Efsane-B.-E.

TƏRCÜMEYİ-HAL

Əfsanə BAYRAMQIZI (Əfsanə Bayram qızı Ələsgərli) 1985-ci il dekabrın 29-u Bakı şəhərində anadan olub. 2003-cü ildə Bağça-Məktəb-lisey kompleksinin nəzdindəki 43-saylı liseyi bitirib. Elə hə-min il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 2007-ci ildə oranı fərq¬lənmə diplomu ilə bitirib.
2007-2009-cu illərdə Xəzər Universitetində beynəlxalq jurnalistika üzrə magistr təhsili alıb.2010-cu ildən “Xalq qəzeti”nin humanitar şöbəsində işləyir.
Dünya Gənc Türk Yazarlar Birliyinin layihəsi əsasında, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ankarada 2012-ci il-də işıq üzü görmüş “Bir kış günü vahşeti Hocalı” (“Eko Avrasya”) kitabının həmmüəlliflərindən biridir. Kitab Xocalı soyqırımından bəhs edir və Türkiyə türkcəsində çap edilib. Digər kitabı “Türksoylu xalqların elektron me¬dia kataloqu” 2013-cü ildə işıq üzü görüb.

Kaş ki…

Bir quş dimdiyində saman olaydım,
İsti bir yuvaya təpiləydim kaş,
Soyuq baxışlardan qaçıb könlündə,
Özümə bir ocaq çatan olaydım.

Bir çiçək olaydım, dizlərin üstə,
Yazda bənövşəni xatırladaydım,
İçinə çəkdikcə ətrini onun,
Könül həmdəmini yada salaydım.

Saçının bəzəyi qarı olaydım,
Düm ağ səpiləydim, şirnilik kimi,
Hər bəyaz saçını gördükcə sənin.
Ömrü mən sayaydım bir anlıq kimi.

Bir külək olaydım, əsib-coşaydım,
Səssiz ürəyini dilləndirərdim.
Budaqdan yellənən son yarpaq kimi.
Sənin ümidinə ümid verəydim.

Ömrünün ilk bəxti ola biləydim,
Bəxtimiz yoğrulub qarışardı kaş.
Tale yazısında qoşa xətt kimi.
Adımız yanaşı yazılaydı kaş.

Sevgi

Bir baxışla sevdiyini anlamaqdır sevmək,
Əllərini tutunca ürəyindəkiləri duymaqdır.
Xəfif təbəssümlə baxışmaqdır bir-birinə.
Zamanı gəldiyində güvənməyi bilməkdir.
Başını çiyninə qoyub “ölüncəyədək səninəm” deməkdir.
Ən son anda belə bu sevdanı ölümüylə də yaşatmaqdır.
Yovşan qoxulu dərələrdə azad yaşamaqdır sevmək.
Havanın saflığı, suyun duruluğu qədər təmiz qəlblə sevməkdir sevmək.
Çəmənlərin rəngli güllərindən sevdiyinə tac düzəltməkdir sevmək.
Onu bütün dünyanın ən gözəl şahzadəsi elan etməkdir.
Onu obaların ən güclü və mərd igidi saymaqdır sevmək.
Zamanı gəldiyində onu qorumaqdır, sevda yolunda şəhidlikdir sevmək.
Şəhid olub sevda yolunda ucalmaqdır Sevmək.
Sevənlərə, sevib sevda yolunda ucalanlara Eşq olsun!

Kədər fəlsəfəsi

Kədər..Uzaqlara boylanan ümidsiz baxışlarım,
Kədər… Küçə tinində duran dilənçinin son quruşu,
Bir ilahi bəndənin bir isti toxunuşu.
Kədər…Bir tənha məzar üstə dolub boşalan yağış,
Ölümün düz üzünə şillə çəkilən baxış.
Kədər…Sinəsində gəlincik qana boyanmış körpə,
Durub öpəsən bəlkə?
Kədər…Boş beşiyə zillənmiş bir ananın gözləri,
Pəncərəyə boylanmış kimsəsiz körpə qəlbi.
Kədər…Müdrikliyin son çağı və tənha divarları,
“Unudulmuşam” deyə doluxan baxışları.

Kədər…Sevgi dilənçisi tək qəlbləri soraqlayan sonsuz arzu və dilək.
Onun qədrini bilək.
Kədər…Bir tikə çörək üçün satılan dolu başlar,
Ziyalılar, aydınlar.
Kədər…Somalidə başmaq əvəzinə ümidsizlik geyinən uşaqlar,
Yemək əvəzinə qan qoxusu yeyən insanlar.
Kədər…Üzeyir və Natəvanın güllələnmiş heykəli.
“Bizi nə vaxt Şuşaya aparırsız”-deyən
Qulaqlarda səssizcə pıçıldayan 20 ilin həsrəti.
Kədər…