Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

Mir Cəlal Paşayev Azərbaycan Sovet ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. 20-ci illərin sonunda yaradıcılıq aləminə şeirlə gəlmiş yazıçı tezliklə istedadlı oçerk və hekayələri ilə tanınmışdır. Azərbaycan sovet nəsrinin inkişafı tarixində özünə məxsus yeri olan Mir Cəlalın əsas əsərləri rus və keçmiş SSRİ xalqları dillərində tərcümə edilmişdir.
Tələbəlik və müəllimlik illərində, Gədəbəy və Kirovabadda (Gəncədə) işləyəndə, Kazanda ali təhsil alanda, Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətinə,
sonralar respublika qəzetlərində işi ilə əlaqədar müxtəlif yerlərə gedib, müxtəlif adamlarla görüşəndə Mir Cəlal bir yazıçı kimi həyatı dərindən müşahidə etmiş,
öyrənmişdir. Buna görə də əsərlərinin həyat mayası həmişə güclü olmuş, oxucuları maraqlandıran mühüm suallara cavab vermişdir. Otuzuncu illərdə tez-tez oçerklərlə çıxış edib, həyatın nəbzini tutmağı bacaran yazıçı bir neçə səhifəlik yığcam əsərlərdə quruculuq əzəmətini, yaradıcı əməyin böyük gücünü tərənnüm edərək əmək zərbəçilərinin portretlərini yaratmışdır. Azərbaycan sovet hekayə janrının inkişafında ədibin mühüm rolu tədqiqatçılar tərəfindən dəfələrlə qeyd olunmuşdur.
Mir Cəlal görkəmli hekayəçidir, sovet ədəbiyyatında bu janrın istedadlı nümayəndələrindən biridir. Ədib yaradıcılıq dövründə Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov kimi yazıçıların adı ilə bağlı ənənələri davam və inkişaf etdirmişdir. Mir Cəlalın mövzu dairəsi genişdir. Onun hekayələrini iki qismə bölmək olar. Yumoristik-satirik əsərlərində köhnə adətləri, hələ də şüurlarda yaşamaqda olan xüsusi mülkiyyətçilik hisslərini, laqeyidlik və tənbəlliyi, bürokratizm və uyğunlaşmanı amansız tənqid atəşinə tutan yazıçı ilk hekayəsi “Həkim Cinayətov” dan başlayaraq, əsərlərinin mərkəzinə ciddi əhəmiyyətə malik ictimai problem qoymuş, xalqımızın böyük qələbələrinin zirvəsindən, nöqsan və kəsirləri kəskin tənqid atəşinə tutmuşdur.
“Anket Anketov”, “İclas qurusu”, “Təzə toyun nəzakət qaydaları” kimi onlarca hekayələrini buna aid etmək olar. Mir Cəlal lirik hekayələrində yeni insanı, onun yüksək mənəvi keyfiyyətlərini tərənnüm etməklə ciddi əxlaqi məsələləri qabaqcıl mövqelərdən işıqlandırmışdır.
Yumor və satira Mir Cəlal yaradıcılığının əsas xüsusiyyətlərindən biri olmuşdur. Onun ilk hekayələrində özünü göstərən, əsərdən-əsərə güclənən incə yumor böyük tərbiyəvi əhəmiyyətə malikdir. Ədib həyatın inkişaf sürətindən geri qalanlara, avamlığa gülür, yalançı və əliəyriliyi, şəxsi mənfəətini güdmək, xalq mənafeyinə laqeyidlik kimi nöqsanları amansız satira atəşinə tutur.
Böyük Vətən müharibəsi illərində yazıçının fəaliyyəti daha da güclənir. O, öz əsərlərində sovet adamlarının vətənə məhəbbət və igidliklərini, sədaqətlərini və qələbəyə inamlarını əks etdirən maraqlı hekayyələr yazmışdır. Müharibə illərində də o öz üzərində diqqətlə işləmiş, əsərlərinin sənəkarlıq səviyyəsinə xüsusi fikir vermişdir. Məhs buna görə də həmin əsərlər bu gün də əhəmiyyətini itirməmişdir.
Ədib Böyük Vətən müharibəsindən sonra hekayələrində həyatın müxtəlif sahələrinə toxunmuşdur. O, bütün dünya gənclərinin Leninə məhəbbətindən:- “Çin Qızı”, sovet adamlarının sülh uğrunda mübarizəsindən:- “Sülh istəyirlər”, Böyük Vətən müharibəsi iştirakçılarına qayğıdan:- “Əsgər oğlu”, – “Aqil İnsan” hekayələrini yazmışdır.
Realist ədib adi görünən hadisələri qələmə alarkən ümumiləşdirici, mənalı, zəruri təfərrüatları yerində işlətməklə canlandırdığı səhnəni genişləndirir, surətlərin hissləri ilə yanaşı ictimai əlaqələrini də açır. “İftixar” hekayəsində qoca müəllim iyirmi il əvvəl əlifba öyrətdiyi şagirdlərinin müvəffəqiyyətlərini, şəxsi xoşbəxtliklərini görüb deyir: – “ Mən inanıram ki,sizin ictimai xidmətiniz çox yüksək olacaqdır. Bizdə həmişə belə olur, tələbə müəllimini, şagird ustasını, övlad atasını ötür.
Yazıçı bir sıra başqa hekayələrində izlədiyi bu inkişafı sosyalizmin qanunauyğunluğu kimi göstərir və əsaslandırır. Mir Cəlalın hekayələri həyatilik, ictimai məzmunun güclülüyü, sənətkarlıq səviyyəsinin yüksəkliyi ilə diqqəti cəlb edir. Onun hekayələri inandırıcı surətdə göstərir ki, o ölkəmizin həyatında baş vermiş dəyişiklik və yeniliyin tərənnümçüsü, ehtiraslı müdafiyəçisidir. İncə bir həssaslıqla qəhrəmanlarının daxili aləmini açan yazıçı oxucunu mənəvi paklığa, yaradıcı əməyə çağırır. Mir Cəlalın “Subaylıq fəlsəfəsi” və “İnsanlıq fəlsəfəsi” adlı iki hekayəsinə nəzər salaq. Birincidə “Subaylıq sultanlıqdır” deyə özündən başqa kimsə haqqında fikirləşməyən, ictimai həyatdan, vətəndaşlıq borcunun icrasından geri çəkilən, ömrün mənasını hərcayi keyfdə görənlərin çürük “fəlsəfələrini” qəzəblə rədd edən müəllif, ikincidə insan əzəmətinin mənasını, ölməzliyini şairanə boyalarla həkk etmişdir. Bənna Baxış vaxtsız öləndən sonra iş yoldaşları ailəsini yaddan çıxarmır, özlərini namuslu əmək dostlarını kollektivin daimi üzvü bilir, oğlu Nadiri atasına əvəz hazırlamayınca, şəklini şərəf lövhəsindən götürmürlər. Yazıçı “tikənlər, quranlar nəslini” təmsil edənlər arasında insani münasibətləri alqışlayır. Mir Cəlal “Təsadüf ya zərurət” hekayəsində xalqlar dostluğunu tərənnüm edir, “insanlıq fəlsəfəsinin” hökm sürdüyü cəmiyyətdə inkişafı sovet həyatının qanunu, zərurəti kimi mənalandırmışdır.
Partiyanın XX qurultayından sonra Mir Cəlal yaradıcılığının əhatə dairəsi daha da genişlənmişdir, güclü satirik qələmi ilə o özünün bir neçə yazısını “Məzəli hekayələr” adı altında birləşdirməklə aydın münasibətini amansız bir kinayə ilə bildirmişdir. Zahirən XX əsrin mədəni adamı kimi geyinən, ancaq qohumunun məsul vəzifədə olmasından istifadə edərək, “vəhşi heyvan etinasızlığı ilə hərəkət edən” harınların, sözdə komsomol yürüşü kimi təşəbbüslərini alqışlayan, amma Bakıda qalmağa, işin asanından, vəzifənin böyüyündən yapışmağa cəhd edən, bu yolda çirkin vasitələrdən çəkinməyənlərin, gənclik qürurunu tapdayan, şəxsi mənfəəti olmayan yerdə salam verməyən yaltaqların, mədəniyyətdən kənar savadsızların, özündən bacarıqlı, hörmətli iş yoldaşının “dərisini soya bilmədiyi” üçün təəssüf edən vicdansız qəddarların hərəkətlərinə yazıçı qəzəblə gülür və labüdlüyünü inandırıcı verir. Onun “Gənc şairin ərizəsi”, “Səyyah xanım”, “Xarici naxoşluq”, “Qəbul imtahanl”, “Mənim səmimi dostum”, “Rola girib”, “İki qız bir oğlan” kimi hekayələri mühüm ictimai-əxlaqi məsələlərə həsr olunmuşdur.
Mir Cəlal özünün ilk hekayələrinin mövzusunu Azərbaycan xalqının inqilabdan əvvəlki həyatından almış, zəhmətkeşlərin hüquqsuzluğunu, azadlıq və sovet hakimiyyəti uğrunda mübarizəni real planda canlandırmışdır. Sosializmin qələbəsinin möhkəmlənməsi nəticəsində otuzuncu illərdə xalqın inqilabi mübarizə tarixinin qəhrəmanlıq səhifələrinə maraq artmışdır.
Yazıçı sözə insanın təfəkkür və hissinin, mədəni səviyyəsinin, hadisələrə münasibətinin ifadəsi kimi baxır. Yazıçının dilinin aydınlığı müdafiə etdiyi ideyanın aydınlığı ilə seçilir. Ədib həyatı, qələmə aldığı materialı yaxşı bildikdə təfəkkürü də aydın olur. Buradan da dilin və formanın aydınlığı doğur. Mir Cəlalın əsərlərinin, xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
A.S.Puşkin yazırdı ki, “dəqiqlik və qısalıq nəsrin ümdə ləyaqətidir, nəsr fikir və yenə də fikir tələb edir, bunsuz gözəl ifadə heç nəyə dəyməz”. – M.Cəlal bu fikri bəyənir və qiymətləndirirdi.
Mir Cəlal dilin sadəliyi, xəlqiliyi, dəqiqliyi uğrunda ardıcıl mübarizə aparan ədiblərdəndir.
Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. Yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çoxşaxəli sahələrin hər üçü yanaşı inkişafda bir-birini tamamlayıb zənginləşdirmiş və dolğunlaşdırmışdır. O, milli şifahi ədəbiyyatın, klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib, mahir hekayə ustası və romançı kimi yüksəlmişdir. Müəllifin onlarla hekayə və novellası, ədəbiyyatımızın qızıl fonduna düşmüşdür.
İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. Dövrünün ruhuna uyğun olaraq “Sağlam yollarda” (1932) adlandırdığı ilk oçerklər kitabında o müasir həyat və insanlarla bağlı müşahidələrini qələmə alırdı. Ədib sovet dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının, inkişafında böyük xidmətlər göstərmişdir. 30-cu illərdə ədəbiyyata “Mirzə”, “Həkim Cinayətov”, “Mərkəz adamı”, “Kağızlar aləmi”, “Təzə toyun nəzakət qaydaları”, “Bostan oğrusu”, “Kələntərovlar ailəsi”, “Anket Anketov” tipli dəyərli hekayələr gətirmiş Mir Cəlal tənqid oxunu hədəfə qarşı cəsarətlə yönəldə bilirdi. Özünə məxsus realist qələmilə savadsız mirzələri, başgirləyən müəllimləri, cinayətkar həkimləri, “nəzakət” pərdəsi altında çirkin simalarını gizlədənləri, bürokrat Anket Anketovları vəziyyət və şəraiti gerçəkliyində rüsvay edib, oxucuya tanıdırdı.
Mənfi ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan qardaşlar da, dəm-dəsgah hərisi və əsiri ər-arvadlar da müəllifin diqqətindən yayınmırdı. Onun gülüşə böyük əhəmiyyət verdiyi, komik duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ( “Müəllim”, “Qızıl Gəncə”, 1930) başlayaraq getdikcə güclənmişdir. “Kağızlar aləmi” və “Anket Anketov” da bürokratik iş üsulu və düşüncə tərzi tənqid-ifşa obyekti srçilmişdi. Rəisi olduğu trestdə adamları şəxsi ləyaqətinə, bacarığına, xarakterinə görə yox, “liçni delo” suna görə növlərə ayıran, canlı insanlara “iş qovluqlarının səyyar kölgələri” kimi baxan, hər kəsin tərcümeyi – halında “əmma” tapıb onu özündən asılı etmək istəyən Anket Anketov tipi kimi ümumiləşdirilmişdir.
