Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Ötən günlərin şeri…

Elə xoşbəxtdilər küləklər…elə…
Yorulmur saçını sığallamaqdan.
Nə ola üzümə toxuna bir yol…
Baxıb həsəd çəkə çoxu uzaqdan.

Bir az mənim olsun qoy sizin küçə,
Bitim ağac kimi yolunun üstə.
Özüm gələmmirəm,barı uyusun
Gecələr xəyalım qolunun üstə…

Eh,qismət deyilmiş yanında olmaq,
Həsrətin sinəmdə təzə köz kimi.
Heyif,gözlərindən öpə bilmədim…
Öpüm dodağından şirin söz kimi.

Saçını gah yağış,gah da qar öpər,
Uzaqdan baxaram cızdağım çıxar.
Elə korun-korun yanaram altdan,
Axıra nə külüm,nə yağım çıxar…

Yol

Mən çoxdan çıxıb getmişəm,
Sən axtaran yerdə yoxam.
Ömür köhnə film deyil,
Darıxanda bir də baxam…

Həmişə getdiyim yolu,
Hər gün ilk dəfə gedirəm.
Qəmi məni qonaq çağırıb,
Bu axşam kefə gedirəm.

Üç addım yol qalıb,yüzün
Beşdə üçünə çatmağa.
Bir eşqə qul olsa könül,
Nə var ki Çinə çatmağa.

Mənmi yaxşı oynamadım,
Yoxsa oyun düz getmədi?
Düşdüm bir yolun ağına,
Ayaq getdi,üz getmədi.

Dərdi aşırıb çiyninə,
Min ildi yol gəlir hamı…
Günü yola saldın,getdi…
Qarşıla gələn axşamı.