
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX ƏSR Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı
Tələbəlik ömrümüz başlayırdı. Xoş xəyallarla, qanadlı arzularla açmışdın o səhəri! Azərbaycanın müxtəlif yerlərindən gələn uşaqlar ilk dərsin başlanmasını gözləyirdi. Hamı bir-birinə yad nəzərlərlə baxırdı.
Doğma kəndindən ayrıldığım, ilk dəfə şəhərə gəldiyim üçün qərib bir adam kimi sıxılsam da, qəlbim böyük arzularla qanadlanırdı. Zənn edirdim ki, bu az yaşımda üzləşdiyim acılardan, itkilərdən sonra taleyim yəqin ki, bir daha məni ağır sınaqlara çəkməz. Qəbul imtahanlarına səylə hazırlaşmış, artıq üç imtahandan əla qiymət almışdım. Axırıncı imtahanı da yaxşı versəydim, universitetə qəbul olunacaqdım. Lakin həmin gün imtahan vərəqini itirdim. İmtahan komissiyasının sədri mənə yeni vərəq vermədi. Əvvəl prorektora, sonra rektora müraciət etsəm də, onlardan müsbət cavab almadım.
Zənnimdə yanıldığımı düşünə-düşünə naəlac halda pillələri enirdim. Ayaqlarım keyimişdi elə bil, ürəyim sıxılırdı. Birdən Həmid müəllimi gördüm. Gözlərimdə ümid işıqlandı, dodaqlarıma təbəssüm qondu. Ədəbiyyatdan imtahanı məndən professor Həmid Araslı götürmüşdü. Mənim cavabım onun çox xoşuna gəlmiş, biliyimi “əla” qiymətləndirmişdi. Ürəklənib salam verdim. Bəxtimdən Həmid müəllim məni tanıdı. “Nə olub, bala?” – deyə mənim qəmli olduğumu hiss etdiyindən həlim səslə soruşdu. mən başıma gələnləri danışdım. Həmid Araslı mənimlə birlikdə imtahan komissiyası sədrinin yanına gəldik: “Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin”. Bayaqdan ağzından “yox” sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini mənə uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdim. “Yaxşı” qiymət alıb universitetə qəbul olundum.
Özümə söz verdim ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürümü bildirim.
“İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki təşəkkürümü ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı bildirim”.
Tələbəlik illərimin əvvəllərində çətinliklərlə üzləşdim. Yataqxanada mənə yer vermədikləri üçün, kirayə ev tapıb orada qalmağa məcbur oldum. Maddi sıxıntı içində yaşadım, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirtdim. Lakin özümü sındırmadım. Qarşıma qoyduğum məqsəd üçün çalışdım. Zamanının ünlü alimlərindən, görkəmli sənətkarlarından, nəcib insanlarından dərs alırdım: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə
Mən dərslərimi səylə oxuyur, həvəslə yazırdım: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığım “Ağ saçlı qızın hekayəsi”ni oxuyub fikrini bilmək üçün Bəxtiyar müəllimə verdim. Bəxtiyar Vahabzadə mənim qələmə aldığım hekayəmi bəyənib kiçik bir dəyişiklik edərək bundan sonra yazacağım yazılarımı “Əlibala Hacızadə” imzası ilə təqdim etməyimi mənə tövsiyyə etdi.
Beləliklə, sevimli sənət müəllimimin məsləhətilə yazılarıma Əlibala Hacızadə imzasını qoydum. Universitet qəzetində “Mənim ilk məhəbbətim”, “Ömrüm təzələndi”, “Yada düşdü”, “Bir dəstə nərgiz” kimi lirik hekayələrim çap edildi.
Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdlarım bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər xətrimi istəyirdilər. Mən həmçinin Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdım Nahid Hacızadə ilə yaxın dostluq edirdim. Səmimi, təmənnasız dostluğumuz ömür boyu davam etdi.
Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış “Yada düşdü” adlı hekayəm şairin romantik çağlarına həsr olunmuşdu. – ilk məhəbbət, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi.
Tələbələr divara vurulmuş vurulmuş qəzet lövhəsinin qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: “Yada düşdü” hekayəsini bax, bu oğlan yazıb”.
Hamı ona qibtə ilə baxırdı.
O, beləcə hələ tələbəikən nəsrin keşmakeşli yollarına çıxıb, taleyini ömürlük sözə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycanın poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu”.
Müdriklər deyiblər: “İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə sahib olur”.
Müharibə illərində ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala kiçik yaşlarından zəhmətə qatlaşıb, həm işləyib, həm də oxuyub. Bəxtinə yaxşı insanlar, xüsusilə ömrü boyu unutmayacağı gözəl müəllimlər çıxıb. O, qayğılar, nəcib insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə müəllimlərinin etimadını doğruldub. Çalışıb ki, sənət müəllimləri Həmid Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri ilə ustadlarını sevindirə bilsin. Və buna hər zaman nail olub.
