kəlbəcərdə uşaqikən görmüşdüm. Elə elektron dünyanın imkanları bizi virtual olaraq qarşılaşdırdı. Nələri itirdiyimizi onunla bölüşdük. Anası, bacım qədər çox istədiyim Solmaz xanımın səsini eşitdim, üzünü də gördüm. Ailənin Bərdədə məskunlaşdığını öyrəndim.

Və bir gün kəlbəcərlilərin sevimlisi, mənim isə ana-bacım kimi gördüyüm, duyduğum, əllərindən çörək, xörək alıb yediyim, imkansız günlərdə evində, məhləsində gənc ailəmizə sığınacaq verib, balalarından ayırmayan Xuraman xala haqqında indiyə kimi bir sətir fikir, xatirə yazmadığımı özümə bağışlaya bilmədiyimi dedim. Məmnuniyyətlə, məlumat, şəkil-faktlar verdilər qızları Kəmalə ilə Şəlalə.

Kəlbəcər – həsrətin çəkdiyimiz körpəlik beşiyi

İlk həmsöhbətim də elə böyük bacı, Bakı Slavyan Universitetinin Filologiya fakultəsinin məzunu, Kəlbəcər 106 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi və Təhsil Nazirliyinin xüsusi təlimçi vəzifəsində işləyən Kəmalə xanım Hacıyevadır:

-Bilirsiniz, Kəlbəcərin əvəzedilməzliyini yalnız biz kəlbəcərlilər, yəni o cənnətdə doğulanlar demir. Orada doğulmayıb, həsrətində yaşayanlar da Kəlbəcər üçün qan-yaş tökür. Axı, Kəlbəcərin tayı-bərabəri (təbiəti də, insanları da) sərvət idi. Bu fikirin müəllifi mən deyiləm. Yaxşı yadımdadır. 1996-cı ilin aprel günlərinin birində Ulu Öndər Heydər Əliyev bir qrup kəlbəcərli ziyalıları qəbul edirdi. Orada Kəlbəcər haqqında çox dəyərli fikirlər səsləndirildi, əvəzedilməzliyi xüsusi vurğulandı. Xatirimdə qalan, sonralar isə müxtəlif kitab və məqalələrdən oxuduğum, yaddaşıma həkk olunan bu oldu ki, Ümummilli Liderimiz Kəlbəcərin insanlarını da təbiəti kimi sərvət hesab edirdi.

Kəmalə müəllimə ailədən, ata-anasından, Xuraman nənəsindən söz açmazdan öncə Kəlbəcərini – həsrətini çəkdiyi körpəlik beşiyində keçirdiyi günləri xatırladı. Yandı-qovruldu. Bəhməndən, Sücaətdən, Qəmkeşdən bənd-bənd şeirlər dedi. Sonra da keçdi Murovdağdan bu üzdə qələmi dərd yazan kəlbəcərli şairlərdən, buraxılan kitablarından danışmağa. Birdən yadına düşdü ki, bəs, nənəsindən, babasından… danışırdı axı. Beləcə, fikrinə körpü saldı. Döndük ailəyə:

-Hə, onu deyirdim axı. Böyük xalam Qələnfilin bir oğlu, beş qızı var, maşallah olsun. Hədiyyə nənəmin ilk nəvə hədiyyəsidi.Ondan sonrakılar isə Yasəmən, Mehparə, Təranə, Vüqar, Mehribandır. Vüqar Neft Akademiyasının bakalavr pilləsini, sonra isə magistraturanı bitirib…”

Telefonun o başında duyulan həyəcan

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində 13 ildir mütəxəssis kimi çalışan Şəhla xanım söhbətimizə qoşulur. Əlavə edir ki, Xuraman nənəsinin ikincii övladı anası Solmazdır: “…Anam Kəlbəcərdə Uşaq Xəstəxanasında tibb bacısı işləyirdi. Atam Möhübbət isə 2003-cü ildə Kəlbəcər həsrətinə dözə bilmədi, qəfildən dünyasını dəyişdi. Dörd bacıyıq. Bacım Yaqut ailəlidir, iki oğlu var. Kəlbəcər Rayon Aşıq Şəmşir adına Mədəniyyət Evində işləyir. Bacım Lamiyyə də ailəlidir: bir qızı, bir oğlu var, işləmir. Mən orta məktəbi bitirəndə ölkədə müharibə gedirdi, ali təhsil almaq arzuma çata bilmirdim. Nəhayət, gec də olsa, iqtisadiyyata qəbul oldum. İşimdən və xidmətimdən razıyam. Cənab Prezidentimiz İlham Əliyev demişkən, xalqa xidmət, vəzifəsindən asılı olmayaraq, hər kəsin borcudur…”

Kəmalə müəllimə bacısının fikirlərini davam etdirir: “Xalam Əsmər nənəmin üçüncü övladıdır. O, əczaçılıq texnikumunu bitirib, üç uşağı var idi: (bir qədər duruxur, telefonun o başında həyəcan duyulur. Hiss edirsən ki, kövrəlib, dili topuq vurur, nəhayət, o, göz yaşlarını silib sözünə davam edir) iki oğlu, bir qızı. Oğlu İlqar qəfil hadisə zamanı həyatını itirdi. Allah rəhmət eləsin dünyasını dəyişənlərin hamısına…”

Xuraman xalanın ömür yolunda qalan izlər

-Sahibə xalam gənclik illərindən Bakıda yaşayır, iki qızı, bir oğlu var,- Kəmalə müəllimə, dərindən köks ötürüb sözünə davam edir: – Həyat yoldaşı Miryusifi vaxtsız itirdi, çox cavan rəhmətə getdi. Amma xalam bu çətinliyin öhdəsindən tək və bacarıqla gəldi: üç uşağı ali məktəbdə oxutdurdu, ev-eşik, ailə-uşaq sahibi etdi. Bir şeyi də qeyd edim ki, xalam Sahibə ilə Xuraman nənəmin taleyində o qədər bənzərlik var ki. Nənəm də İsmayıl babamı vaxtsız itirib. Təkbaşına 5 qız böyüdüb, hamısını da oxudub ev-eşik sahibi etmişdi Xuraman nənəm. Mətanət xalam evin beşinci qızı olub. Nənəm ona həm ana olub, həm də ata. Uzun müddətdir ki, Kəlbəcər Rayon Mədəniyyət Evində işləyir. Üç qızı var. Onlar da ailəlidir. Hə, o, həm də nənədir axı, başını qatanları var…”

…Bu da Xuraman Hacıyevanın ömür yolunda qalan izlər. Beş qız balasının talelərinə yazılanların heç də hamısı ürəkaçan olmayıb. Biz də o qəmli notlara toxunmadıq. Mənnən həmsöhbət olan hər iki nəvəsi sevib-seçdikləri peşələri ilə nəinki analarına maddi dəstək olurlar, həm də xalqımıza xidməti özlərinə mənəvi borc sayırlar. Özgə nələri var ki?! Kəlbəcərlilər yerində olsaydı, onlar da bəxt-talelərindən könülaçan fikirlər söyləyər, daha dərd yumağı sarımazdılar ki.

Şəhla xanım Yaradanın yazdığı qismətə tale payı kimi baxır. Tanrısına daha çox sığındığını deyir. İnanır ki, əvvəl-axır Kəlbəcər erməni dığalarından azad, Dilqəmlə Şahbaz əsirlikdən xilas ediləcəklər. Qıldığı namazında etdiyi duaların ilkini Kəlbəcərin Tanrı tərəfindən azad olunmasıdır.

Hicran, ayrılıq və vüsal yaşları…

.. Bu qızların hər ikisi ilə anaları Solmaz xanım qürur hissi keçirdiyini deyir. Elə qız balalarının hamısını da nəzərdə tutur. Xuraman xalanın el-oba arasında seviləsini əziz və xoş xatirə kimi yaddaşına yazıb:

-Anamızın Kəlbəcərdə necə sevildiyini gördükcə, vallah, qardaşsızlıq ağrısını unutmuşduq. Qardaşlı bacılara heç vaxt həsəd aparmadıq. Çünki elə qardaş-bacılar görürüdük ki… Anamızın kitablarla keçən ömrü örnək idi. Atamızı erkən itirmişdik. Ailəmizin bütün kişi qayğıları da anamızın üstündəydi. Ona görə biz daha da məsuliyyətlə oxuyur, gələcəyimizi qurmaq üçün öz imkanlarımızdan istifadə etməli idik. İllər gəlib keçdi. Anasızlıq ağrısını da yaşayası olduq. Bu az imiş kimi, Kəlbəcərimizi də itirdik. 30 ilə yaxındır ki, Kəlbəcər həsrəti ilə sabahları açır, Tanrıya yalvarırıq ki, bizim qalanımızı heç olmasa qəribməzar eləməsin. İnanırıq ki, o gün gec-tez olacaq: ağlaya-ağlaya Murovu bu üzə aşan kəlbəcərlilər vüsal yaşları ilə də o tərəfə yol başlayacaq…”

Ayağı çisginli, başı dumanlı,

Gəzmək istəyirəm o dağı bir də.

Bulaq nəğməsinə qarışa səsim,

Qımışa qönçənin dodağı bir də.

Qaranquş qayıda qura yuvasın,

Duyaq bir doyunca bahar havasın.

Çəkəm o dağların cövrü-cəfasın,

Olmaya ağzımda dad ağı bir də.

Duman ötə, zirvələrə, çən gələ,

Dünya mənə səma kimi gen gələ.

Alça tumurcuğu açıla, gülə,

Bəzənə-düzənə budağı bir də.

Bu şeirlə qızlarla sağollaşıb ayrılırıq. Amma, xəyalımda Murovdağdır hələ də. Xuraman xalanın peşə və qəlb dostu olmuş, doğma bacılar qədər bir-birinə bağlı anam Güllərlə qardaşım İbrahimi Murovdağda axtardığım o müdhiş günlər dumanlı olsa da, canlanır. Daha yaza bilmirəm. Dilimin ucuna o dəhşətli günlərə yazdığım bir şeir gəlir:

Anam, sənə acı layla çalıram,

Gecələr sübhəcən, Güllərim mənim!

Qollarını boynuma da salıram,

Axır gözlərimdən sellərim mənim.

Qayıtmır baxışım qızdan-gəlinnən,

Gözlərim anamı arayır, gəzir.

Xəyalımda Murovdağdı hələ də,

Anam, yalın ayağını daş-qaya əzir.

Başdaşına söykəyəndə üzümü,

İsitmir yanağın axan göz yaşım.

Kim verə bilər ki, ana qucağın,

Qoyum dizi üstə ağrıyan başım?!

Məhəmməd NƏRİMANOĞLU,

Bakı, 31 avqust 2019-cu il

2 Replies to “Məhəmməd NƏRİMANOĞLU.”Unudulmuş unudulmazlar””

  1. Məhəmməd Nərimanoğlu imzası ilə doğmalığım uzun zamanın o tayından gəlir…Bu tanışlığı AzTv-də iş yoldaşım,Kəlbəcər həsrətini qəlbindən keçirib gözlərində şəkilləndirən,o yurdlara həsrətə cismi dayanmayan,ruhu şad olmuş Kifayət xanım əlaqələndirmişdi.
    …Sonra,2015-ci ildə Avrasiya Yazarlar Federasyonunun Antalyada keçirilən birinci qurultayında daha da genişlənmişdi.
    Şeirlərinə sazlı-sözlü dünyasına yaxından bələdçiliyim o tədbirdən sonra yeni bir müstəvidə genişlənmişdi.
    Məhəmməd müəllimin ruhunun dağlar ucalığından,zirvələr bulağından süzülən saflığını bir daha kəşf etmişdim öz dünyamda.Sadə,səmimi,pak…
    Heç kimə bənzəməyən.
    Yaradıcılıq ünsiyyətimiz bir-birinin qəlb çırpınışları,ruh paylaşımları olan söz kəşkəşanı ilə daha da doğmalaşmışdı.
    Beləcə,mənim”Ana dili” və “Morze əlifbası” şeirlərim haqqında paylaşımları digər qələm dostlarının da diqqətini çəkmişdi.
    Bu söz,şeir ünsiyyəti yazıya çevrilmiş, saytlarda və qəzetlərdə öz əksini tapmışdı.
    Bu böyük ürəyin təmənnasız dost fədakarlığı minnətdarlığımı ifadə edə bilməsə də,ürəklərin dost,qardaş dəyərini daha da artırmışdı.
    Məhəmməd Nərimanoğluna və onun təkrarsız yaradıcılığına yer ayırdığınız,haqqında duyğu paylaşımı etdiyinizə görə bir dost kimi mən də,minnətdarlığı bildirirəm.
    “Unudulmuş unudulmayanlar” başlığı ilə söz adamlarının könlünü tikməyə qərarlı insanlara uğurlar.
    Var olun belə bir gözəl təşəbbüsünüzə görə…

Comments are closed.