Blog

  • ALMAXANIM ƏHMƏDLİ VƏ SƏNƏT DOSTLARI İSVEÇDƏ KONSERT VERİB

      31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib. İsveçdə yaşayan həmvətənlərimizdən aldığımız məlumat əsasında xəbər veririk ki, tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəynin rəhbəri Aya Coşğun olub. Tədbirdə  İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan  soydaşlarımız,  İsveçin müxtəlif şəhərlərindən gələn  qonaqlar, eləcə də səfirlik əməkdaşlarımız iştirak edib. 
             Qeyd etdiyimiz kimi ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasim dövlət himnimizin səslənməsi ilə başlayıb.

    Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

              Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan Malmödəki Vahid Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir.
            Aztv- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, “Qran- Pri” mükafatçısı Almaxanım Əhmədli və xanəndə Abgül Mirzəliyev  muğam, təsnif, bəstəkar və xalq mahnılarlndan ibarət musiqi çələngi ilə tədbirdə  çıxış ediblər. Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb. Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət ediblər.

  • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

    Duyğuların zirvəsinə baş vurub,
    Uca sözün ucasından gəlirəm.
    Gör nələr var üçcə hərfin canında,
    “Söz”ün bircə hecasından gəlirəm.

    Ömür üzən, gün qocaldan, yaş yoran,
    Dincəlməyə aman verə, kaş, yoran.
    Sualların saç ağardan, baş yoran,
    “Neyçün”ündən, “necə”sindən gəlirəm.

    Danışdırdım hər pərdəni, hər simi,
    Dərk eylədim avandımı, tərsimi.
    Məktəb açdı, Tanrı verdi dərsimi,
    Ustadından, xocasından gəlirəm.

    Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
    Hünərin var qapısından gir ömrün.
    Yuxusuna haram qatmış bir ömrün,
    Min yuxusuz gecəsindən gəlirəm.

    Süzülmüşəm tarixlərin ruhundan,
    Od almışam yananların ahından.
    İnsanların Adəmindən, Nuhundan,
    Cavanından, qocasından gəlirəm.

    Qorxusu yox nə amanın, nə ahın,
    Günəşi var hər açılan sabahın.
    Qapısında xidmətçiyəm Allahın,
    Qapısından, bacasından gəlirəm.

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLUnu doğum günü münasibətilə təbik edirik! (26 Dekabr 1958-ci il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”TƏKİ SAĞLIQ OLSUN!”

    Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, – Ələddin müəllim!

    …Sonuncu görüşümüzdən iyirmi il keçir. Bu iyirmi ildə çox şeylər dəyişib – həm ölkəmizin həyatında, həm də şəxsi həyatımızda. Yaşımızın üstə yaş gəlib. Amma Ələddin müəllimin səsindəki əvvəlki şirinlik də yerindədir, həlimlik və mehribanlıq da. 

    Borçalıdan pərvazlanmış xalis türk kişisi kimi həmişə böyük hörmət bəslədiyim Ələddin müəllimin bu zəngi məni hədsiz sevindirmişdi. Bir-birimizlə hal-əhval tutub, qərarlaşdıq ki, ən yaxın günlərdə görüşək.

    …Və görüşdük. Yaş səksəni haqlasa da, zahirən çox da dəyişməyib. Əvvəlki əzəmət də yerindədir, əvvəlki mərdanə duruş da. Bir az da bəyazlaşmış saçları isə Borçalının başıqarlı dağlarını xatırlatdı mənə. İyirmi ildən sonrakı ilk görüşümüz o qədər səmimi, o qədər isti keçdi ki, vaxtın necə ötdüyünü də bilmədik. Bizi bir-birimizə bağlayan o qədər müqəddəs dəyərlər var ki, günlərlə danışsaq da, qurtarmaz. Bununla belə, nədən danışsaq da, istər-istəməz söhbətmiz fırlanıb Borçalı mövzusuna gəlirdi. Borçalının hər səhifəsi qürur mənbəyi olan tarixi keçmişindən, bu qədim Türk yurdunun bu gün səsi-sorağı dünyaya yayılmış görkəmli ictimai-siyasi xadimlərindən, dövlət, elm və mədəniyyət adamlarından, eləcə də, qəhrəmanlıq tariximizdən – Qarapapaq Borçalı igidlərindən tutmuş ən son İkinci Qarabağ müharibəsində böyük şücaətlə döyüşmüş gənclərimizdən söhbət açdıq. Ələddin müəllimin bu qədər şirin və səmimi söhbəti mənə filosoflardan birinin sözlərini xatırlatdı: «Сян даныш, ся­нин неъя адам олдуьуну дейим».

