Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏNİ ŞAİR EDƏN BU DAĞLAR İMİŞ”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas

Məni silkələyir gizli bir təkan,
Bura arzuların yaylağı imiş.
Çardaxlı – Çənlibel, bu ulu məkan
Bir vaxt dəlilərin oylağı imiş…

Hamısı başımda hələ cəm deyil,
Acı xatirələr qəm bulağıymış…
Bəlkə Korğlunun bir vaxt çimdiyi
Mənim su içdiyim Cam bulağıymış?

Qorxum yox gecənin sərt ayazından
Bu dağlar qəlbimdə bir ocaq çatıb.
Kim bilir bəlkə də Bal qayasından
Axan bal bu yerə şirinlik qatıb?

Gün çıxır, yamaclar bələnir zərə,
Bir tablo canlanır mənim qarşımda.
Gözümün önünə gələn mənzərə
Elə bil ağlımı alır başımdan.

Enir aşağıda göy yola qədər,
Gör nələr, gör nələr məni mat qoyur?
Baxıram, Səngərdən Göyyala qədər
Uzanan lövhələr məni mat qoyur.

Hikməti var imiş hər ildırımın,
Tale mənə göydən baxırmış demə!
Uzaqdan görünən o sıldırımın
Dibiylə gur çaylar axırmış demə.

O çay ki, çimərdim gənclik şağında,
O çay ki, axarmış Bərgüşada tək.
Yaşıl bir dənizin gen qucağında
Dağlar gözə dəyir yaşıl ada tək.

Yuyur dincliyimi dəli bir gürşad,
Bir vicvicə düşür yerin canına.
Dağın ətəyiylə axan Bərgüşad
Elə bil çağırır məni yanına.

Zeyvə yamacları dönüb suala,
Ögeylər bu yurddan gərək daşına.
Sanki Qızılqaya gedib xəyala,
Niyə ögey olub Qızldaş ona?

Sellərin oylağı olub dərələr,
Axıb nəriltiylə çay daşa-daşa.
Giley dumanıyla dolub dərələr,
Dağlar bir-biriylə verib baş-başa.

Hamıya qismətmi zirvəyə qalxmaq? –
Dünyanı dərk etmək zəfərmiş demə!
Durub Çardaxlıdan aşağı baxmaq
Bir ömür yoluna səfərmiş demə…

Hikməti var imiş durduğum yerin,
Mənə gəl-gəl deyən uzaqlar imiş…
Beşiyi buraymış sənətin, şeirin,
Məni şair edən bu dağlar imiş…

27.06.2026

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir