Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Bu şeri 2017-ci ildə paylaşanda
qədərin belə olacağından xəbərsizdik.
Harda olsam,
mənə bir pəncərə verin,
bir ovuc göy üzü,
bir damla dəniz,
bir zərrə günəş…
ilıq şüaların işığında yuyunsun fikirlərim.
Harda olsam,
gözlərimdən baş alıb
getsin üfüqlər,
Baxışımı üşütsün dağların qarı,
könlümdə ləpələnsin
dənizin suları.
Harda olsam,
yuxuma layla desin anadilin səsi,
eyvanımı isitsin
ətcə balaları civildəşən qaranquşun nəfəsi.
Bir əlçim bulud da bəsimdi…
sıxım közərən həsrətimin üstünə.
Bir ömür yetər mənə,
ulduzları muncuq-muncuq
Iydə qoxulu bir gecə,
bir masa,
bir qələm,
bir ağ varaq.
Bir də
təzəcə doğulan
pişik balası kimi
gözləri açılacaq bir sabah…

Daha yadırğadım darıxmağı da,
Ötənlər,keçənlər yadıma gəlmir.
Kimsəsiz otaqda yanan tək şamam,
Uçub pərvanələr oduma gəlmir.

Elə unutmuşam gəldiyim yolu,
Özüm də bilmirəm harda itmişəm.
Yay günü səhrada azan bulağam,
Yoxda üzə çıxıb,varda itmişəm.

Payızdı…budaqdan son yarpaq düşür,
Üşüyür yol üstə bir tənha qovaq.
Qan sızan yaramı sarıyıb hər gün,
Ürəklə davadan necə çıxım sağ?

Qışqırsam,ünümü kimsə eşitməz,
Heyif…öz səsində batıb adamlar.
Qarışıb başları çörəyə,suya…
Elə ayaq üstə yatıb adamlar.

Gözlərim yuxuya hələ girovdu,
Hələ kipriymlə vaxtı sayıram.
Gümüşü əqrəblər qaçır divarda,
Dərdimi özümə pıçıldayıram…