getImage (4)

Günel GÜN
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvü

Günel GÜN (Lətifova Günel İzzət qızı) 1985- ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub. Bakı şəhəri F.Nəcəfov adına 266 saylı orta məktəbin məzunu olub. 2007-ci ildə Bakı Biznes Kooperasiya Universitetinin Maliyyə-Vergi Hüququ fakultəsini bitirib. Azərbaycan ,rus, türk, ingilis və digər dünya yazarlarının yaradıcılığı ilə tanışdır. 600- ə yaxın şeirin, 3 essenin və 1 dedektiv romanın müəllifidir. Musiqiyə olan həvəsindən dolayı 15-dən çox həvəskar bəstələri var, bəstələdiyi musiqilərin sözləri də Günel xanımın özünə məxsusdur. Bundan əlavə 2013 cü il aprel ayında Unisef və Gənclər Turizm Nazirliyinin birgə təşkil etdiyi ”Qısametrajlı filmlər”layihəsində, ssenarisi Günel xanıma məxsus olan “Səadət” filmi 3 yer almışdır. Günel xanım televiziya kanallarında dublyaj səslənməsində işləyir,Lider tv-nin efirində “Qida-mədəniyyətimiz”adlı layihənin baş redaktoru olmuşdur, eyni zamanda öz dilimizlə yanaşı rus, ingilis və türk dillərini bilir, şeirlərinin 200-dən çoxu türkcədir . Gənc şairəmizin yaradıcılığı fəlsəfi fikirləri ilə fərqlənir. Onun şeirlərində tanrıya inamı, həyatın fərqli hadisələrinə fərqli zəmində yanaşmasını sezmək mümkündür. Artıq Günel xanım “Günel Gün” təxəllüsü ilə oxucularını salamlamaq istəyindədir. Və bu ləqəbin izahını belə təhlil edir.”Hər yaradıcının fərqli dünyası var o dünya, kainatımızın günəşi ilə deyil öz günəşi ilə doğar və doğrular. Mənim dünyamı doğruldan günəşsə, məs adımdan sonra təxəllüsüm etibarilə doğan Gün ifadəsini təsdiq edən günəşdir. Ancaq bu təxəllüs mənim fikirlərimdə doğrulmasına baxmayaraq, öz ideyam deyil. Çox böyük və xüsusi hörmətim olan ,insanlığını çox sevdiyim, ən yaxın və ən əziz ifadələrini layiqincə qazanmış dostumdan hədiyyədir”.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

Düşüncələr.

Düşünürəm… bu anda mən nə görürəm?
Görmək hissi düşüncəyə aid deyil.
Düşüncədə hərflərdə samit deyil, sait deyil,
Düşüncənin sonuda heç sabit deyil!

Düşünürəm gün gələcək…
Bu sözləri yazan bamaqlar məhv olaraq gedecək.
Nəyinki bu barmaqları, bu vücudu, bu varlığı
Hər kəs yaddaşdan siləcək.

Bircə yad daş, görünəcək
Soyuq daşlar arasında
Rəsmi vardır daş başında
Ismi vardır başdaşında.

Tək bununla, o kimsənin kimliyi kim?
Xatirlərdə bilinəcək.

Düşünürəm … düşüncəmin soyuq düşüncələri ilə üşüyürəm.
Bəs bu nədir? Bəlkə yox olmaq qorxusu
Bəlkədə aşkar yuxusu, düşüncələr həyatimın
Tək cavabı, tək sorğusu,
Düşüncələr hisslərimin, söylədiyim sözlərimin
Vardır onlarda qorxusu.
Düşüncələr göz yumduqca yalnız görüntüyə gələr,
Onların məkanı dəniz, rəngi şəffaf, meyyarı su?

Yoxsa dənizlərmi verdi, düşüncələri bizlərə?
Ağlamaq hissi nə imiş biz hələ bilmirdik hələ
Dəniz düşüncəni verdi,düşüncə dərdə çevrildi,
Dərdsə qərq oldu gözlərə, deyə bilmədi sözlərə
Dərd yenə suya çevrildi, göz yaşları süzülərək
Bənzədilər üzdəki, qırışlar ilə yanağ dağından asaraq
Görünən dolğun sellərə,
Yenə sellər aşdı – daşdı, töküldülər dənizlərə.
Düşüncələri dənizlər, dənizlər verdi bizlərə..?
Düşüncələr ağıllını dəli edər.
Düşüncələr insanı öz – özü üçün zəlil edən
Düşüncələr vardan yoxlar, yoxdan heçlər
Düşünsən ki, düşüncələr gəldi – gedər
Dərin düşün! Düşüncəni, verən bizə, vermədiki düşün hədər.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Yaşamaq üçün hər günü maraq olsun təzə yeni.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Dərk edək biz yaradanı, dərk edək həvva – adəmi.

Həyat üstümüzə gəlir fərəhlə…

Həyat üstümüzə gəlir fərəhlə.
Bizsə gedəcəyik addımba-adım
Bu gün dalaşarsan daşla- kəsəklə
Dön! Və üzür istə addımba-addım

Dünən dili laldı, bugün gözü kor
Sabahsa qulağı eşitməyəcək.
Artıq pislikləri cin, şeytan deyil
onların yerinə insan edecək.