    Doğrudan da, sanki Ələddin müəllimi özüm üçün yenidən kəşf etmişdim. Onun simasında Borçalının ağırtaxtalı kişiləri yenidən gözlərim önündə canlandı. O kişilər ki, bir kəlməsi küsülülər barışdırar, qan düşmənçiliyini aradan qaldırar, öyüd-nəsihət dolu hər məsləhəti gənclərin yoluna işıq saçar. O kişilər ki, sifətinin nuru bir məclisi işıqlandırar, bir elin daim yanar çırağına çevrilər. Və o kişilər ki, bizim onlara hər zaman böyük ehtiyacımız var. Təəssüf ki, sıraları getdikcə seyrəlir.

    Bu el ağsaqqalını əlavə təqdimata ehtiyac olmasa da, xatırladım ki, bu gün hamının daha çox Ələddin Borçalı kimi tanıdığı Ələddin Məhərrəm oğlu Həsənov 1942-ci il yanvar ayının 6-da Gürcüstanda – o zamankı Borçalı (indiki Marneuli) rayonunun Yuxarı Saral kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf etdiyindən ailədə dördüncü uşaq olan Ələddin yaşıdlarının çoxundan fərqli olaraq maddi çətinlik ucbatından orta təhsilini də vaxtında ala bilməyib – 12 yaşında birinci sinfə gedib. Doğma kəndində ibtidai təhsil alıb, sonra qonşu Aşağı Saral kəndindəki məktəbdə oxuyub. Qasımlı kənd orta məktəbini bitirdikdən sonra isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsinin axşam şöbəsində davam etdirib. Ömrünü pedaqoji işə həsr edib – gənclik illərindən başlayaraq təqaüdə çıxana kimi Bakıdakı Mədəni-maarif texnikumunda (indiki Bakı Humanitar kollecində) çalışaraq müəllim adını şərəflə daşıyıb.

    Bəzən rüzgarın sərt əsən yelləri də onu dəyişə bilməyib. Haqqın yolundan və dürüstlüyündən heç zaman dönməyib, sözün yaxşı mənasında inadkar, haqsızlığa qarşı barışmaz olub, kimsəyə quyu qazmayıb, vədinə əməl edib, əhdini pozmayıb, bir dərdli görəndə qəminə şərik olub, sevinci bölüşüb.

    Bir müəllim kimi yetirmələrinə daim örnək olan Ələddin Borçalı həm də nümunəvi ailə başçısı kimi tanınıb – özü kimi pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Müşrəvan İslam qızı ilə bərabər Səbinə, Samirə, Mehriban, Sevda və Elxan kimi ləyaqətli övladlar böyüdüb. Qəşəm, Ərsan, Nərgiz, Aysel, Hüseyn, Şəhrizad, Bəhmən, Müşrəvan və Mehin kimi gülüzlü nəvələrin sevimli babasıdır.

    Ələddin müəllim görüşə əliboş gəlməmişdi. İki şeirlər kitabını təqdim etdi mənə: 2012-ci ildə işıq üzü görmüş “Külli nemətlərdən yüksəkdir Vətən” və 2022-ci ilin əvvəlində nəşr olunmuş “Qanana rəhmətdir qalan”.

