Lütviyyə ƏSGƏRZADƏ.”Dünyanın, insanın taleyi, xarakteri və psixologiyası rənglərin fonunda”

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

DÜNYANIN, İNSANIN TALEYİ, XARAKTERİ VƏ PSİXOLOGİYASI RƏNGLƏRİN FONUNDA

Həyatı, insanı, təbiəti bilmək və anlamaq üçün rənglərin də fəlsəfəsini bilmək, anlamaq şərtdir. Çünki təbiət Allahın aynalarıdır və aynalardakı rənglər də fəlsəfi mahiyyətdədir. Və doğulduğu gündən təbiətin sirli rəngləri ilə, Günəş işığının qızılı rəngi, gümüşü rəngli Ay ışığı, ulduzların cilvəli qırmızısı, çəhrayısı, səmanın və dənizlərin maviliyi, buludların boz rəngi, yarpaqların yaşıl, qurumuş otların sarı rəngi və s. ilə, həmahəng böyüyən insan, dima içində doğulduğu, böyüdüyü təbiəti dərk etmək arzusunda olub.

Mənə görə, rənglər göy cisimlərinin tacı, sakini olduğumuz Yer kürəsini isidən, bütün canlılara həyat verən, gündüzlərimizi işiqlandıran Günəşdən və gecələrimizi aydınladan Aydan, “ayın gümüşü rəngi”ndən başlayır. Hər ikisi rəngdir. Qızılı və gümüşü rəng. Eyni zamanda, gecə ilə gündüzün sərhəddini müəyyən edən qaranlığın Ayın gümüşü rəngi ilə işiqlanması və ya Günəşin dünyamızı işıqlandıran qızılı rəngli işıq seli…

Dünyanı hiss etmək, onun gizlinlərini anlamaq, gözəlliklərini görmək həm asandır, həm çətin. Gözəllikləri və bu gözəllikləri bizə bəxş edən rəngləri, onların bizə anlatmaq istədiklərini anlamaq üçün yetər ki, başımızı qaldırıb minbir rəngə bürünmüş göyə və bizi əhatə edən təbiətə nəzər salaq. Şəms Təbrizi Bağdadda olarkən görüşmək üçün Şеyx Əvhədəddin Kirmaninin yanına gеdir. Görür ki, Kirmani əyilib qarşısında böyük bir teştə (böyük dairəvi qab) baxır. Şəms soruşur: “Nə iş görürsən?” O, cavab vеrir: “Tеştdə aya baxıram”. Şəms isə cavabında dеyir: “Boynunda çiban yoxdursa, nə üçün ayı göydə görmürsən?”

Bu həmən Şəms-i Təbrizi idi ki, onunla tanış olana qədər böyük bir elm və din alimi kimi tanınan Mövlanə hələ yer aləmində idi. Mövlanə, Şəms-i Təbrizinin simasında “Allahın nuru”nu görmüş, birlikdə mənəviyyatın dərinliklərini kəşf etmişlər. “İstəyirsən ona bax, istəyirsənsə mənə bax, biz ayrı adamlar deyilik, o məndədir, mən də onda.” Bu birliyə Allah və İnsan, təbiət və insan  prizmasından yanaşmaq olar. İnsan içində təbiət və ya təbiət içindəki insan olaraq. Mövlanəya görə, bütün kainat eşq üzərində hərəkət edir, bütün mövsümlər eşq sayəsində dəyişir. İnsan-kainat, insan-Tanrı və təbiət-Tanrı münasibətləri eşq üzərində dövr edir”. “Xudanın sirlərini bəlli edən bir ölçü, bir vasitə, üsturlab” olan eşq yaşanan bir haldır, vəziyyətdir.  Mövlanə ilahi eşqi sayəsində ayrılığa sinə gərib birliyə çatmaq istədiyini belə izhar edir: “Dinlə, bu ney necə hekayət edir; ayrılıqlardan necə şikayət edir”. Nə gözəl müraciətdir: “Dinlə!”

