
Azərbaycanım
Torpağı-türbət
Suları-şərbət,
Günəşi məlhəm
Ayrılığı- qəm Azərbaycanım!
Aranı,dağı,
Tərlan oylağı,
Könlüm çırağı,
Qızılgül bağı Azərbaycanım!
Ana nəfəslim,
Qaranquş səslim,
Ellim, obalım,
Dağlar havalım Azərbaycanım!
Qızları dilbər,
Oğulları ər,
Odum,ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım Azərbaycanım!
«Yay nəğməsi»
Göy otların üstdə yatdıq,
Səhər quşları oyatdıq,
Quzeylərdə şehə batdıq.
Günəş bizim, ay bizimdir,
Bu səfalı yay bizimdir.
Qovduq əsən küləkləri,
Dərdik şehli çiçəkləri,
Seyr elədik şimşəkləri.
Günəş bizim, ay bizimdir,
Bu səfalı yay bizimdir.
Quşlardan əvvəl oyandıq,
Çayda çimdik, gündə yandıq,
Həftəmizi bir gün sandıq.
Günəş bizim, ay bizimdir,
Bu səfalı yay bizimdir.
Şirin dillim
Saçlarından tel əsəndə,
Telinə qurban olmuşam.
Dilin sözə tələsəndə,
Dilinə qurban olmuşam.
Təzə çıxan süd dişinə,
Qəh-qəhəli gülüşünə.
Tırıp- tırıp yerişinə,
Baxmışam heyran olmuşam.
Yanağının gülü solsa,
Könlün bir an tutqun olsa,
Bir ağrıyla gözün dolsa,
Mən ürəyi qan olmuşam.
Keçib getdi ayım, ilim,
Sən açıldın, qönçə gülüm,
” Ana” deyən gündən dilin,
Bəxtiyar insan olmuşam.
Mənim nənəm
Nənəm mənə çay tökəndə
Tez tuturam əllərindən.
Deyirəm ki, «Get nənə can,
Bircə dincəl, rahatlan sən.»
Hər gün bizdən əvvəl durub,
Atam, anam gedir işə.
Evdə qoca nənəmizə,
Köməkçiyəm mən həmişə.
Qar
Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.
Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar
Düm ağ geyindi çöl, düzən.
Səfalıdır bizim Vətən.
Fərəhlidir bu eldə qış,
Baharda gur yağan yağış,
Açıb düm ağ örpəyi
A yurdumuz bəzən-bəzən,
İlin bütün fəsilləri
Səfalıdır bizim Vətən.