    Sazlı-sözlü Borçalıda dünyaya göz açıb, həyatda ilk addımlarını da burda atasan və şeirə-sənətə biganə olasan – heç ağlabatan deyil. Əslində Ələddin müəllimin şeir yazdığını bilirdim. Amma onu da bilirdim ki, bəziləri kimi, yazdıqlarının mürəkkəbi qurumamış redaksiya və nəşriyyatların qapısını yağır edənlərdən deyil. Yazmaq xətrinə yazanlardan da deyil. Şeirlərində həyata baxışını ifadə edir, düşündüklərini və onu düşündürənləri sözün poetik qüdrətinə güvənərək qələmə alır, oxucusunun ürəyinə yol tapmağı, onu düşündürməyi bacarır. Kitablarının on illik faislə ilə (2012 və 2022-ci illərdə – anadan olmasının 70 və 80 illik yubileyləri ərəfəsində) işıq üzü görməsi də  Ələddin müəllimin sözə qarşı məsuliyyətindən xəbər verir və hər iki kitabı onun həm də uğurlu yaradıcılıq hesabatı saymaq olar. Onun üçün əsas olan çox yazmaq, tez-tez nəşr olunmaq deyil, nə yazmaq, indiki yazarlar və kitab bolluğunda oxucuya necə kkitab təqdim etməkdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə demiş olsaq, istəyi odur ki, kitabları qalın yox, qalandan olsun.

    Ələddin müəllimin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Gündəlik həyatda necədirsə, gənclərə hansı öyüd-nəsihəti verir, hansı yolu göstərirsə, onun şeirlərində də biz bunun şahidi oluruq. İnsanları bir-birinə qarğış etməməyə, kişi kimi söhbət aparmağa, arxasıza kömək olmağa çağırır. “Yüz fikir bir borcu ödəyə bilməz” kimi məşhur atalar sözünə söykənib “qaşınmayan yerdən qan çıxarma”, “ara qarışdırıb, evləri yıxma”, “kiminsə varına həsədlə baxma” kimi ağsaqqal məsləhəti verir:

    Ələddin göstərdi yolu-ərkanı,

    Səbr etsən, hər şeyin gələr zamanı.

    Sən özünlə bitmiş bilmə dövranı,

    Qoru məsləkini, qandırar səni.

    Böyük türk şairi N.F.Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu mənada, Ələddin Borçalı da “yarandığı gündən hey çalxanan” dünyada bu gün baş verənlərə bir şair kimi biganə qala bilmir, dünyanı “kainat mülkündə bir möcüzə” adlandırır.

    Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Ələddin müəllimin 80 yaşı tamam olub. Ömrünün müdriklik çağlarını yaşayır, yazıb-yaradır. Doğrudur, şeirlərinin birində sağlıq durumu ilə bağlı giley-güzar da eləyir, arada “əcəl cəhd etdi ki, tutsun yaxamdan”, – deyir. Amma şükürlər olsun ki, artıq bu problem arxada qalıb. Özünün də dediyi kimi, qarşıda hələ diyar-diyar gəzməyi, bir el ağsaqqalı kimi elin xeyirində-şərində iştirak etməyi, məclislərdə xeyir-dua verməyi var. Bunu özü bədii dillə daha yaxşı ifadə edir:

    Nə yerdən, nə göydən doymamışam mən,

    Dünyanın sehrini çözməyim qalıb.

    Mən də söhbətindən doymadığım dəyərli ağsaqqalımız Ələddin müəllimə bundan sonra da sağlıqlı və uzun ömür arzulayır və deyirəm, qarşıda hələ çox görüşlərimiz, çox söhbətlərimiz var, təki sağlıq olsun, Ələddin müəllim!

    Musa NƏBİOĞLU

    Əməkdar mədəniyyət işçisi

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”ŞEİRLƏRİNDƏN KƏNDİN QOXUSU GƏLƏN ŞAİR”

    Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan olmağımızdır. Hər görüşümüzdə nə qədər sazdan-sözdən danışsaq da, sonda söhbətimiz mütləq fırlanıb Borçalının üzərinə gəlir. Bu qədim Türk yurdunun dünəni ilə nə qədər öyünsək də, bu günkü durmuna biganə qalmır, sabahını daha parlaq görmək arzumuzu ifadə edirik.