Gəl özünə “yetim” demə, amandı,
“Yurdu sevmək bir ayrıca imandı”.
Hər addımda hökm eyləyən zamandı,
“Var ehtiyyac tək zamana”, ay ustad!
Universiteti bitirəndən sonra respublika Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada “Fərruxi Yəzdinin poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin hərtərəfli elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsr böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.
Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazmışdı: “Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri artıq ona deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: “O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim”. Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu”.
Düz bir il sonra Əlibala Hacızadənin Fərruxi Yəzdi haqqında yazdığı monoqrafiya çapdan çıxdı. O, gündəliyinə bu sözləri yazdı: “Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!”
Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmış, elmi araşdırmalar aparmış, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmiş, eyni zamanda yazıb, yaratmışdır.
Yaradıcılığının ilk illərində sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşmiş, axtarışlarının bəhrəsi özünün ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə vermişdir.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış “İnam” povestindən başlayıb. Bu əsərində Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.
Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tənqidçi Əsəd Cahangirin “Milli belletrist nəsrin zirvəsi” hesab etdiyi, “oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən” “Əfqanıstan trilogiyası” (“İtkin gəlin”, “Əfsanəsiz illər” “Ayrılığın sonu yoxmuş”) əsərləri oldu. Mərhum tənqidçi Aydın Məmmədovun fikrincə, trilogiyanın ilk əsəri – iki gəncin uğursuz məhəbbətini iddiasız bir dillə nəql edən “İtkin gəlin”lə doğurduğu ümumxalq rezonansı baxımından qarşılaşdırılacaq yeganə roman Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan “Sabir gülür” kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı: “Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar”.
Beləliklə, Əlibala Hacızadə çoxsaylı oxucuların sevimlisinə çevrilmişdi. O, “Mən sözlərimin içində yaşayıram” xatirə-məqaləsində bu haqda yazırdı: “İtkin gəlin” roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın və mədəniyyətimizin dostu və təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
– Bəlkə sizin də bir şeyə ehtiyacınız var, maşına, mebelə! Utanmayın, deyin:- mən canla-başla yerinə yetirərəm.
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:
– Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, – deyir, – ancaq bir xahiş eləmək istəyirik: Bu yaxınlarda “İtkin gəlin” kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
Deyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra “İtkin gəlin” iki dəfə də hərəsi yüz min tirajla çap olundu və satıldı”.
Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi. Oxucuları müəllifi rayona dəvət etdilər. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.
“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın”.
“Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz ki, yazıçının öz sözləridir, onun ədəbi mövqeyini əks etdirir. Bu, Əlibala Hacızadənin yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətdir. O, həmişə həyata və insanlara yaxın olub, görüb müşahidə etdiklərini ümumiləşdirərək qələmə alıb, yazdıqlarını özündən uydurmayıb, həyat həqiqətini, gerçəkliyi bədii boyalarla, olduqca təbii, təsirli lövhələrlə təsvir edib. Bütün bunlar yazıçının gözləmədiyi halda, nadanların, qərəzli adamların dedi-qodusuna, müəllifin haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olub. Müsahibələrinin birində o bu barədə ürək ağrısı ilə danışıb:- “Təyyarə kölgəsi”nin ardı olan “Vəfalım mənim” romanı kitab halında çıxmışdı. Yüksək tirajla çapdan çıxan kitab tez bir zamanda satılıb qurtardı. Roman haqqında qəzetlər yazdı, tənqidçilər xoş sözlər söylədilər. Lakin sevincim uzun sürmədi. Yersiz hücumlara, böhtanlara məruz qaldım. Guya romanda həmin adamların obrazlarını yaratmışam. Hətta o zaman respublikanın baş prokuroru İlyas İsmayılova da şikayət ərizəsi ilə müraciət etdilər. Yaxşı ki, İlyas müəllim romanı oxuyubmuş. Və şikayətçilərə bildirib ki, romanda onlardan heç birinin adı yoxdur. Əgər özlərini orada görürlərsə, bu, müəllifin günahı deyil. Odur ki, müəllifə şər, böhtan atan şəxs kimi məsuliyyətə cəlb olunmalıdırlar.
Onlar qorxub prokurorluqdan əl çəksələr də, yazıçıdan əl çəkmirlər. Onun baş elmi işçi vəzifəsindən çıxarılmasına nail olurlar. Əlibala müəllim çalışıb öz iş yerinə qayıtsa da, qeyri-rəsmi qadağalara, süni maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır, əsərlərini nəşr etdirə bilmir. Ona elə gəlir ki, əsəblərini tarıma çəkən, səhhətini korlayan, ailəsinin rahatlığını pozan bu anonim qurama olaylar bitib-tükənməyəcək.
Keçdi günlər aylar ötdu dalbadal,
Qismətinə hər an düşdü qalmaqal,
Zaman səni çox eylədi halbahal,
Çəkdi çətin imtahana ay ustad!