Dinləmək, görmək, anlamaq… Bunlar təbiəti, onun sehrini anlamaq üçün insana lazım olan ən vacib şeylərdir. Bu müstəvidən yola çıxanlar çıxanların  kimisi gördüyünü dini müstəvidə, kimisi fəlsəfi yöndən, kimisi də rənglərlə açmağa çalışır. Hamısı dünyanı anlamaq cəhdləridir.

Yeri-göyü, Ayı, Günəşi, ulduzları, bütövlükdə təbiətdəki rəngləri görən insan görünəndən daha  çox şeyi, insanın xarakterinin təkcə ətraf aləmlə deyil, rənglərlə də uyğunluğunu görür. Fransız yazıçısı Mopassan yazır: “Rəngin bizim üçün nə olduğunu bilmək və görmək üçün gözləri olanlara verdiyi böyük sevinci dərk etmək əksər insanları necə heyrətə salardı!”

         Az öncə də bəhs etdiyim kimi, insan dünyanı da, insanları da içində olduğu  təbiətlə, rənglərlə görür, tanıyır. Rənglərdə həyatın hər üzü öz əksini tapır. Sevinc də, kədər də, ağ da, qara da. Bədbəxtlik də, xoşbəxtlik də… Anamızın laylası ilə mavini, “Məlikməmməd” nağılı ilə Ağ Dünya və Qara dünyanı,

eyni zamanda ağ və qara rəngin anlamını, “Göyçək Fatmanın nağılı”nda Fatmanı gözəlləşdirən çayların rəngi ilə qırmızı, qara, ağ və s. ilə başqa bir yöndən tanış olur. Hətta qara rəngin çalarları və fərqli-fərqli mənalar ifadə etdiyininı da ibtidai formada öyrənir. “Məlikməmməd” nağılındakı “Qara dünya” anlamında işlənən “qara” sözü (rəng), “Göyçək Fatmanın nağılı”nda Fatmanın gözəlliyinə rəng qatır. “Nağıllar dünyanın əvvəlində yaranır” və “hər şey nağıldan başlanır – əşyalar, onların içində gizlənən sirlər: “Nağıl mədəniyyətlərin, sivilizasiyaların uşaqlıq vaxtıdır, onlardakı cazibə kəşf edilməyib” (C.Yusifli).

“Nağıllar” kimi,  rənglər də dünyanın əvvəlində yaranıb, hətta dünyanın yaşıdıdır. “Hər şey nağıldan”, dünya rənglərdən başlanır. İnsanı heyrətləndirən, sanki bir nağıl kimi qarşımıza çıxan möcüzələrlə dolu olan təbiətdən başlayır. Təbiətdə heç nəyin təsadüfi  olmadığı kimi, yazımıza təbiətdən və rənglərdən başlamağımız  da təsadüfi deyil. Yazımızda Xalq şairi Rəsul Rzanın “Rənglər” silsiləsindən bəhs etməyimiz üçün bunu bir giriş olaraq qəbul etmək olar.

Rənglər deyəndə Rəsul Rza, Rəsul Rza deyəndə   ilk yadıma düşən vaxtı ilə misra-misra əzbərlədiyim, məktəbimizin bütün tədbirlərində yüksək bir pafosla söylədiyim “Lenin” poeması və  çox sevdiyim “Rənglər silsiləsi” olur. Təbii ki, rənglər silsiləsi ilə tanışlığım “Lenin” poemasından çox-çox sonra olur. Yaşıdım olan “Rənglər” silsiləsi tanış olduğum zamandan bu günə qədər zehnimdə, təfəkkürümdə əbədilik qazandı. Çünki “hər dəfə yeni ovqatla, başqa gözlə oxuduqca Rəsul Rzanın az qala bütün sənət növlərini sözə çevirməsinə, bu silsilədə birləşdirməsinə heyrət etdiyim” (V.Yusifli)  “Rənglər”də deyildiyi kimi, mənim üçün də “hər rəng adicə boya deyil”.

