1495484_497576120351809_180516868_n

Fərqimiz olsun

Fərqimiz olsun, günəşin nazına kövrələn buludlardan…
Yaz yağışına oxşayan nazlı umudlardan..
Biz, biz olaq
Qaranlığın gözündə buz olaq, donaq
Sayını bilmədiyimiz yarpaqların hər biri, digərindən fərqli isə
Hər yağış, qar dənəsi fərqli- fərqli bəzəyirsə dodaqlarımızı
Biz niyə eyni olaq ki?
Fərqimiz olsun, uca dağlardan
Yıxılanda yenidən qalxa bilək, əlindən tutaq başqa zirvələrin.
Ürəyimizdən keçsin sevdiklərimizin gedəcəyi yollar, gözlərimizdə açsın güllər- çiçəklər.
Fərqimiz olsun, dərələr boyu axan nəhirlərdən.
Bir yağmur çıxarmasın bizi yolumuzdan, yatağımızdan.
Vuraq özümüzü qayalara, əridək ürəklərdən kini, nifrəti.
Buludlar baş əysin, dağlar qibtə eləsin güllərin bizə olan sevdasına.
Fərqimiz olsun, uçan qartallardan, dumandan- çəndən
Fərqimiz olsun, sürünən ilandan, parçalayan qurddan.
Bir gül olaq, biz
Ətrimiz gətirsin gözlərimizə baharı
Bir yarpaq olaq, biz
Yuva quran Qaranquşun dimdiyində
Yüz il yaşı olan xan çinarın, sevgililərin həyanı qoca söyüdün budağında
Fərqimiz olsun, insan olaq biz
Fərqimiz olsun, biz olaq biz.