Müəllifin əlvan mövzulu hekayələrində, müxtəlif sahələri, əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatları, dərin mətləbləri, aktual və gərəkli hadisələri həvəslə oxucuya çatdırırdı. Yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruh vardır, “Qonaqpərəst”, “Dost görüşü”, “Vicdan əzabı”, “Müalicə”, “Həkim hekayələri” (1938-1939) silsiləsində yazıçı yalnız mənəviyyatca yox, fiziki cəhətdən də sağlam adamlar yetişdirməyi vacib sayır, bədii əyaniliklə zərərli vərdiş, yalnız etiqad və əxlaqi naqislik hallarına qarşı çıxırdı. O, bəzən sərt, kəskin, bəzən də mülayim-yumuşaq, ayıldıcı-saflaşdırıcı gülüşə arxalanırdısa, bəzən də lirik –psixoloji motiv və məqamlara üstünlük verirdi.
Mir Cəlal ədəbiyyata “yeniləşən insan” surətləri də gətirdi. Əməkçi insanın, xüsusən Azərbaycan qadınının taleyi, fikri-mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi. Bu baxımdan “Dərgah qızı”, “Gözün aydın”, “Badamın ləzzəti”, “Nanənin hünəri” forma və məzmun xüsusiyyətləri, bədii detalları, müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi. Amma onlar əsasən sovet ideologiyası, sosialist varlığının tələb və vəzifələri mövqeyindən qələmə alınmışdı. Qadının yenilik axtarışları, hüququ uğrunda mübarizə cəhdləri, şəxsi-ictimai təşəbbüskarlığı sosial mühit və amillərin təsiri, yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.
1941-1945-ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəllaşdı, “Yollar”, “Anaların üsyanı”, “Vətən yaraları”, “Mərcan nənə”, “Hvalı adam”, “Silah qardaşları” kimi çoxlu hekayələr yazdı. Bunların bəzisində səfərbərlik ruhu və cəbhəyə yollanmaq əzmi əks etdirilirdisə, digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmışdı. Söz yox ki, Mir Cəlal da bütün ölkəni Vətən kimi qəbul edir, onun müxtəlif milli tərkibli ordusuna ümidlər bəsləyirdi. Ona görə əsgərin həm fiziki həm də mənəvi qudrəti aydın hiss olunurdu., “Vətən yaraları” o zaman böyük rəğbətlə qarşılandı, döyüşçülərin, “oxucuların əlindən düşməyən bir əsər” oldu.
Mir Cəlal hərbi-vətənpərvərlik mövzusunda yazdığı kimi, arxa cəbhə adamlarından, onların iş, arzu və qayğılarından, sevinc və kədərindən də həssaslıqla danışırdı. O, hekayələrində odlu publisistikaya, həzin lirikaya, bədii gülüşə də müraciət edirdi. Həyatla ölümün təzadından təsirli səhnələr də yaradırdı. “Anaların üsyanı” nda coşqun publisistika ilə təsirli lirika uyuşub birləşirsə,- “Xəbər-ətərsiz” də həm konkret hissi, həzin ahəngi, incə ruhu ilə səciyyəvidirsə “Ər və arvad” mənalı yumor və satira xüsusiyyətləri ilə seçilirdi…
Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə müraciət edir, seçdiyi mövzunu aydın baxışla işləyib bədii şəkilə salmağa can atırdı. “Od içindən çıxanlar” (1945) silsilə hekayələrində gözləri dəhşətlər görmüş insanlar haqqında söhbət açır, onların fədakarlığını, arzu və məqsədlərini işıqlandırırdı. Digər bir sıra hekayələrində isə müharibə siyasətini pisləmək, xalqın zülmə, əsarətə, haqsızlığa qarşı, sülh və azadlıq uğrunda mübarizəyə çağırış ideyası əsasdır.