Anamın hələ 2-3 yaşlarından bizə inadla öyrətdiyi rəqəmlər və rənglərlə, hətta rənglərin mahiyyəti ilə tanışdım. Məsələn, anamın tez-tez işlətdiyi sözlər vardı: “qırmızı adam”, “üzü boz adam”və s. Təbii biz də maraqla adam sözünün önünə qoyulan bu sözlərin anlamını soruşardıq. Anam da səbrlə və bizim anlaya biləcəyimiz şəkildə anladardı. Anamdan və folklorumuzdan məlum olan xalq deyimlərinin fəlsəfi qaynağı üzə çıxarılan “Rənglər” silsiləsində isə rənglərin əsl mahiyyəti ilə tanış oldum.

R.Rzanını “Rənglər” silsiləsində xalq arasında gündəlik işlədilən “ağciyər adam”, “boz adam”, “qırmızı adam” və s. kimi ifadələri intellektual səviyyədə cilalanaraq poetik nümunələr olaraq bizə təqdim oludu. İlya Selvinskinin təbirincə desək, “Rənglər” silsiləsi “Rəsmdən” fəlsəfəyə doğru hərəkətdir”. Tarix boyu təbiət fəlsəfə üçün “xam material” rolunu oynayıb və təbiət içində var olan insan özü rənglidir.

Rəsul Rzanın “Dünya sərbəst şeirində yeni hadisə” sayılan “Rənglər” silsiləsi ayrı-ayrı rənglərin müxtəlif çalarları vasitəsilə həyatın və insanın dərin qavrayışlarının ifadəsidir.  “Rənglər”də hər misra bir mətləbi mənalandırır, rənglər xatirələr oyadır, insanın xarakterini və psixologiyasını əks etdirir. “Rənglər” silsiləsi ilə hamımıza məlum olan rənglərlə, rənglərin naməlum çalarlarını kəşf etmiş Rəsul Rza poeziyasında yenidən tanış oluruq. Məsələn, ağ rəng və onun çalarları:

Yuxulu körpənin təbəssümü.

Ümid.

Təmənnasız yaxşılıq.

Və ya ağ rəngin sevinc çaları:

Nənə qurşağı.

Vətən torpağı.

Çiçəkli bahar budağı.

Göyərçin qanadları.

Quzey qarı.

Bir körpənin südə bulaşmış üz-gözü.

Şorbaya yanböyür batırıb çıxardığı

qaşıqdan aldığı ləzzət.

Şübhələrin dağıldığı gün.

Dost əli.

Açılmış düyün.

İnsan adına layiq

işlər, işlər, işlər.

və ağ rəngin məhəbbət çaları:

Ömrün mənası.

Qəlbin aynası.

bahası və satım meydanı olmayan var.

Tək bir qəlbin qapısına düşən açar.

Anlayan, duyan

İnsan.

“İnsan adına yaraşan işlər” məsumiyyət, təmizlik, uğur, xoşbəxtlik, saflıq, işığın rəmzi olan (bəzən də matəmin) Ağ rəngdədir. Buna “Anlayan, duyan insan” da daxildir. 

Şairin fikri: “Gördüyümüzdən artıq görmək istəməsək, / Hər rəng adicə boyadır” – sözlərində yatır. Hər rəngi adi boya kimi deyil, dünya-insan-təbiətlə vəhdətdə görmək və rənglərin sehrini dərk etməkdir. Çünki  “rənglərin musiqi kimi ahəngi var”, dünyanın və insanın taleyinin, sevginin, nifrətin, ağrının, sevincin də rəngi var, gecənin, səhərin də rəngi var:

Rənglərin də musiqi kimi

Ahəngi var.

Ağrının, sevincin, ümidində

Rəngi var.

Düşündükcə açılır.

Əlvan səhifələri rənglərin

Canlanır gözümdə rəngi

Ömrün, mübarizənin,

Qəlbin, nifrətin

Gecənin, səhərin

Və insan taleyinin.

Və ya

Səpələnib hər yana

Dünyanın rəngləri;

Məhəbbət, nifrət,

Sevinc, kədər

Hərəsi bir duyum oyadır çiçəklər.

Çöllər çəmənlidir, dağlar qarlı.

Yuxum həyat dadlıdır,

Dünya baharlı.

“Bədii düşüncənin və intellektual qavrayışın vəhdətindən yoğrulmuş”  “Rənglər” silsiləsi Rəsul Rzanın şah əsəri sayılır. “Rənglər” silsiləsi tanıdğımızı sandığımız rənglərin bir başqa fonda (zəmində) və tonda (fərqli çalarlarla) və fəlsəfi mahiyyətdə təqdimidir. 

Qeyd etdiyimiz kimi, rənglər başdan-başa fəlsəfi mahiyyətdədir, amma rənglərin poeziyamızda Rəsul Rzasayağı təqdimi, fəlsəfi mahiyyətdə təqdimi ilkdir. Yaxın dostu Nazim Hikmətin dediyi kimi, “bu, poeziyada tamamilə özünəməxsus bir yoldur” və “özünü aşmaqdır”. “Rənglər” silsiləsində şairin  rənglərin fəlsəfi mahiyyət kəsb etdiyini vurğulaması, “mətləb və mühakimələri”  düşündürücüdür. R.Rzanın düşünərək kəşf etdiyi və intellektual səviyyədə yoğuraraq təqdim etdiyi rənglər oxucununu da düşündürür. Tanıdığımızı yenidən tanımağa, bildiyimizi yenidən öyrənməyə sövq edir.

“Özündən sonrakı, yeniliyə can atan Azərbaycan seiri üçün uvertüra sayıla bilən “Rənglər” silsiləsi” haqqında bir-birindən dəyərli məqalələr yazılıb və bu məqalələrdə dəyərli fikirlər yer alıb. Məsələn, “Rəsul Rza poeziyasında xüsusi yer tutan “Rənglər” silsiləsindəki şeirləri bütövlükdə rənglər haqqında poema da adlandırmaq olar” (akademik İ.Həbibbəyli). “Rənglər” Azərbaycan şerindən dünyaya açılan ilk pəncərələrdən biri idi” (V.Yusifli). “Doğrudan da, 60-cı illərdə yazılan bu silsiləyə sadəcə modern şeir kimi qiymət vermək azdır, bu silsilədə həyatı dərk etmək prosesi var. Həyata fəlsəfi aspektdən yanaşmaq tərzi var” (Pərvin). “Rənglər” tək R.Rza yaradıcılığında deyil, ümumilikdə milli poeziyamızda rəngi heç vaxt solmayan: sənətdə solmayan, dildə solmayan, yaddaşlarda solmayan möhtəşəm söz abidəsidir” (Z.Məmməd).

Təbiətdəki bütün rəngləri sevsəm də, “boz” rəngə antipatiyam var, çünki “üzü boz” adamalrı sevmirəm. Halbuki dünya söz sənətinin korifeyi, alman şairi  Höte nəzəriyyəni boz adlandırır və Hötenin dünyasında hər bir rəngin öz mənası vardır.

Bu fikir bu gün də aktualdır və rənglər həyatımızda əhəmiyyətli rol oynayır. “Düşüncə və davranışımıza təsir göstərir, əhval-ruhiyyəmizi idarə edir”. İnsan həyatının ayrılmaz bir parçası olan rənglər haqqında Rəsul Rzanın qənaət və düşüncələri bunu bir daha təsdiq edir: “Rənglərin hərəsi bir sınaqla bağlıdır. Biri həsrətimizi xatırladır, biri dərdimizi, biri arzumuzu. “Qara matəm rəmzi də ola bilər, məhəbbət rəmzi də, nifrət rəmzi də”…

Namərd düşmən.

Şüurdan gizlənmiş qorxu.

Əbədi ayrılığın ağrısı.

Yaşamaq üçün sürünənlərin çoxu.

(Şikəst olub sürünənlər xaric)

Ağ yalan.

Dodaqları yandıran ah.

Edam gününə açılan sabah.

Ləkəli sözlər.

Gözlərin alovu.

Saçlar, qaşlar.

Qaranəfəs olmuş ceyranın əti.

Qeyd edək ki, “Rənglər” silsiləsindəki şeirlər yazıldığı illərdə, birtərəfli qarşılanmır, bir sıra mübahisələrə səbəb olur. “Şairin poetik niyyəti, estetik fikri başa düşülmür. Anlaşılmazlığın real əsası bundan ibarət idi ki, “Rənglər” müstəqim və səthi başa düşülür və qəbul edilmiş ədəbi qanunlara sığmadığına görə rədd edilirdi.Tənqidlərin əsas zərbə nöqtəsi bu idi ki, xalq bu cür poeziyanı dərk etmir, guya belə şeirlər xalqın ruhuna yaddır və qavrayış üçün çox mürəkkəbdir” (T.Abidin). Bir oxucu məktubda yazılan “Mavi”dəki sözlər diqqətə çəkilir: “Sezanın “Mənzərələri”, Deqanın “Rəqqasələri” və Van Qoqun “Günəbaxanı” mənə tanış və aydın deyil. Sonra məktub müəllifi soruşur: “Onlar kimdir?”.

Mavi…

Dalğasız dəniz.

İztirabsız məhəbbət.

Səmanın dərinliyi.

Deqanın “Rəqqasələr”i,

Körpə bir rəssamın çəkdiyi günəş.

Gözlərin dincliyi.

İnsan düşüncələri.

Maraqlı və təqdirolunandır ki, məktubun müəllifi T. Məhərrəmoğlu özü bu fikirlərə çox inandırıcı cavab verir: “Məgər onlar mənə məlum olmadığı üçün mən müəllifə irad tutmalıyam. Bunu etmərəm və bacarmaram. Əksinə gəlin onlardan xəbərdar olaq, yoldaşlar!

Belə misralar “Rənglər”də çoxdur. Məktub bu çağırışla bitir: “Buna görə də şairi qınamağa haqqımız varmı? Bu sətirlər bizim məhdudluğumuzu, dünyadakı çox şeyləri, hadisələri bilmədiyimizin,dünya görüşümüzün darlığını və bir çox başqa şeyləri bizə xatırladır. Gəlin öyrənək, oxuyaq, bilək”. Gözəl təklif və təqdirolunan çağırışdır. Deməli, insan daima oxumalı, öyrənməli, dünya ədəbiyyatında və incəsənətində baş verən yenilikləri izləməlidir. Rənglərin içində mavinin, sarının, qırmızının, qaranın, ağın – əsas rənglərin hər birinin öz təəssüratları vardır. Rzanın “Rənglər” silsiləsi oxucunu maariflənməyə, yenilikləri izləməyə təşviq edir.

“Avropa mədəniyyətində on doqquzuncu yüzilliyin sonlarında yaşayıb-yaratmış “impressionizm” cərəyanının nümayəndələrinin, onların əsərlərinin adının çəkilməsi R.Rzanın ruhən, həm də üslubca bu yaradıcılıq metodologiyasına yaxınliğı ilə bağlıdır. Bu üslub 19-cu yüzillikdə Fransada rəssamlıqda (E. Deqa və başqaları), musiqidə (K.Debüssinin yaradıcılığında), daha sonra ədəbiyyatda geniş yayılmağa başlamışdır. 20-ci yüzillikdə dünya incəsənətində, o cümlədən, Rusiyada rəssamlıqda, ədəbiyyatda da impressionistlərin yaradıcı fəaliyyətindən geniş söhbət açmaq mümkündür. Təkcə “Rənglər”də deyil, bütövlükdə R. Rza yaradıcılığında onun dünya mədəniyyətinin tərkib hissəsi olduğunu təsdiq və təsbit edən nümunələr çoxdur” (T.Abidin).

