Xanım ANELA”NAĞIL DÜNYASI”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Qırıq-kəsik parçalar, balaca, bəzəkli, heç kəsə lazım olmayan oyuncaqlar, sınıq şüşə qırıntıları, duz, konfet və buna bənzər xırda şeyləri yığıb Masallıdakı bağımızda ağacların altında dayanardım.

“Buradayam… Məni eşitdiyinizi bilirəm. Sizə kömək eləməyə gəlmişəm,” – deyərdim.

Onların mənim səsimi eşitdiyinə inanırdım.

Onlar yerin altında idilər. Sehrli, zərli, işıqlı, çox balaca adamlar. Onların dünyasından tək mən xəbərdar idim. Onlar da məni sevirdilər. Dost idik. Və mən bilirdim ki, bir gün onların da mənə kömək edəcəyi vaxt gələcək. Onları gələcəkdə yazacağım nağıl qəhrəmanlarıma çevirəcəyimi isə bilmirdim.

Bəs nağıllar?

Hə, nağıl bilən hər kəsdən nağıl danışmasını xahiş edirdim. Kitablardakıları yox, yaşlı nənələrin bildiyi, hamının bilmədiyi, kitablarda olmayan nağılları. Ən çox da qonşumuz Bəsti nənənin nağıllarını…

Bu nağılları kiminsə uydurduğu heç ağlıma gəlmirdi. Bütün hadisələrin keçmişdə həqiqətən baş verdiyinə inanmaq istəyirdim. Sonralar isə nağılların haradan gəldiyini düşünməyə başladım. Kimlərdən, hansı zamanlardan…

Nağıllar haradan gəlmişdi?

Baxaq… Durham Universiteti ilə Lissabonun Nova Universitetinin alimləri araşdırma aparıblar. Müxtəlif xalqlara məxsus ən çox rast gəlinən 275 süjet seçilib və təxminən iki minə yaxın fərqli nağıl tipi üzərində işlənib. Bu süjetlər bir növ xəritə, daha dəqiq desək, nağılların “şəcərə ağacı” kimi qurulub. Həmin ağacın köklərinə doğru getdikcə sehrli hekayələrin haradan gəldiyini görmək mümkün olub.

Hər yeni budaqda nağılların sayı azalır. Yəni nə qədər dərinə getsən, hekayələr bir o qədər az, amma bir o qədər tanış olur. Məlum olub ki, bizə müasir görünən bir çox nağıllar əslində qədim yunan-roma və kelt mifologiyasına söykənir. Məsələn, “Cek və lobya ağacı” hekayəsinin izi bizi təxminən beş min il əvvələ aparır.

Yer üzündə ən qədim nağıl kimi isə “Dəmirçi və şeytan” qəbul edilir. Təxminən altı min il əvvəl yaranmış bu hekayə müxtəlif cəmiyyətlərdə dolaşıb, dəyişib, amma öz mahiyyətini qoruyub saxlayıb. Süjeti sadədir: bir dəmirçi fövqəltəbii güc əldə etmək üçün şər bir varlıqla razılaşır və bunun əvəzində ruhunu verir. Görünür, insanın güc arzusu və bunun bədəli haqqında suallar minilliklər keçsə də, dəyişmir.

Əvvəllər mənə elə gəlirdi ki, keçmiş nağıllar çox qəddar olub, ya da insanlar psixologiyaya indiki kimi önəm verməyiblər.

Bu, həqiqətən də elə idimi?

Xeyr. Tarixə baxanda anladım ki, bu qəddarlıq insanların uşaq psixologiyasından xəbərsiz olmasından irəli gəlmirdi. Sadəcə, o dövrdə uşaqlığa baxış başqa idi. Uşaq həyatın kənarında saxlanılan bir varlıq yox, onun bir hissəsi idi. Ölüm, aclıq, qorxu, itki gizlədilmirdi və nağıllar da bu reallıqdan qaçmırdı.

Üstəlik, nağıllar uzun müddət yalnız uşaqlar üçün yazılmayıb. Onlar böyüklərlə uşaqların birlikdə dinlədiyi hekayələr idi. Qorxulu səhnələr uşağı sarsıtmaq üçün yox, təhlükəni tanıtmaq, sərhədi göstərmək üçün vardı.

Bəs hər kəs nağıl yaza bilərmi?

Nağıl yazmaq sadəcə bacarıq və ya istedad məsələsi deyil. Nağıl yazmaq – nağıla inanmaqdır. Oradakı qəhrəmanların varlığını qəbul etmək, onları görmək, bəzən onlarla yaşamaqdır. Hətta böyüyəndə belə.

Nağıllar nəyimizə lazımdır və oradakı qəhrəmanlar kimlərdir?

Nağıllar sadəcə uşaqları yatızdırmaq üçün danışılan hekayələr deyil. Onların sadə görünən süjetlərinin arxasında dərin bir müdriklik gizlənir. Uşaqlıqdan “yaxşı” və ya “pis” kimi qəbul etdiyimiz personajlar əslində düşündüyümüzdən qat-qat mürəkkəb və maraqlıdır.

Bu obrazlar bizə hazır cavablar vermir. Onlar suallar yaradır, qorxularımızı, seçimlərimizi, zəif və güclü tərəflərimizi simvolik dildə danışır. Uşaq nağıl dinləyərkən bunu şüurlu şəkildə anlamır, amma hekayə onun daxilində işləyir, yerini tapır.

Bəlkə də nağılların gücü elə bundadır ki, onlar həyatı sadələşdirmir, sadəcə onu başa düşülən edir. Yaxşı ilə pisi qara və ağ kimi göstərir, amma oxucu böyüdükcə həmin rənglərin arasında saysız çalarları özü kəşf edir. Nağıl dəyişmir, dəyişən bizik. İllər sonra eyni hekayəni oxuyanda artıq başqa bir mətn görürük – uşaq vaxtı keçib getdiyimiz, indi isə dayanıb düşündüyümüz bir mətn.

Nağıl qəhrəmanlarına gəldikdə isə onlar hər zaman uydurduğumuz personajlar olmur. Bəzən real həyatdan götürülmüş insanlar da ola bilər, bəzən isə tamamilə xəyal məhsulu.

Düşünürəm ki, nağıllar yazan müəllifin əsas qəhrəmanı olmalıdır. Coan Roulinqin Harri Potteri, Roald Dahlın Çarlisi, Frank Baumun Dorotisi, Astrid Lindqrenin Peppisi kimi. Bu təkcə bir obraz deyil – yaddaşda qalan bir sima, müəllifin imzasına çevrilən bir varlıqdır. Oxucu qəhrəmanı gördüyü anda hansı və necə bir dünyaya daxil olduğunu anlayır. Bu artıq təkcə ədəbiyyat deyil, mədəni yaddaşdır.

Bir çox nağıllarda rast gəlinən canavar, qaranlıq meşə, itmək və ya tək qalmaq kimi elementlər uşağın sözlə ifadə edə bilmədiyi qorxuların simvoludur. Uşaq bu qorxuları nağılın içində görür və onlarla üzləşməyi öyrənir.

Psixologiyada, məsələn, nağıllar simvolik düşüncə üzərindən izah olunur. Uşaq hisslərini hələ anlayışlarla yox, obrazlarla dərk edir. Qorxu onun üçün “qorxuram” demək deyil – canavardır, qaranlıqdır, tək qalmaqdır. Nağıl bu dili bilir və uşağın daxili aləmi ilə onun öz dilində danışır.

Karl Yunqun arxetiplər nəzəriyyəsində nağıl qəhrəmanları insan psixikasının ümumi obrazları kimi qəbul olunur: qəhrəman, köməkçi, kölgə (pis obraz), müdrik fiqur. Uşaq bu obrazlarla qarşılaşaraq öz daxili konfliktlərini tanıyır. Məsələn, nağılda qalib gələn qəhrəman uşağa “mən də bacara bilərəm” hissini ötürür.

Uşaq psixologiyasında nağıl təhlükəsiz sınaq sahəsidir. Uşaq real həyatda yaşamaqdan qorxduğu vəziyyətləri nağılın içində yaşayır, amma risk olmadan. Buna görə də nağıllar terapevtik məqsədlə də istifadə olunur – qorxu, itki, ayrılıq, dəyişiklik kimi mövzular məhz nağıl dili ilə daha asan qəbul edilir.

