Məmməd ƏBİLOĞLU.Seçmə şeirlər

ƏMİM DAVAYA GETDİ

Hərbin od yağışları
Yandıranda günahsız
Çiçəkləri, daşları.
Təəccüblü, qorxulu,
Məğrur , sərt baxışları.
O da vətən yolunda
Sinəsin sipər etdi ,
Əmim davaya getdi.

Söylədi : “Mən düşməni
Qoymaram ki, tapdasın
Yurdumu bir qarış da”
Onunçün də vuruşda
Axıtdı öz qanını,
Ürəyini, canını
Vətənə qurban etdi,
Əmim davaya getdi.

Əmimin oğlu qaldı
Gedəndə o, davaya .
Doğma elə , obaya
Deyərdi şən nəğməni.
Ah, bu uşaq qəlbini
” Qara kağız” kövrəltdi,
Əmim davaya getdi.

O dəhşətli günlərə
Yerin , göyün , aləmin
Dünya qəmi deyirəm.
” Əmi ” sözü dilimdən ,
Məhəbbəti qəlbimdən
Getməməkçün, bilin mən
Doğma əmim oğluma
İndi ” Əmi” deyirəm.

Kəlbəcər

Kəlbəcər, İstisu gözəl yermidir?
Ürək sual edir, qəlbim danışır .
Axan bulaqların suyu sirmidir?
Yainki bir qoca hikmət danışır .

Şimşəklər çaxanda qorxuludurmu?
Yağışlar yağanda qaçırsız, ya yox?
Günəş zirvələri qucaqlayanada
Yamacda süfrələr açırsız , ya yox?
1965
İndi orda çağlayırmı bulaqlar?
İsti suyun kimə qaldı , ay Dədə ?
Həsrətinə dözə bilmir uşaqlar.
Gələcəyəm , günlərimi say, Dədə
1995
Şükür , xilaskarın gəldi
Bayrağım göyə yüksəldi
Bağlarının üzü güldü
İsti suyun bir məlhəmdi
Qucağında , Kəlbəcərim
Ocağında , Kəlbəcərim.
2020

Mən at olum, sən adam.

( Nəvəm Muaz və Turquta)
Mən at olum , sən adam
Gəl oynayaq, ay balam
Min boynuma gəzdirim
Dağı, dərənin , çayı
Bu tayı, həm o tayı
Gəlginən çıxaq yola
Yolumuz haqqın ola
Mən Qarabağ atıyam
Dünya tanıyır məni
Bil, yorulan deyiləm
Çətin sınam, əyilən
Düşmənimin önündə
Ömrümün bu günündə
Gəl gəzdirim mən səni
Tanı dostu, düşməni
Çıxaq cıdır düzünə
Gedək Şuşa, Laçına
Xankəndinin özünə
Xocalıda dayanaq
Ordakı olanları
Xatırlayaraq yanaq
Qarabağı gəl gəzək
Düşmənin başın əzək
Buz bulaqdan su içək
Ordan o yana keçək
Xarıbülbülü görək
Şəhidləri yad edək
Xan əmini, Bülbülü
Natəvanı eşidək
Ələsgər saz kökləsin
Dağı , daşı oyatsın
Oyansın Üzeyir bəy
Qarabağ tarixinə
Simfoniya yaratsın,
Qismət elə , ay Allah
O gün gəlsin inşallah
Qarabağda toy edək
Deyək, gülək , sevinək
Onda atıl boynuma
Mən at olum , sən adam ,
Sən adam ol, ay balam.
2017

Nəvələrim gələndə

Baba balta axtarır
Balta şumun içində,
Nənə çömçə axtarır
Çömçə qumun içində
Hər şey yerin dəyişir,
Somavara, tonqala,
Manqala da od düşür
Nəvələrim gələndə.

Toyuq hinə girəmmir
Qoyunların yerində
Pəyədə yumurtlayır
İcazəsiz, filansız.
İşlər olur plansız
Nəvələrim gələndə.

Ev – eşiyi sökürlər,
Həyətdə ev tikirlər
Gül- çiçək də əkirlər
Mer- meyvədən çiçəkdən
Yemək də bişirirlər
Bir pay özləri ” yeyir”
Qonşuya da pay verir
Bizə də göndərirlər
Nəvələrim gələndə.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir