files

TƏRCÜMEYİ-HAL

Vasif ZÖHRABOĞLU (Mustafayev Vasif Zöhrab oğlu) 1986-cı il aprel ayının 19-da Şəki şəhərində anadan olub.1993-2004-cü illərdə Şəki şəhər Nur Paşa Hümmətov adına orta məktəbdə təhsil alıb.2004-2005-ci ildə ordu sıralarında hərbi xidmətdə olub.
Şeirləri “Zərif beytlərimiz” almanaxında, “Türk dünyası şairlər antologiysı”nda, “Söz odası” qəzetində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2014-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

Gozləməliydim

Artıq az qalmışdı qaranlıq düşə,
Yolları görməyə göz işləmirdi.
Ya sən gecikmişdin o gün görüşə,
ya mənim saatım düz işləmirdi.

Eh, necə şirindi o vaxti həyat,
Xoşbəxtlik başımın üstündə idi.
Bəlkə imtahandı bəlkə zarafat,
Bilmirdim gözlətmək qəsdin nə idi.

Arada təsəllin yetərdi dada,
Yenə də, ürəyə döz deməliydim.
Bir yolmu var idi, canim çıxsa da,
Mən axi sevirdim gözləməliydim.

Mənə bel bağlama

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.

Ömründə dəvətsiz qonaq bil məni,
Əbədi yanında qala bilmərəm.
Bu evdən, ocağdan uzaq bil məni,
Qəlbinin sakini ola bilmərəm.

Gedərəm həsrətlə sıxıb köksünü,
Axar göz yaşların kiriyə bilməz.
Gülüm, ayağından şikəst sevginin,
Əlindən tutsan da, yeriyə bilməz.

Ömrünə yeni bir sevgi soraqla,
Demə ki, bağlanıb bütün qapılar.
Saxla, ürəyində məhəbbət saxla,
Sənin də, üzünə gülən tapılar.

Yandır bu tilsimi, qır bu tilsimi,
Düşünmə əlində çıraq olacam.
Bəlkə də, yanından ayrılan kimi,
Kiminsə ömründə qonaq olacam.

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.

Bəxt ulduzum

Bəxtinə düşən ulduzam,
Qopar məni göy üzündən.
Gəl görüşək gecəyarı,
Apar məni göy üzündən.

Dadım şirin ləblərini,
Noğul kimi, nabat kimi.
Sinən altda ürək olum,
Yaşa məni həyat kimi.

Hicranını qıyma, gülüm,
Həsrətin dəli at kimi…
vurub eşqin qamçısını,
çapar məni göy üzündə.

Bəxtimizi birgə yazan,
Səni məndən soruşarmı?
Vüsalına ümüd etsəm,
Bu dərd məndən sovuşarmı?

Dünya sonsuz, göylər geniş,
Ulduzumuz qovuşarmı?
Bəlkə də, əkiz ulduzum
Tapar məni göy üzündə.

Kiriyərsən, qadası

Çoxu baxıb uşaq deyər yaşına,
Zaman-zaman böyüyərsən, qadası.
Bu həyatdı düşsən ömrün qışına,
Ört üstünü üşüyərsən, qadası.

Bu dünyada nə olacaq məramın? –
Qoy halala qarışmasın haramın.
Bütöv olsa Yaradana inamın,
Su üstündə yeriyərsən, qadası.

Yanmaq üçün çalışarsan, yanarsan.
Taleyinlə barışarsan, yanarsan.
Öz içində alışarsan, yanarsan.
Öz içinə əriyərsən, qadası…

Neçə yol gedərsən, yol dəyişərsən,
Bu dünyanın sonuna yetişərsən,
Öz əksinin tilsiminə düşərsən,
Bir gülüşə kiriyərsən, qadası.

Bahar qızı

Ömrümün baharı dönür nəhayət,
Sevən gözlərimin yuxusu gəlirş
Yenidən canlanır ölen təbiət,
Torpaqdan bənövşə qoxusu gəlir.

Məhəbbət üstündə qurulub həyat,
Sevməyən insanlar daş olur, ancaq,
Ovutmaz ürəyi ləl-cəvahirat,
Həyat sevdiyinlə xoş olur ancaq.

Sən bahar qızısan yaşıl geyimli,
İsti nəfəsin də günəş odu var,
Çiçəyin ətirli, meyvən yeyimli,
Şirin leblerinde vüsal dadı var.

Biz belə yaşadiq öten günləri,
Gör neçe fesiiller adladıq, keçdik.
Ömürden saymadıq itən günləri,
Payızda ayrıldıq, yazda görüşdük.

İndi bir yerdəyik, qoşayiq, gülüm,
Hələ ki, uzağıq hicrana, dərdə.
Hər ani bahar tək yaşayaq, gülüm,
Ömrü fəsillərə bölməyək bir də.

Hələ ki, ayrılıq havası deyil,
Qoymaram arzumu puç eyləyəsən.
Ürəyim qaranquş yuvası deyil,
Hər payız gələndə köç eyləyəsən…