Bakının möhtəşəm Ağ Şəhər bulvarı VİDEO

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Ağ Şəhər bulvarıdır.

Son illər sürətlə inkişaf edən Bakının görməli yerlərinə yeni bir ünvan da əlavə olunub – Ağ Şəhər bulvarı. Ağ Şəhərdən Xəzərə açılan mənzərələr cazibədarlığı və rəngarəngliyi ilə bir-birindən fərqlənir. Bakının Ağ Şəhər bulvarında yeni infrastruktur ən müasir tələblər səviyyəsində qurulub.

Bu bulvar bir vaxtlar “Qara şəhər” kimi tanınırdı və burada bir çox sənaye müəssisələri yerləşirdi. Artıq bir neçə ildir ki, “Qara şəhər”in sənaye siması keçmişdə qalıb və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verib. Ağ Şəhər bulvarı öz təkrarolunmaz cizgiləri ilə regionun lider paytaxtı olan Bakının yeni müasir mərkəzinə çevrilib.

Bulvarın ümumi uzunluğu 2,7 kilometr, sahəsi isə 33 hektardır. Bu geniş ərazidə sakinlərin və şəhər qonaqlarının rahat istirahəti üçün hər cür şərait yaradılıb. Bulvar boyunca yerləşdirilən futuristik və qeyri-adi dizayna malik dibçəklər, həmçinin əkilmiş ağac və müxtəlif bəzək kolları ərazinin ümumi estetikasını daha da zənginləşdirir. Rahat oturacaqlar, geniş gəzinti yolları və yaşıllıq zolaqları ziyarətçilərə sakitlik və dincəlmək üçün əlverişli şərait yaradır.

Ağ Şəhər bulvarının infrastrukturunun bütün elementləri ən müasir tələblər səviyyəsində qurulub. Bu layihə həm şəhərin ekoloji mühitinə müsbət təsir göstərir, həm də Bakı sakinləri üçün yeni, funksional və estetik baxımdan yüksəksəviyyəli ictimai məkan formalaşdırır.

Mənbə: https://azertag.az/