    Şakir dağlar oğludur. Başkeçidin ucqar Lök-Candar kəndində dünyaya gəlib. Orta təhsilini doğma yurdda başa vurduqdan sonra çoxlarımız kimi, o da Bakıya gəlib, burada ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə, yuxarıda da qeyd etdiyim kimi, İctimai televiziyada çalışır. Onunla kiçik bir söhbət belə kifayətdir ki, xalqımızın adət-ənənəsinə, aşıq sənətinə və bütövlükdə zəngin folklorumuza nə qədər dərindən bələd olduğunun şahidi olasan.

    Şakir Nadiroğlu olduqca təvazökar və səmimidir. Hay-küydən uzaqdır, yeri gəldi-gəlmədi etdiyini gözə soxmağa çalışanlardan deyil. Özünün varlığını əməlləri ilə təsdiq edən ziyalıdır.

    Şakir Nadiroğlu özünün və sözünün yerini bilən, düşündüyü hər şeyi danışan yox, danışdığı hər şeyi əvvəlcə düşünəndir.

    Şakir Nadiroğlu həm də şairdir! Sözü hər şeydən uca tutan və urvatdan salmayan şair. Sonradan şairlik həvəsinə düşənlərdən yox, şair doğulanlardandır. Yazdığının mürəkkəbi qurumamış nəşriyyat və redaksiyaların qapısını yağır etməyən, özünün və sözünün abırını qoruyan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şair!

    Professor Nizaməddin Şəmsizadənin çox haqlı olaraq qeyd etdiyi kimi,  “şair üçün birinci və dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır” ki, bunlar da Şakir Nadiroğlunda var. O, “öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan lal duyğunu hər yetən sözə təslim” etmir,  sözün ona yaraşanını seçməyi bacarır.                         

    Tez-tez kitab nəşr etdirməyə meyilli olmayan (buna həm də maddi imkanı olmayan) və indiyədək cəmisi bir neçə kitabı işıq üzü görən Şakir Nadiroğlu bəziləri kimi bu kitablara təmtəraqlı təqdimatlar da keçirməyib. Düşünüb ki, yazdıqları oxucunun zövqünü oxşayıb, qəlbinə yol tapacaqsa, bundan böyük təqdimat olmaz. Qənaətində yanılmayıb da. Şeirləri nəinki oxucuların, eyni zamanda respublikamızın dəyərli elm adamlarının, görkəmli ədəbiyyatşünas alimlərin də diqqətini çəkib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər elm adamları onun yaradıcılığı haqqında qiymətli fikirlər söyləyib, kitablarına ön söz yazıblar.

    Şakir Nadiroğlunun yaradıcılığında diqqəti daha çox çəkən bu gün poeziyada o qədər də rastlaşmadığımız alliterasiyaların mühüm yer tutmasıdır. Onun şeirlərində alliterasiya mətnə daha həssas və ifadəli güc verməklə yanaşı, eyni zamanda bu səslilik elementi nitqi bəzəyir və biz burada dinamizm, özünəməxsusluq və yeni yaradıcılıq keyfiyyətlərini görürük. Müəllifin bir hərf üstündə (bir şeirdə işlənən bütün sözlərin eyni hərflə başlaması) yaratdığı gəraylıları, dodaqdəyməzləri var. Təcniz yazmağın – yaratmağın şairdən böyük ustalıq, zəngin söz ehtiyatı və dilin incəliklərini mükəmməl bilmək tələb etdiyini bilməyən yoxdur. Üstəlik bu janrda yeni söz demək ikiqat məsuliyyət tələb edir. Şakir Nadiroğlu  bu janrda da qələmini sınayır və gözəl poetik nümunələr yarada bilir. Görünür, burada onun aşıq sənətinin incəliklərinə dərindən bələd olması da mühüm rol oynayır. Və onun özəlliyi bir də odur ki, bir hərf üstə də təcnislər – dodaqdəyməz təcnislə yanaşı, ilk dəfə olaraq dodaqbüzən-dodaqdəyməz təcnislər də yaradıb:

    Gözəl gözlər gözəllikdi güləndə,

    Görən görür: gül gözəldi güləndə…

    Gözəllikdə gül gəzən də, gülən də,

    Gördülər güllükdə gözəl də güldü.

    Bu barədə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə belə yazır: “Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi.

    Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: dodaqbüzən-dodaqdəyməz təcnis!”

    Bütün söz adamları kimi, Şakir Nadiroğlu da “Həyat nədir?” sualına cavab axtarır və bu qənaətə gəlir ki, “bu fani dünyaya uymağa dəyməz”, həyat “olumnan ölümə qədərdi”, bu dünyaya bir gün gələn bir gün də köçəcək:

    Şakir, bu dünyada olsan da xaqan,

    Uyma var-dövlətə, qəflətdən oyan.

    Üryan gələn üryan gedər dünyadan,

    Bir anlıq sevincdi, kədərdi dünya.

    Pul qazananlardan yox, “pulun qazandığı” adamlardan, sözü üzə deyən dostdan yox, üzə gülüb, ayaq altı qazanlardan qorxmağa çağırır.

    Şakir Nadiroğlunun yaradıcılığında bütöv Azərbaycan və Türk dünyası mövzusu mühüm yer tutur. Əsrlər boyu tarix yaradan Türkün fitnəyə, böhtana qəbir qazaraq düşmənlərin hiyləsini pozub, yenidən tarix yazacağına inanır:

    Bugünkü fidanlar böyüyəcəklər,

    Qardaşlar əl-ələ yürüyəcəklər,

    Düşməni Turandan kürüyəcəklər,

    Axacaq selimiz Turana doğru!

    Azərbaycanın hər guşəsini vəsf etməkdən doymayan Şakir Nadiroğlunun Borçalı və  “dilimin ən şirin sözü Başkeçid” dediyi doğulub boya-başa çatdığı Başkeçidin əsrarəngiz təbiət gözəlliklərinə, bu yerlərdə insanların mərdliyinin, qonaqpərvərliyinin tərənnümünə həsr olunmuş şeirləri xüsusilə diqqəti çəkir. “Borçalı xəritəsi” şeirində ayağı Sınıq Körpü, başı Başkeçid – bütün Borçalını, Qarayazını, Qaraçöp ellərini tərənnüm etməklə, gözlərimiz önündə bu qədim türk yurdunun xəritəsini sözlə yaradır:

    “Sınıq Körpü” yurdun giriş qapısı,

    Tarixin tərpənməz sirri Borçalı.

    Kürüstü kəndləri cənnət qapısı,

    O səkkiz cənnətin biri Borçalı.

    Özünün də dediyi kimi, onun şeirlərindən kənd iyi gəlir. Dağların, çəmənlərin, suyu diş göynədən bulaqların iyi gəlir, motal pendirinin, sac çörəyinin iyi gəlir. Misralarının “biri qulançar, biri quzqulaq, biri dağ çayıdır, biri buz bulaq, biri kərəntidi, biri də oraq”. Çünki “o kənddi Şakirin çörəyi, duzu”:

    Sözüm nəmər alan at belindədi,

    Bulaqdan süzülən dağ gölündədi,

    Yazdığım kəlmələr el dilindədi,

    Mənim şeirimdən kənd iyi gəlir.

    Şəhərdə yaşasa da, könlü daim kənddədir. Onu kəndə bağlayan isə təkcə təbiət gözəlliyinin əsiri olması deyil, həm də kənd adamlarının sədaqəti, qədim adət-ənənənin qorunub yaşadılması, mərifətə, təriqətə, həqiqətə olan inam və hər kəsdə gördüyü kəramətdir.

    Bəs, dostundan istədiyi nədir – Əyriqarın xar qarı, quzqulaq, kəkotu, cincilim kətəsi, turşəng, qazayağı, əvəlik, təzə pendir, nəhrə yağı:  

    Dostum, mənə dağ sovqatı

    Əyqiqardan xar qar ola.

    Quzqulaqla kəklikotu,

    Buzbulaqdan lilpar ola.  

    Ana təbiəti, böyüyüb boya-başa çatdığı doğma Başkeçidin az qala hər dağını, hər daşını, dərəsini, bəndini, bərəsini, gül-çiçəyini vəsf etməkdən doymur və bu mövzuda çox yazmasının səbəbini isə belə izah edir ki, yamacında yatmayanlar, dağda şehə batmayanlar, yağışında islanmayan, Günəşdən tez oyanmayan, quzqulaq, baldırğan, qantəpər yığmayanlar və nəhrə yağ yeməyənlər  dağ həsrəti çəkə bilməz.

