Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz-layihə birinci yeri tutub
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş heykəltəraşlıq müsabiqəsinə yekun vurulub.
Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən işlər dəyərləndirilərək ilk üç yerin qalibləri müəyyən edilib.
1-ci yer – Natiq Əliyev
2-ci yer – Xanlar Əhmədov
3-cü yer – Kamran Əsədov
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün açıq müsabiqə 23 dekabr 2021-ci ildə elan edilmişdi.
Müsabiqənin şərtlərinə əsasən, 1-ci yeri qazanan müəllifin əl işi (abidə) ucaldılacaq, 2-ci və 3-cü yeri tutan müəlliflərə isə müvafiq məbləğdə pul mükafatı veriləcək.
Mənbə: https://azerab.az/