Xəyalə SEVİL.Yeni şeirlər (2026)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Əcəb yaşanmalı yerdi ürəyi.
Ondan başqa kim varsa,
Yurd yox, kirayələrdi.
O məni xoşbəxt etməyi
Çox yaxşı bacarırdı.
O bilirdi, nəyim var,
Olmayanım nələrdi.
Mən bilirdim, yolumuz
Kəsişib- ayrılacaq.
Belə olmayaydı gərək,
Belə alındı ancaq.
Açdım ürək kimi yalnızlığımı,
Çölün düzündə qaldı.
Gözüm qaldığı yerdən
Ürəyimi çəkdim mən,
Ondan geriyə qalan
Ömür nə gündə qaldı!
Ürəyi çatmadı məni sevməyə,
Qalardım mən, get dedi.
Ah, onun həsrəti, onun həsrəti,
Bitib tükənmək bilmir,
Yaman bərəkətlidi.

* * *

Göyün üzünə baxdım,
Dilimdən ucaldı adın.
Az qalmışdı qəbul olsun,
Duamı Allah saxladı.
Ürəyimi soruşsan,
İncikdi.
Yazdığım nə varsa,
Təsəllidi, dinclikdi.
Sən axı bilmirsən
Hiss etdiyimi,
Bilən mənəm.
Tərsliyə bax!
Mənim gözlərimə,
Baxışlarıma
Vurulan sən,
Ölən mənəm…
Məni qatma bu işə,
Mənsiz- sənli ayrılıqdı.
Adamın üstə Allah var.
Görkəmli ayrılıqdı. S

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir