GÖTÜRMÜR
Əsmə hər bir yarpaq üstə,
Bu ağac balta götürmür.
Yük olanı torpaq üstə,
Torpağın altı götürmür.
Nə sızlarsan, viran könlüm,
Öz içinə varan könlüm.
Dərdə könül verən könlüm
Başqa ovqatı götürmür.
Bıçaq kürəyə yol tapır,
Haram – çörəyə yol tapır.
Çat hər ürəyə yol tapır,
Ürək hər çatı götürmür.
Ölümü almam eynimə,
Əgər batmasa beynimə,
Dar ağacı, çox öyünmə,
Bu boğaz çatı götürmür.
ARXA DAN GƏLİR
Dərdi dərd edəndə dərdə çevrilir,
Ürəkdə boy atır, sərdə çevrilir,
Dərd var, öndə durur – mərdə çevrilir,
Dərd var, namərd kimi arxadan gəlir.
Haçandı bu çak-çak baş aparmayır,
Zirvənin gözünü yaş aparmayır,
Sel gəlib dərədən daş aparmayır,
Daşlar kövşək vurur, çarxa qan gəlir.
Qanqallar calanır yolumun üstə,
Tonqallar qalanır yolumun üstə,
Ümidim can verir qolumun üstə,
Mən candan oluram, xalxa can gəlir.
Tufandı, şimşəkdi, qasırğadı el,
Firon qulağında bir sırğadı el,
Buğdanın ətrinə yadırğadı el,
Bəs bu nə tamdı ki, arpadan gəlir.
Vaxtdı, qara ruhu odandan ayır,
Bəxtdə uduzanı udandan ayır,
Buyur bu şəfəqi o dandan ayır,
Suya şəfəq düşür, arxa dan gəlir.