    Bəli, Şakir Nadiroğlu şairdir. Özü də şeirlərini tanıtmağa (oxutmağa) çalışan şair yox, şeirləri ilə tanınan şair. Və mən inanıram ki, bu şeirlər bundan sonra onu daha çox tanıdacaq, ona şöhrət qazandırcaq.

    Şakir Naidroğlunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı təəssüratlarımı hələlik burada bitirir və sözlərimi “Kəlilə və Dimnə”dən bu qiymətli kəlamlarla tamamlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düş­mə­­­ni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən, o, yüksəyə qalxmağa meyil göstərir”.

  • TƏBRİZ İMAN.Seçmə şeirlər


    YURDSEVƏR BİR KƏS ÜÇÜN

    Elimizin-obamızın ləyaqətli oğlu,
    vətənpərvər, yurd sevər insan
    hörmətli Musa Nəbioğluna

    Səhər tezdən oyadıb, ilhamım söyləyir yaz,
    Yurdsevər bir kəs üçün, el canlı insan üçün.
    Ruhumun istəyinə qəlb edərmi etiraz,
    Necə ki, hüceyrələr dodaq açar qan üçün.

    Sönməz odu-alovu, əridər sal buzları,
    Səsləyər vətəninə, qürbətdən yurdsuzları.
    Gündüzdən rüsxət alıb, yaşadar ulduzları,
    Çün gecələr can verər üfüqlərdə dan üçün.

    Ağlın, zəkan, idrakın dərinlərdən-dərindir,
    Ey hörmətin sahibi, qəlblərimiz yerindir.
    Vətən necə əzizdir, necə də şipşirindir,
    Vətən böyüklüyünü düşünüb duyan üçün.

    Günəş şəfəq saçarsa, çayları sal bürüməz,
    Ürəkdə yer eşqinsə, ürəyi xal bürüməz.
    Yurdu tikan bürüməz, yurdu qanqal bürüməz,
    Yurdunda ocaq olub, yanan, parlayan üçün.

    Darvazlı balasıyam, Darvazdan başlar izim,
    O, möhkəm qayalarda sıyrılıb əlim-dizim.
    Qəhrəmanlıq odur ki, mənim dostum, əzizim,
    Yanır, əriyir şam tək, bir can, milyon can üçün.

    BU YERDƏ

    Bir yz günü kənddə təbiətin qoynunda idim. Cib telefonuma zəng gəldi. Bakıdan Musa Nəbioğlu idi. məndən bir dəstə bənövşə istədi.

    Gözün aydın olsun, ay Musa müəllim,
    Açıb bənövşələr, tərdi bu yerdə.
    Yamaclar bürünüb gözəlliklərə,
    Zirvələr hələ ki, qardı bu yerdə.

    Darvazın meşəsi dərdlərə dəva,
    Sularından içən tez tapar şəfa.
    Qara-çisək tökür, açılmır hava,
    Daşıb, Gəda çayı Kürdü bu yerdə.

    Nərgizlər özünə gəlməmiş, ey dost,
    Arceylə torpağı dəlməmiş, ey dost,
    Mən necə ayrılım ölməmiş, ey dost,
    Qəlbim hər gözəllik gördü bu yerdə.

    Bənövşə istədin, bənövşə dərdim,
    Açdı, çiçəklədi bənövşə dərdim.
    İmkanım olsaydı özüm gələrdim,
    Tənhalıq nə qəddər zordu bu yerdə.

    Tək qoya bilmirəm ata-anamı,
    Tale sovuşdurur başdan xatamı.
    Lap görpə vaxtımnan verdi butamı,
    Ərənlər yuxuma girdi bu yerdə.

    Təbiət dilində olmaz yalanlar,
    Böyükdür Tanrıya səcdə qılanlar.
    Bu varlığı sevməz, duymaz olanlar,
    Vallah, laldı, kardı, kordu bu yerdə.

