Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 15-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsini 2009-cu ildə bitirib. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. Şeirlərində sadəcə düşüncələrini qələmə alır…
“BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
“Sən şagird ol, mən müəllim”…
Gəl, sənə bir dərs keçim…
“Sən şagird ol, mən müəllim”…
Bura Gəncədir…
Yeri-yurdu gencədir…
Bilirsənmi? İndi Gəncə düzündə
Lalələr tək-tək bitir?
Lalələrin yanıq bağrı
Şəhid məzarlarındakı
qırmızı-qaralı lentlər fonunda itir…
Bilirsənmi? İndi Gəncədə
universitetlərin qabağında oğlanlar dəstə-dəstədir…
Dərs qurtarınca bu dəstəyə al-əlvanlıq qarışır…
Xan bağı “sevgililərlə” coşur-daşır…
Bilirsənmi?
Gəncədə hündürdaban ayaqqabılar yaman bahadır…
Burda qızların çoxu boyu bəstədir…
Burda insanların xəstəxanası var,
Amma, bilən yoxdur ki, ağaclar daha xəstədir…
Gəl, sənə bir söz deyim…
“Sən şagird ol, mən müəllim”…
Burda “çoxbilmiş” biri var…
Ayrılıqdan qorxaraq
açmamış solan çiçəklərlə
Gözündəki yaşları silmiş biri var…
Bu gün axtardım onu…
Gəncənin ən romantik küçəsiylə getdim…
Getdim “Keçmiş Sabir küçəsi”ni…
Orda neçə xatirənin bahar nəfəsini duydum…
Neçə ayrılığın ayaq səslərini eşitdim…
Axtardığım “çoxbilmiş”i,
Arzularından itmişi
Çantamdan çıxardığım kiçik güzgüdə gördüm…
“Apardı sellər Saranı”
Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…
Hardan düşdü yada? Hardan?
Axı unutmuşdun çoxdan…
Günahkarı ölən sevdan
Qınadı ellər Saranı…
Qorumağa söz vermişdin…
Elin dilindən demişdin…
Təkcə özün bilməmişdin,
Söylədi dillər Saranı…
Yatdın, Xançoban, yatdın…
Ömrü ucuzuna satdın…
İllərin o üzünə atdın…
Atmadı illər Saranı…
Demə ki, ürəyi daşdı,
Dərd çağladı, aşdı-daşdı…
Bəxtin kirinə bulaşdı
Yumadı sellər Saranı…
Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…