Sözsüz ki, “Rənglər” silsiləsindəki şeirlər fəlsəfi mahiyyət kəsb etdiyi üçün oxucudan da daima öyrənməyi, özünü maarifləndirməyi tələb edir. Və şairin bu tələbinə uyan oxucusu, Deqanın  (fransız rəssamı, impressionizmin banilərindən biri) “Rəqqasələr”ini, “Van Qoqun “Günəbaxanları”nı (Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun) və onların müəlliflərinin kimliyini öyrənir. Çünki  “Deqanın rəqqasələri”, yaxud “Sarı”nın “Debüssinin “Kürən saçları”, “Qızılı”nın “Van Qoqun “Günəbaxanları” məna araşdırması tələb edir” (Pərvin).

Mavinin çalarını izləyək:

Mərəzlərin ən dəhşətlisi:

mütiliyə bəraət hissi.

Yükü Təbrizdə qalmış dəvənin

bir gün gələcəyinə ümid.

Aldanışm şirin zəhəri.

Qızmar səhrada

qaratikan kolunun naxışlı kölgələri.

Evi damanların

qəlbinə süzülən

göylərin maviliyi.

Bir də,

insan adına yaraşmayan:

“Nə qəm!

Yaxşı ki, mən deyiləm!”

Göründüyü kimi, “Rənglər”in qəhrəmanı ilə oxucusunu eyni maddi-mənəvi mühit, eyni həyat, məişət, əxlaq və düşüncə tərzi birləşdirir. Burada insanların sevgi və nifrətləri, səbr və çalışmaları, etdikləri mübarizə və uğradıqları zülmlər, ədalətsizliklər də öz rəngində görünür.  Qaranın dərd çalarını izləyək:

Pərişan saçlar.

Titrək dodaqlar.

Sürət yolunda dəstəbaşı çolaqlar.

Söz eşidə bilməyən qulaqlar.

Sındırılmış puçurlu budaqlar.

Nəğməsiz dağlar

Kör bulaqlar.

Ovsuz ovlaqlar.

Odsuz ocaqlar.

Yaşamalı ölülər.

Ölməli sağlar.

Misralarda hisslərin, hisslərdə rənglərin həqiqəti vardır. Böyük bir ustalıqla seçilən sözlərlə “Qaranın dərd çaları”nın rəsmi çəkilir. Şəkillər oxucunun gözü önündən kino lenti kimi keçib gedir:

Arxadan vurulmuş bıçaq.

Bahalı buxov-qolbaq.

Tünd-mavidə gizlənmiş yaşıl:

Kiçiyin ögey qardaşı.

Günəş boyalı saçlar.

Cənublu ağaclar.

Suda boğulanın

pənah gətirdiyi saman.

Tək-tək insan

“Arxadan vurulmuş bıçaq”la namərdlik, qorxaqlıq arasında, qolbaqla buxov arasında, “Suda boğulanın pənah gətirdiyi saman”la ümidsizlik arasında məna bağlarını oxucuda fərqli duyğular oyadır. 

Şair,  “ilk baxışda anlaşılmaz və bir qədər də mücərrəd sözlərlə, ifadələri müəyyən bir rəng haqqında poetik təəssürat yaratmağa çalışsa da, bütöv mənzərədə hər şey bitkin görünür.  Məsələn, el  arasında psixologiyamızda çoxluğa qarışıb öz rəngini itirən bir təsəssürat yaradan boz rəng… Şairin poetik təqdimi diqqətçəkicidir: 

Cansız barmaqlar arasında

Sönmüş siqaretin uzun külü

Vağam güllər – selofana bukülu.

