ODLA–SUDUR UNU ÇÖRƏK ELƏYƏN…

Qalib gələr eşqdə ürək eləyən,
neçə canlar puç elədi bu sevgi!?
odla–sudur unu çörək eləyən;
yalan sözdür:”Tutmaz odla-suyunki”

Dəyişərək xarab etdik dünyanı,
indi həyat ara-sıra güldürür,
namaz üstə ilan vurmaz insanı,
amma,insan mərmi salıb öldürür!

Sarayların çoxu bağlı qapılı,
sayqıları görməmişdən umuruq,
söz veririk–dilmanc edib lalları,
oğrulara gözümüzü yumuruq!

Deyirlər ki:”Bəla yayıb yarasa”!!
daha olub Haqqı danmaq bir adət,
daddığımız nə cür tiryək olubsa,
neyniriksə ayılmayır bu millət!

Biri qaçır,biri güclə sürünür,
yaxın yollar uzaqlardan salındı,
sabahlarım dumanlarda görünür,
tufan,dağıt,duman yaman qalındı…

QIRIQ-QIRIQ…

Hamar yaşaya bilmirəm-
zamanım qırıq-qırıq,
qızıl başlı bir sünbüləm-
samanım qırıq-qırıq.

İçim Cəhənnəmdən betər,
cəfalarım gedər hədər,
istək nəyə ümid edər?
gumanım qırıq-qırıq.

Ömrün yolu-uzun örkən,
ya doğulma,ya öl erkən!
İstəmədim-kiçilməknən
yamanın qırıq-qırıq!

Vaxtın çönüb altı-üstə,
bitmədi etdiyim bəstə,
çörək kimi,dizim üstə,
kamanım qırıq-qırıq.

Deyir üzündəki həya:
“Ehtiyacın var qayğıya!”-
daha mənim,yetim dünya,
imkanım qırıq-qırıq!

Vahid ƏZİZ,nə tapdın sən
qazanmaqnan,itirməknən?
Haqq yolunda sürünməkdən
imanım qırıq-qıqıq…

30.07.2018.