
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
İldə neçə min kərə
Keçmişəm küçəmizdən,
Tutmuşam bərəmizdən;
Dikdaban ayaqqabım
Yerə yıxanda məni…
Torpağın sərin qatı,
Necə sehrli edib
Büst adlı bir palçığı,
Üst qatda gil çatlağı?!
Mənimsə bu gizlindən
Heç xəbərim olmayıb.
Neçə siçan qalxmayıb,
Yeraltı yuvasına?
Neçə asfalt üstünə
Şər, ölüm ləkə salıb?!
Bu küçə qan yuvası,
Tərləyib sinəsi də.
Burda dilənçi qarı
Xatirə danışmağa-
İtiləyib yaddaşın ,
Zilləyib neçəsinə.
Bu küçədə söz uzun,
Bu küçədə yol qısa.
İntihar kəndirindən
Qurumuş çörəklərdir
Özünü möhkəm asan.
Bu küçənin qızları,
Gözləri eşq görəndə
İlahiyə haqlanıb.
Saçlarındakı sancaq,
Qəlblərindəki közdən
Əriyib, qalaylanıb.
Bu küçənin falında
Qəhvə xıltı tünd çıxıb.
Arzusu acılaşan,
Neçə-neçə sakinin,
Ürəyinin altından
Sevgiləri mərd çıxıb…
Bir cavab yazın