Kiçik bir uşağa sual verirəm,
Cavabında mənə “bilmirəm” deyir!
Atası örgətmiş yoxsa anası,
Ancaq bilirəmki bu belə deyil
Bugunki zamanda bugün doğulan,
Dündən bətinində şeytanlıq edir.

Dostum bu sözləri məcazi dedim,
Insanı gözü kor lal və kar dedim
Indidə izin ver dediyim sözün
Bildiyim qədərlə izahın edim.

Dedim:- gözü kordur demədim görmür
Sən bugün gördüyün o dünən görmüş
Elə bir əməllə durub qarşında
Sən sabahda onu görməyəcəksən
Bəlkə görə bildin ahıl yaşında.

Dedim:- dili laldı demədim dinmir
Sən dediklərinə o qulaq asır
Məgər bilmirsənmi ağıl hey susur
Danışanda yalnız hiylə danışır

Dostum deyəcəksən axı eşitmir
Mənim dediklərim hardan duyacaq.
Ona duyduğunu qulaqlar deyil,
Yenədə yenədə hiylə deyəcək.

Həyat üstümüzə gəlir fərəhlə
Bizsə gedəcəyik addımba- addım
Bugün dalaşarsan daşla kəsəklə
Dön! Və üzr istə addımba-addım.

Dostum bu dünyada hiylələr qurma
O dünyada yerin cəhənnəm olar
Daşı kəsəyidə incitmə, qırma
Rəbbim yaratmışsa haqqını sorar.

Qorxu

Keçmişdən bu günə bir sirrlə gəldim,
Içimi içimdə mən hər an yedim,
Həqiqəti dandım, dana bilmədim,
Qorxduğum fikirlər məndən qaçsa da,
Mən nə qədər qaçdım, qaça bilmədim.
Istədim söyləyim qorxularımı,
İstədim toplayım yaxınlarımı.
Istədim o qorxunc yuxularımı,
Qışqırım ətrafa səs-səda kimi.
Çiskin yağış kimi, coşqun çay kimi,
Canlı təbiətə açım sirrimi.
Nə qədər istədim aça bilmədim,
Sıçraya bilmədim, saça bilmədim,
Qorxular! Bəzən çox bəsitlər, bəzən dolğunlar,
Qorxular! Insanın beynini gəmirir onlar,
Qorxular! O aləmdə qalma, səni boğarlar.
Bir qorxu məhv olsa, biri doğular.
Mən nədən qorxuram, niyə qorxuram?
Bəlkə bunu bilsəm, mən heç qorxmaram.
Doğulub-yaşayıb, mən yox oluram,
Ən böyük qorxum da bu yoxluqdadır.
Elə bu səbəbdir mən hey qorxuram,
Müxtəlif qorxular sarır qəlbimi,
Müxtəlif şübhələr tutur dilimi.
Bir də görürəm ki, əyib belimi,
Artıq nə etsəm də mən heç qorxmuram,
Qorxumun yerinə günlər sayıram.
O anda bir şeyi dərk edir insan,
Nəyi dərk etmişsə, qanmışsa əgər,
Nələr yaşamışdır bu günə qədər.
Demə, qorxu imiş bunu səbəbkar,
Sevgi də qorxudur, nifrət də qorxu.
Dərk etmək də qorxu, iffət də qorxu.
Həyatda yaşamaq, var olmaq qorxu,
Ölümə hazırlıq, yox olmaq qorxu.
Bütün hissilərə sızmış bu qorxu,
Bəzisi anlayır, anlamır çoxu,
Elə bilirlər ki, ötər bir hissdir.
Elə bilirlər ki, zamanla keçir.
Bu qorxu insana nələri deyir,
Hətta düşmənin də hirsdən oyansa,
Qarşında acıqla, kinlə dayanssa.
Qəlbindəki qorxu daha qorxuncdur,
Onun dediyini düşmən deyəmməz.
Bax, budur! Qorxumdan hər an qorxuram,
Qorxumu özümə bəyan edirəm.
Qaçıram qorxumdan, hey qorunuram,
Nə qədər qaçsam da, hara gedirəm?
Yenə də özümlə, qorxumla birəm,
Qorxunun da azı, çoxu var, inan!
Ən böyük qorxumuz Uca Allahdan!
Tək qorxum budur ki, ondan qorxmağı,
Bir gün silər, alar kiçik ağlımdan.
Dua edirəm ki, uca Rəbbimə,
Bu müdrik qorxunu çox görmə mənə.
Qoy qorxu yaşatsın bir ömür məni.
Qoy qorxu səslənsin ömrün dilqəmi,
Qorxu – qəlbdə yara, dildə dil qəmi.
Qorxudan dərs aldım hər düşüncəmi,
Qorxuyla qazandım itirdiyimi.
Qorxuyla yaratdı, yaşatdı məni,
Qorxuyla bitəcək həyatın dəmi.
Unutma! Allahdan gələn qorxunu,
Unutma! əvvəli, nə də sonunu!