Amma sən saydığını say, mütləq hakim zaman sözünü deyir, zəmanə – dövran dəyişir və çox şeyləri dəyişdirir. Uzun müddət əsərlərinin nəşrinə həsrət qalan yazıçının gözlərində elə bil ümid çırağı yanır və tez də sönür. Bəlli olur ki, indi kitab nəşr etdirmək üçün pul verməlisən, olmasa sponsor tapmalısan, yəni imkanlı adamlara ağız açıb, xahiş-minnət eləməlisən. Onun isə o qədər pulu yox idi, indiyədək heç kimə, heç zaman, ağız açıb minnət eləməmişdi, bundan sonra da eləməyəcəkdi, xasiyyəti belə idi. Odur ki, müsahibələrinin birində – “Mənim kitabımın kitabı bağlanıb”, – dedi. Ancaq dünya xali deyil. Kitablarını sevə-sevə oxuyub, istedadına, şəxsiyyətinə ehtiram bəsləyən imkanlı, xeyirxah, ziyalı insanlar özləri onu tapıb əsərlərini çap etdirmək istədiklərini bildirdilər, özü də minnətsiz, təmənnasız.
“Əvvəlcə Saatlıdan xeyriyyəçi Gülhüseyn Əhmədov bir kitabımın çap xərcini öz üzərinə götürdü. Qardaş-qardaşa kömək eləmədiyi indiki zamanda o, mənim 1-ci cildimi çap elətdirdi. Onun əli yüngül oldu. Daha sonra həmyerlimiz, Moskvada yaşayan iş adamı, xeyriyyəçi Gülağa Qənbərov əsərlərimin 10 cildliyinin nəşrinə başladı”.
Xeyriyyəçi Gülağa Qənbərov söz verdiyi kimi yazıçının 70 illiyi ərəfəsində əsərlərinin 10 cildliyinin nəşrini başa çatdırdı və kitabların təqdimatını yüksək səviyyədə təşkil etdi.
Əlibala Hacızadə haqqında respublikanın tanınmış alimlərinin dediklərindən:- “O, ömrü boyu gözütox yaşayıb, çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb” (Anar), “Öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub” (Bəxtiyar Vahabzadə), “Ədəbiyyat xəzinəsinin sahibi olub” (akademik Akif Əlizadə), “Zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb” (Ayaz Vəfalı), “Yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib.” (Sabir Rüstəmxanlı), “Ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub” (Fikrət Sadıq), “Yazıçı kimi onun dəyərini xalq verib” (Qabil).
Əlibala Hacızadə “Əsərləri”nin 1-ci cildinə ön sözündə yazıb: “Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad – yazıçı, ən böyük mükafat – oxucularımın mənə bəslədiyi məhəbbətdir və bununla həmişə fəxr etmişəm. Ayağımın altında kəsilən qurbanlar, “Qoy o kitabları yazan əlindən öpüm!” – deyən insanlar görmüşəm. Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə və Elməddin! – bunlar mənim qəhrəmanlarımdır – adını daşıyan qızlarımız, oğlanlarımız var. Və mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?”
Axır vaxtlar Prezident təqaüdü alanda yaxın dostu Nahid Hacızadəyə demişdi: “Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim”.
Müalicəsi uzun sürdü… Gündəliyində yazmışdı: “İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır…
Bir qara tabutda gətirəcəklər,
Üstümə dünyanın gülü gələcək”.
O, bu günü görmüşdü. Gül-çiçəyə bürüdülər məzarını. Kimlər? Gözləri nəmli oxucuları, etibarlı yazıçı dostları, həmkarları, yaxınları, sadə insanlar.
“Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz də gedəcəyəm,” – demişdi. Elə də oldu. Ancaq dünyaya gələndə ailəsi, yaxın qohumları sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanları – Əfsanələr, Elməddinlər, Nadirələr, təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.
Gül-çiçəyə bürünən məzarını dövrəyə alanlar sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: “Ayrı bir ölməzlik olur – öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam”.
… Günlər aylara, aylar illərə sığındıqca zaman-dövran dəyişdi. Və vaxtilə söylədikləri, yazdıqları çin oldu.
Əlibala Hacızadə sənətsevər insanların qəlbində yaşayır. İndi baba-nəvə olmuş Əfsanələrin, Nadirələrin, Elməddinlərin boya-başa çatmış övladları, əsərlərinin qəhrəmanları 90-nında “Üstünə dünyanın gülü” nü, təzə-tər çiçəklərini gətirirlər, unudulmaz, işıqlı xatirəsini əziz tutan qələm dostları, həmkarları, yaxınları, çoxsaylı oxucuları ziyarətinə gəlirlər, ürəklərinə təsəlli olan sözlərini xatırlayır, sanki həlim, həzin, həm də inam dolu səsini eşidirlər: “Ayrı bir ölməzlik olur – öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam”.