DƏYİŞMƏ…

Eşqə düşən xırda ürək,dəli nər;
bəxtdən gələn qismətinlə deyişmə!
köhnə yurdun qədri sonra bilinər-
sınamadan yenisinə dəyişmə.

Pis soyular naşı qəssab astığı,
dua olmaz hən uləmə yazdığı,
baş qoyduğun ağ birçəkli yastığı
işvəlilər sinəsinə dəyişmə.

Bir turşməzə baxışından tez küsən,
bu dünyada hələ nəyi görmüsən?
el-obasız harda olsan-qəribsən,
yurdu şöhrət həvəsinə dəyişmə.

Ayırmasaq ucuzludan-bahanı,
şər əməllər xırdalayar cahanı,
halal olan “Abbasını”,”Şahını”
haram “altun” siftəsinə dəyişmə.

Tanrı vurar həqiqətlər böğanı,
gödək olar yalanların yorğanı,
komandakı pendir,çörək,soğanı
binəvalar süfrəsinə dəyişmə.

Mizrablarnan könül verər tel-telə,
Vahid ƏZİZ,yetər yandın bir belə!
görsən–həyat gah”elədir”,gah “belə”;
“eləsini”-“beləsinə” dəyişmə…

QƏLƏM…

Var ol ki,mənimlə çıxdın bu yaza,
indi bu yazı da yaz görək,Qələm!
aşıqlar güc versin sözə,avaza;
tar görək,kamança,saz görək,Qələm!

Hökmündə agaran saçın dənləri,
peşində ötüşən qaçdın günlərin,
sayı xeyli oldu namərd illərin,
neynəyib onlardan az görək,Qələm!?

Hər misran qəlbimdən süzülən gerçək,
qorxmadan nadandan,dedin-“Hücum çək!”,
qonaq da çağırsaq,mehman da getsək,
halal çörək görək,duz görək,Qələm!

Bəzən harayımız ərşə dayanıb,
eh,səndən o qədər tonqallar yanıb!
bədbəxt gözlərimiz elə yaranıb-
çətin ki,”əyrini”-“düz”-görək,Qələm!

Bilirdim-bəxtimə Tac olacaqsan,
fərq etməz-“tox”,yoxsa “ac” öləcəksən;
torpağa mənimlə gömüləcəksən-
başla,qəbrimizi qaz görək,QƏLƏM…

29,08,2020.