    Təbriz, sev vətəni, lap doyunca sev,
    Ruhun yaylaqlarda qoy eyləsin kef.
    Hər qaya dibinin ovucu bir ev,
    Hər kaha ocaqdı, pirdi bu yerdə.

    5 aprel 2011

  • AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

    Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

    Kitabda 120-dən çox saz-söz ustadının otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Onu da qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və mübaliğəsiz demək olar ki, ilk uğurlu addımdır.

    Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq ən ümdə məsələlərdən biri kimi uzun illər aşıqşünasların qarşısında durmuşdur.

    Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırmışdır: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir.

    …Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyildir. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözü gedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.

    Yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri ən etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.

    Nəfis tərtibatla və 1000 tirajla nəşr olunmuş “Aşıq təcnisləri” antologiyasının elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar professorlar Məhərrəm Qasımlı və Mahymud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Mənbə: https://azerab.az/

  • “SAZIN ƏDALƏTİ” ADLI DİSK İŞIQ ÜZÜ GÖRÜB

    Sənətə yeni gələn aşıqlara daim diqqət və qayğı göstərən Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlar da diqqətdən kənarda qalmır. Necə deyərlər, heç nə unudulmur, heç kəs yaddan çıxmır.

    Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunləri nəşr olunur, ifalarından ibarət audio və video disklər buraxılır.
    AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. belə İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dubeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dubeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasını 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb.
    Diski aşıq Altay Məmmədli hazırlayıb.

    Mənbə: https://azerab.az/

  • Gəncədə məktəbli yazarlarla görüş keçirilib

    Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə yaradılan və bütün Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərini əhatə edən  “Məktəblilərin Poeziya Klubu” nun iştirakçıları ilə  Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə şöbəsinin müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyevlə görüş keçirilib.

    Görüş zamanı Anar Bürcəliyev keçdiyi sənət və yaradıcılıq yoluna istinad etməklə şagirdlərə dəyərli tövsiyələrini verərək onlara hansı səpkidə, hansı işləri görə biləcəkləri barədə söhbət aparıb. Ədəbi mühitdə gedən proseslərdən ətraflı məlumat verən Anar Bürcəliyev şagirdlərin yazı nümunələrini dinləyib, onların ilk qələm təcrübələri olan şeir, hekayə və esseləri ilə bağlı tövsiyələr verərək, onları tənqiddən qorxmağı deyil, nəticə çıxarmağı, öz üzərilərində əzmlə işləməyi məsləhət görüb.

    Görüşdə  klassik Azərbaycan yazarlarından nümunələr gətirən Anar Bürcəliyev sözün poetikliyini, lakonikliyini, bədiiliyini ön plana çəkərək şeir və hekayələrin təsir gücünün artırılmasında böyük rol oynadığını da xüsusi ilə məktəblilərin diqqətinə çatdırdı. Anar Bürcəliyev həmçinin bədii qiraət sahəsinə də toxunaraq, şagirdlərə mütaliə etməyin nitq mədəniyyətinin, qiraətin inkişafında oynadığı əsaslı rolunu qeyd etdi və qiraəti inkişaf etdirməyin yollarıyla bağlı tövsiyələr verdi. Eyni zamanda, şagirdlərin mətbuatda, qəzet və jurnallarda nəşr olunmanın yolları, ədəbi tənqidlə bağlı sualları cavablandırıldı. Tədbirin sonunda Anar Bürcəliyev öz fəallıqları ilə fərqlənən  şagirdlərə müəllifi olduğu kitablarını hədiyyə edib.

    Xatıradaq ki, “Məktəblilərin Poeziya Klubu” Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində eyni adlı layihənin rəhbəri Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin müəllimi Günay Ələkbərzadə tərəfindən yaradılıb. İlkin mərhələdə müsabiqə yolu ilə seçilən 20  şagird layihəyə cəlb edilib.  Bədii yaradıcılığa ilk addımlarını atan məktəblilərlə layihənin icra planına uyğun olaraq ustad dərslərinin və görüşlərinin keçirilməsi nəzərdə tutulub. Layihə rəhbəri ustad görüşlərinin davamlı olacağını da bildirib.