Sönmüş siqaretin uzun külü – təsəvvürümüzdə boz rəngin çalarını, Vağam olmuş güllər isə solmuş, rəngini itirmiş boz rəngdə canlanır.

Və ya

Soyuq tənhalıqdan

saçlarda qalmış gümüş.

Yetim bir qız uşağının

dəyişiksiz dizliyi

Vaxtın rəngsizliyi.

“Soyuq tənhalıqdan saçlarda qalmış gümüş (boz rəng)”, “yetim bir qız uşağının dəyişiksiz dizliyi” (rəngi getmiş dizliyin boz rəngi) insan taleyindəki boz anları və bir az da dünyanın boz üzünün təsəvvürü  yaranır.

“Rənglər” silsiləsində çox sevdiyim rənglərdən biri də “xurmayı” rəngidir. Anam hər zaman saçlarımı sığallayaraq, “mənim xurmayı saçlı qızım”, – deyirdi. Nədənsə, anam bu sözü “xurmayı” yox, “xurmeyi” kimi tələffüz edirdi.

Aydındır ki, “xurmayı” sözü xurma sözü ilə bağlıdır və xurma rəngli (açıq qəhvəyi) anlamındadır.

Səhrada dəvə karvanı,

Babamın zər naxışlı Quranı,

Müstəmləkələr,

Mübarizənin sönməyən alovu…

Torpağı yandırıb qovuran hərarət,

Təsəllisiz dərd.

Ağır salxımlarını

yaşıl yarpaqlar arasına alan,

ucaldıqca ucalan

fil xortumlu ağacların

kədəri çökmüş üzlər,

Gözlər, gözlər, gözlər.

Bu misralarda ilk diqqəti çəkən “Səhrada dəvə karvanı” və  “Babamın zər naxışlı Quranı” olursa, sonrakı misralar ictimai-siyasi mahiyyət kəsb edir. Əgər oxucu “xurmayı rənglə səhrada dəvə karvanı və zər naxışlı Quran arasında formal bənzəyişi dərhal hiss edirsə, sonrakı misralarda intuisiyanın köməyi ilə” (V.Yusifli)  şairin hələ o zaman müstəmləkə olan Afrika ölkələrini,  bu ölkələrdəki müstəmləkəçiliyə qarşı aparılan mübarizəni” xatırlatdığını anlayır. Şairin məqsədi də bunu, hələ də  müstəmləkələrin olduğunu və müstəmləkəçiliyə qarşı aparılan mübarizəni vurğulamaqdır. İlk baxışda “əşyaların, hadisələrin zahirindən daxilinə enmək, o əşya və hadisələrin bizə bəlli olan, görünən cəhətləri, xassələri vasitəsilə görünməyən cəhətləri üzə çıxarmaq funksiyası daşıyan” “Rənglər” silsiləsində müstəmləkəşilik və ona qarşı aparılan mübarizə, Cənub həsrəti kimi (Cənub ağacları) ciddi  ictimai-siyası məsələlərə toxunulur.

 Beləliklə, dünyada baş verən hər şeyin rənglərə və Rəsul Rzanın “Rənglər” silsiləsinə  dəxli var.  “Bədii sözün çox orijinal dil və təsvir elementləri ilə improvizə edilmiş  “Rənglər” silsiləsi dünyanın, həyatın, Azərbaycan xalqının milli, etnik, coğrafi varlığı, həyat tərzi, düşüncə mədəniyyəti, təfəkkür səviyyəsi, əxlaqi-estetik baxışlar məcmusu”, insanın taleyi, xarakteri və psixologiyasının rənglərin fonunda sözlə çəkilmiş şəkli, heç vaxt solmayan möhtəşəm söz abidəsidir.