Müəllif tərəfdən baxsaq, yazı prosesi də psixoloji bir mexanizmdir. Yazıçı yazarkən öz uşaqlığına, gizli qorxularına, tamamlanmamış hisslərinə toxunur. Nağıl bəzən uşağa yox, müəllifin özünə də şəfa verir. Eyni məndəki kimi…

Mənim əsas nağıl qəhrəmanım: Fərəh

Fərəh

Niyə Fərəh? Bunu çox az adam bilir.

BBelə deyim, bəzən küçədə, tanışın arasında, yaxud tamamilə yad bir mühitdə balaca bir uşaq görürsən və özünü görmüş kimi olursan. Bu zahiri oxşarlıq deyil, ruh məsələsidir. Onun baxışlarında öz uşaqlığını görürsən. Mən Fərəhi görəndə elə oldum. Onu hər görəndə sanki uşaqlığıma qayıdıram.

Bəlkə də bu, bir az mistik yanaşmadır. Amma Fərəhin gözlərində balaca məni gördüm və onun həyatına kiçik, sehrli toxunuşlar etmək istədim. Digər real qəhrəmanlarıma qarşı da belə hisslərim var, amma Fərəh sanki mənəm. Onu sevindirəndə özümü sevindirirmiş kimi oluram. Çünki o yaşda mənim sehrə, möcüzəyə, hər şeyin gözəl ola biləcəyinə inandıran bir toxunuşa ehtiyacım vardı. Fərəhin də var… Bunlar sözlə ifadə olunan hisslər deyil…

Fərəhin ruhundakı mərhəmət və işıq o qədər güclüdür ki, sanki dünyaya yetəcək qədər sevgini daşıyır. Ümid edirəm ki, bunu təkcə mən görmürəm. Harada oluramsa olum, nə qədər ki yazıram, Fərəhi sevindirməyə davam edəcəyəm.

Fərəh və əlfəcin Yumuş

Bəs mövzu haradan gəlir, necə yaranır?

Bəzən bir uşağın sevincindən, bəzən bir problemdən, bəzən isə bir nağılın içində bir neçə mövzudan.

Uşağın sözə baxmaması ilə başlayan hekayə birdən milli bir simvola bağlanır – meyvə, tərəvəz, adi bir əşya canlanır, danışır, yol göstərir. Uşaq özü-özünə nəticə çıxarır. Məncə, nağılın sehri də elə bundadır.

Qəhrəmanı tam təsəvvür edib beynində canlandırdıqdan sonra onun gələcək hərəkətlərini qurmaq daha asan olur. Çünki o artıq sənin üçün realdır. Onun nədən qorxduğunu, nəyə sevindiyini, səhv edəcəyi nöqtələri bilirsən. Hekayə özü axmağa başlayır.

Bəs nağıllar təkcə uşaqlar üçündürmü?

Elə düşünmürəm. Hələ də nağıllar oxuyur, cizgi filmlərinə baxıram. Bu, reallığın gərginliyindən qaçmağa yox, bəzən onu daha sağlam şəkildə qəbul etməyə kömək edir. Məncə, nağıllar insana hər şeyin hələ bitmədiyini xatırladır.

Nağıl yazmaq, nağıl sevmək, nağıl qurmaq – daxilindəki uşağı dinləməkdir. Çünki uşaqlıq yaddaşı insanın ən dürüst yaddaşıdır.

Ola bilsin ki, böyüdükcə sehrə inanmağı dayandırırıq. Amma yaxşı yazılmış nağıl bizə sehrin yox olmadığını xatırladır. Onu görmək üçün bir az dayanmaq, bir az qulaq asmaq kifayətdir.

Düşünürəm ki, 2026-cı ilə gəlib çatmışıqsa və içimizdəki mərhəmət, insanlığa sevgi hələ də qalıbsa, deməli, hər şeyin yaxşı olacağına ümidimiz var və nağıllardakı o sadə yaxşılığa hələ də inanırıq.