“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

Tale məndən üz döndərib,
Geriyə gəlmək istəmir.
Bir gözü ağlar gedibdir,
Kiriyib, gəlmək istəmir.

Sən də taleyim kimisən,
Getdin, geriyə baxmadan.
Qalmadın, tələsik getdin,
Ömrün sonuna çıxmadan.

Axı sənin qəsdin məni,
Əridib yox etmək idi…
İstək, arzuya çatmamış,
Bu nə yersiz getmək idi?

Bəlkə məni həsrətinlə,
Öldurməyə can atırsan?
Səhv edirsən, böyük bir səhv.
Sən özünü aldadırsan.

Sənin məkrin, qüruruna,
Özüm baş əyməyim deyə,
Sözüm baş əyməsin deyə,
Gəlmədim mən hüzuruna.

Əksinə, söz qarşısında,
Sən acizsən, sınamışam.
Bu acizlik timsalında,
Mən özümü qınamışam.

Getdin, hər addım izində,
Bir xatirə yada düşdü.
Göydən “üç alma” gözlədik,
Payımıza o da düşdü.