Gənc ədəbiyyatşünas Sərvanə Dağtumas portalımızla əməkdaşlığa başlayıb. Onun bir neçə yazısını ardıcıl dərc etməyi planlaşdırırıq. İlk olaraq “Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər” yazısı diqqətinizə çatdırılır.
Xoyda yaşayan həmyerlimiz, yazıçı Araz Əhmədoğlunun yaradıcılığı gənc ədəbiyyatşünas olaraq, diqqətimi çəkdi. Yazıçının yaradıcılığının zirvəsini Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları haqqında yazdığı “Şahəsərin şahəsəri”(Yarımçıq əlyazma) və “İç-içə sirlər dünyası”(Sehrbazlar dərəsi) əsərləri təşkil edir. Yazdığı kitabları ilə Araz Əhmədoğlu Kamal Abdullanın romanlarına yaşadığı coğrafiyada sanki yeni bir nəfəs verdi. Bir oxucunun yazıçını tanıması, əsərlərini mütailə etməsi dünyagörüşünə, əlbəttə ki, təsir edəcək.
İlk növbədə “İç-içə sirlər dünyası” əsərinə nəzər salaq. Yazıçı əsəri şərh etmiş, süjet xəttini detallı izah etmişdir. “Yarımçıq Əlyazmada sirliliyin təməli ön sözdə qoyulur. Yarımçıq əlyazmanın fiziki görünüşü – kitabın bəzi vərəqləri yanıb mətnin aradabir qırılıb itməsi – özü oxucuya qatı açılmamış sirli bir dünyaya dönür. Oxucuya elə gəlir ki, sanki əlyazmalar institutundakı alim Dədə Qorqud Kitabının yeni əlyazma nüsxəsini tapıb… Sirlilik romanın Qorqud bölümünə keçərək, Bayındır Xan Qorqudu hüzuruna çağırıb Oğuzda bir casus olduğunu deyib Qorquddan bu məsələni çözməsinə yalnız kişi olmasını deməsi ilə ən gərgin duruma gəlir…”
Yazıçı romanın Dədə Qorqud və Şah İsmayıl qollarında romanda iştirak edən bütün obrazları analiz etmişdir. Roman-fantaziya janrında yazılan “Yarımçıq əlyazma”da Əhmədoğlu fantaziya janrına da toxunub: “Fantaziya romanda Qorqudun nur daşından kömək alması, onun işığında dincəlib yuxuya getməsi və
sorğularının cavabını yuxuda alması ilə ən estetik səviyyəsinə qalxır. Bu fantaziya şamanizm həqiqətlərinin dünyası ilə qarışdıqda daha maraqlı səhnələr yaranır. Qazan xan darda qalanda Qorquddan aldığı bir tükünü yandırır və o da bir göz qırpımında onların hüzurunda olur”.
Əsərin quruluşunu müəllif 3 hissəyə bölür:
1. Əlyazmalar institutu;
2. Oğuz xalqının mifik çağlarda yaşadığı olaylar;
3. Şah İsmayılın Çaldıran savaşı.
Araz Əhmədoğlunun digər kitabı “İç-içə sirlər dünyası” adlanır. Müəllifin bu kitabının quruluşu çox zəngindir. Burada da obrazların şərhinə, əsərdəki simvolların izahına geniş yer verilib. “İntiqam karmasının yaratdığı, dəhşətlə dağıtdığı dünyadan günahsız bir ruhu, bir insanı qurtarmaq, çoxluqdan oluşan birliyi yaratmaq üçün Ağ Dərvişin ruhu 2-3 şagirdin arasında paylanıb və balaca oğlan gəlməyincə Ağ Dərvişin ruhu təskinlik tapa bilmir… Sehrbazlar Dərəsində şans deyilən heç nə yoxdur, oradakı hadisələrin hamısı biri o birisindən yaranır, 2-ci hadisə 1-cinin məntiqli nəticəsidir… Öz anasını öldürən Məmmədqulu yalqızlıqdan, qaçaqlıqdan qurtulmaq üçün cəlladlığa üz tutur, bu, onun işlədiyi günahın nəticəsidir, işlədiyi günahsa atasının tapşırdığı intiqamın nəticəsidir. Karmanın gücü obrazların istəyindən, iradəsindən qat-qat güclüdür…”. Və ya “Sehrbazlar Dərəsi üçbucaq formasındadır – bir ruh, bir beyin, bir bədən… Romandakı sehrbazlar əslində sehrbazlar yox, həqiqəti kəşf edib insanlara çatdırmaq istəyən bilginlərdir. Seyid Sarı ona görə Ağ Dərvişi öldürür ki, o, ilahinin sirdaşıdır və ilahi həqiqətləri başqalarına çatdırmaqdan çəkinmir. Seyid Sarı isə həqiqətin başqalarına çatdırılmasının kəskin düşmənidir, yəni həqiqətin düşmənidir…”
Yazıçı bundan başqa, əsərində qaçış və ya yorumlayıcı ədəbiyyat, “Çexovun tüfəngi” prinsipi, şaşdırma və ya sürpriz elementi, Freytaq piramidası, obrazların birbaşa və ya dolayısı təqdimatı, yastı və dəyirmi obraz, dramatik kinayə, ədəbiyyatda şəxsləşdirmə kimi başlıqlara yer verərək, zəngin məlumatlarla oxucunun dünyagörüşünü zənginləşdirir. Yazıçının hər iki kitabı oxucunu maarifləndirir, Kamal Abdulla yaradıcılığının dərk olunmasında oxucuya işıq tutur. Hər iki kitabı kitabxanalardan və ADU-dan əldə etmək mümkündür.
Müəllifə ədəbi fəaliyyətində uğurlar arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(22.01.2023)