Bu əsərlər içərisində “Badam ağacları” xüsusi seçilir və nəsrimizin qiymətli nümanəsi kimi diqqəti cəlb edir. Real fakt, mənalı təfərrüat və canlı xarakter vasitəsilə, möhkəm sujetdə təbii əks olunmuş hadisə və vəziyyət əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı. Ədibin realist üslubunu, təsvir-təcəssüm üsulunu əlvanlaşdıran bir keyfiyyətburada da gözlənirdi. Həyat faktının, ictimai hadisənin, mənəvi-psixoloji ovqatın inikası ideya-bədii məzmunun tələbi ilə əlaqədardır.
Tərbiyə problemi, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlalın yaradıcılığında xüsusi yer tutur. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında düşünən, zəhmət çəkən, yollar axtaran ata-anaları, baba-nənələri, müəllim-tərbiyəçiləri sənətkar məharətlə təsvir edir, çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı. Tərbiyə məsələlərində çalışırdı ki, quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə, həssas müəllim-yazıçı duyğu və düşüncələrinə əsaslansın. Diqqətəlayiq uğuru da o zaman qazanırdı ki, qabaqcıl mövqedən qələmə aldığı əsərində lirik fikirlə hissin, əqllə emosiyanın, bədii təfəkkürlə elmi mülahizənin, yazıçılıqda müəllimlik məharətinin vəhdətinə nail olurdu. Ümumiyyətlə, tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alırdı ki, onlar oxucunu düşündürüb, mənəviyyatca saflaşdırır, düzgün istiqamətləndirir, məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi., “Əsgər oğlu”, “Ulduz”, “Plovdan sonra”, “Nazik mətləb”, “Naxış”, “Vicdan mühakiməsi”, “Müdafiə vəkili” və.s. belə hekayələrdəndir.
İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai-estetik ideallarının özəyini təşkil edir, mənfiliyə qarşı mübarizə zərurətini də şərtləndirirdi. “Səyyah xanım”, “Xarici naxoşluq”, “Dil və əməl”, “Heykəl uçulanda”, “Rola girib”, “Oyana baxan”, “Məhəbbət, yaxud qəlp pul”, “Hesap dostları”, “Neçə cür salam var”, “Möhür və məhəbbət” hekayələrində, adlarından da göründüyü kimi, müəllifi daha çox həyatın neqativ halları, mənfilik və eybəcərliyin müxtəlif təzahürləri narahat edirdi. Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin dərki, məzmun və mahiyyəti ilə üzvi şəkildə bağlanırdı. Bir çox hallarda qarşılaşdırma üsulundan, bədii təzad və ziddiyyətlərdən məharətlə istifadə edilirdi.
“Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii yazırdı. Bu, onun üslub xüsusiyyəti idi. Bütün bunları başqalarına da tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və redaktə zamanı köməyini əsirgəmirdi”. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir Cəlalın əsərlərindən aldığı xoş, güclü, unudulmaz təəssüratın başlıca səbəbini, hər şeydən əvvəl, onun üslubundakı səmimiyyət, sadəlik və təbiiliklə bağlayır, bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək qiymətləndirirdi.
Mir Cəlal hekayələrindən birində kiçik məclis üzvləri arasında mühüm həyat probleminə dair başlanmış mübahisə və müzakirələri qocaman müəllimin dili ilə yekunlaşdırır, ürəkdə onları cəsarətlə, son dərəcə aktual səslənən düşündürücü, geniş mənalı nəticəyə gəlirdi. O, həmişə xalqın azad, xoşbəxt, mədəni, savadlı, intellektual səviyyəli və xoş güzəranlı görmək istəmiş, bu nəcib, ali arzu-ümidlə də fəaliyyət göstərmiş, yazıb yaratmış, əlindən gələni əsirgəməmişdir. Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi Mir Cəlalı daim ciddi düşündürmüş və əksər hallarda o məqsədinə nail olmuşdur.
Ədibin ruh yüksəkliyi ilə yazdığı hekayələri zəngin irsində mühüm yer tutmuş aktuallığını və müasirliyini qoruyub saxlamışdır. Mir Cəlal Paşayevin əsərləri indi də sevilə-sevilə oxunur, müasirlərimiz tərəfindən adı ehtiramla çəkilir.