Arzu HÜSEYN.Seçmə şeirlər

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

* * *

Bir dəmli çay içmədik axşam üstü
Bir ağac altında
Bir süfrə açmadıq ikimizə
qarnımızın ac vaxtında
Sahil boyu gəzmədik əl ələ
Atılmadıq dalğaların qucağına
Oyanmadıq bərabər
zamanın sübh çağında.
Öpüşmədik dəli kimi qapının ağzında
Küçənin tinində
Öpüşmədik, bir əlim saçında,
bir əlim belində
Siqaretim düşmədi ağzımdan səni görəndə
O bəyaz donunda saçlarını geri atıb
mənə tərəf gələndə,
Başqasını sevirdim, başqasını….

* * *

İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.

Çılçıraq üzünə saldıqca kölgə,
Oynayır üstündə sirli naxışlar.
Sənə ürəyimi açardım bəlkə,
İndi içkiliyəm məni bağışla.

Bilirəm bu vüsal görüşlərindən,
Nə mən doyasıyam nə sən doyası.
Yayılır boynuma öpüşlərindən,
Çiyələk ətirli dodaq boyası.

Fırlanır başıma otaq, divarlar,
Elə bil zamandan alırıq qisas.
Bu gecə havada başqa sehir var,
Adı məhəbbətdir, adı ehtiras.

Sənsizlik o qədər ruhumu didib,
Bu qərib vüsalı göydən dərmişəm.
Səni qarış qarış İxtira edib,
Səni zərrə zərrə əzbərləmişəm.

Azmaram bu tanış cığırı izi
Qəlbimdə adının fərqli yeri var
Bilirəm heç zaman anlamaz bizi
“Həyalı”adamlar, “doğru” adamlar…

İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.

Mənbə: https://edebiyyat.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir