OLAYDI…

Oxu,bülbül,səngiməsin avazın;
qulaq asan O,tay ilə Bu,taydı,
nə olaydı–sahilləri Arazın
Kürdəkitək get-gəlişlı olaydı,

Geri dönməz yox olanlar,itənlər,
solar özgə kölgəsində bitənlər,
xoş günlərdə hökümranlıq edənlər
dar məqamda bir az “dişli” olaydı,

Vay o günə fürsət düşə əlinə-
qəddar olan xəncər taxa belinə!
sahib çıxıb yol göstərən elinə-
ədalətli göstərişli olaydı,

Əl ağacı aldatmaya korları,
Azan səsi yatırtmaya karları,
ilıq yellər tərpədəndə qarları
mən istəyən tərpənişli olaydı,

Mənə baxma,şeyda bülbül,sən oxu-
çin olmadı yozdurduğum çox yuxu,
hicran salan ayrılıqlar sonluğu
çal-çağırlı,şən gülüşlü olaydı,

Vahid ƏZİZ,heç olmazsa bu fəsil,
bəxtəvər ol-nə qəm yaşa,nə dərd bil,
bu,zay çıxdı,güzəşt edək–gələn il
bərəkətli,mərd yerişli olaydı…

19,12,2020.

KÖNÜL SEVSƏ,QIZ OCAĞI PİR SAYILAR…

Məhəbbətdən qız ürəyi odlansa da,
cavabında canlar üzən soraq gələr,
vədə alıb yar sözünə inansa da,
oğlan qəlbi ilk görüşə qorxaq gələr.

Göz gəzsə də bir dalda yer,xəlvət guşə,
nazlar satar ürək çəkən ilk öpüşə,
döyən bilər–qız qapısı tərsə düşsə,
ayağına o dağ düşər,bu dağ gələr!!

Kim qayıdar? Qız evindən”Əl çək” nədir?!
Elçi nə çox! Biri gəlir,biri gedir,
bu Məbədə sovqat üstdə çiçək nədir?
Yer üzündən güllər budaq-budaq gələr!

Ülviyyət var-nişanadək sirr sayılar,
yar qucağı Cənnət-məkan yer sayılar,
könül sevsə,qız ocağı Pir sayılar,
əzəl-sevgi,sonra-başa duvaq gələr.

Taleyinə bəxt ulduzu seçər qızlar,
pərvanətək işığına uçar qızlar,
kim deyi ki: “Yad evinə köçər qızlar”
ev qızındı,ata-ana qonaq gələr.

Bir söz də var: “Qız ağacı,qoz ağacı”-,
keşikçisi ata,ana,qardaş,bacı,
bir gözəl var–Taxtındakı Şair Tacı,
özgə elçi bu qapıya nahaq gələr…

04.07.2007.