…Müqəddəs varlıqlardan biri – zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb.

Ana və Vətən!

Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

Ana ailəyə istilik, xeyir-bərəkət gətirir. Ana qardaşa bacı, həyat yoldaşına həyan, simsar, sirdaşdır. Ana yurddaşdır – yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdadır: baş tacıdır. Ana həm də el-obada ağbirçək – yolgöstərəndir…

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir

8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə diqqətlə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu bayramın qeyd olunmasının həm də qədim tarixi var.

Ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurda, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən bir ağbirçək obrazını xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Analar eyni olurlar…

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”

Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zəif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var – ANA! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birilərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar – gözlərinin nurunu, saçlarının qarasını, gecələrin bal yuxularını balalarından əsirgəmirlər. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir…

“Qəriblər ağısı oxuyan durna”nın vida nəğməsi

Bu fikirlər illərlə doğma yurduna həsrət qalan bir ananın son pıçıltılarıdır. 2005-ci ildə, “baharın gülşən çağında” bülbüllər cəh-cəh vurub ötəndə bağda biri də ahu-zar içindəydi, adı Güllər, güllərin ən gözəli-göyçəyi. Sinəsində söz cücərdən, simasından nur, qələmindən və qəlbindən lirik duyğulardan daha çox həsrət, hicran, nisgil, intizar, qəm-möhnət süzülən bir ananı deyirəm. Yuxusuz gecələrinin əsəri olan xalı-xalçalarda barmaqlarının izi, dildə-ağızda şirin sözü qalan Güllər Məmmədqızının ilk kitabının adından da görünürdü ki, qəlbinin göylərini qara bulud alıb. Ona görə də gözlərindən ağ yağış sellənərdi “Qəriblər ağısı oxuyan durna”nın – Güllər ananın! Kəlbəcərsizlyə dözə bilmədi: “Orda açıb, burda solan bir güləm” dedi oxucularına, radio dinləyicilərinə…

17 il Göyçə, Qarabağ… Kəlbəcər həsrətini böyütdü dərdli sinəsində. Misralarından boylandı yurd ağrıları. 28 ildən sonra “dəmir yumruq” düşmən başına enəndə, Qarabağı – Şuşası, Kəlbəcəri… azad ediləndə anamın da ruhu o gün sevindi…

“Qaytar ana borcunu”

Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri ilə od götürmələrini” dəyərləndirə bilmirlər.

Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S.Rüstəmin “Ana və poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?

Əli Kərimin “Qaytar ana borcunu” şeirində ananın gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına yalvarır ki, “gümanımı yanıltma…”

Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün!

…Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən, adilikdən ali kürsülərədək ucalan bir vətəndaş, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyricidir, toxucudur… Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, rəssamdır, səhnə xadimidir…

Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, ağır dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar!

Kim deyil ki, analar?! Sənət dünyasının sevilənləri sırasında, önündə gedənlərdirlər! O, adidir! O, alimdir, o, diplomatdır! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə şəhidlərimizin, qazi və Milli Qəhrəmanlarımızın anasıdırlar!..

Analar ölməzdirlər, əbədidirlər – şəhidlik zirvəsini qazanan oğulları kimi!

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”