    Xəyalə SEVİL,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ BÜROSUnun RƏHBƏRİ.

  • Sona İNTİZAR.”QƏRİB HİSSLƏR”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Çox qəribə bir haldayam
    Gülə bilmək,
    ya ağlamaq???
    Düşünürəm…
    uzaq getmək,
    burda qalmaq???
    Uca TANRIM, mən hardayam???
    Sənsizliyin hökm sürən bir dövründə,
    Yalnızlığın,
    Tənhalığın sualında , nöqtəsində,
    Səni bəhanə eyləyib,
    özmü gəzən bir səmtində,
    Bu dünyanın qəmin bilib
    sevincini dadmamış tək
    kədər və iztirabındayam…
    Nədir məni bəs kövrəldən ?
    Suala bax,
    axı elə indi dedim,
    bəlkə bir də təkrar edim?!
    Bəli, mənim vuran qəlbim,
    Bəli, mənim ilk sirrimi öyrənib də,
    son sirrimə ilk həmdəmim,
    Sənsizlikdi bil qorxudan,
    məni məndən ayrı salıb
    sənsizliyə sürükləyən,
    tənhalığına aparan
    Bax, o yoldan çox qorxuram…
    Gözümü də yuman zaman,
    Kirpiklərim keşik çəkir…
    Ya mənimlə oynar dövran?
    Ya da,..
    ya da məndən misal çəkir…
    Bir parça qəlb,
    olmadan həbb
    De bəs necə,
    söylə
    söylə susma…
    Xəlvətdən de, lap gizlincə
    Cəsarətin de, çatarmı
    çarəsiz bir məhəbbətə..?
    Söylə, gülüm,
    söylə qəlbim,
    Yaralı bu ürəyimə
    Ey bir sözü həbb sevgilim.
    Yazığın gəlməsin mənə,
    Mən ki, yad deyiləm sənə…
    Biz bir canıq,
    Biz bir qanıq.
    Mənsizliyə de, dözümün heç çatarmı?
    Ya tənhalıq…
    Bəs bu hicran…
    Bəs intizar …
    Bəs bu dövran…
    Səni mənsiz yaşadarmı..?
    Heç gizlətmə,
    Söylə ürək,
    Sən heç susma.
    Sənin SONAN ölüb getsə,
    Özgəsi yerin tutarmı…?

  • Sona İNTİZAR.”QARALANMIŞ SEVGİ”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Oturub yazıram bu şeiri mən,
    Nə vaxtsa oxuyub, başa düşərsən.
    Saxla yaddaşında sözlərimi sən,
    Faydasın görərsən, qədrin bilərsən.
    *
    Mən yaşa dolduqca anladım bunu,
    Ki, dost da, yoldaşlıq da boş bir xəyalmış…
    Əvvəli torpaqdır, torpaqdır sonu,
    Bircə söz insanı gözdən salarmış…
    *
    Xəyanət – ən acı bir hiss deyildir,
    Söz yarası ondan daha da kəskin.
    İnsanı yaşadan varlıq SEVGİDİR
    Bundansa xəbərin heç yoxmuş sənin.
    *
    Peşiman olmadım heç bir rəyimə,
    Amma, fələk məni aldatdı yaman.
    Elə bir dağ çəkdi mənim qəlbimə,
    Sorğusuz-sualsız ötüşən zaman.
    *
    Bəlalar çəkməkdən səngiməyirdim,
    Ürək parə-parə paralanmışdı…
    Hisslər ölüb gedir, mən bilməyirdim.
    Anladım, gec oldu…
    Pak bildiyim sevgi qaralanmışdı…

  • Sona İNTİZAR.”İNSAN İLLƏR SONRA SEVƏ BİLƏRMİŞ”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Xətt çəkib həyatın hər bir anına,
    Unudub hər şeyi silə bilərmiş…
    Dəfələrlə YAZIQ deyib halına,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Nə var ki, kənardan baxıb gülməyə,
    Nə var ki, sözlərlə qəlb incitməyə,
    Bir zaman qərarı verib ölməyə,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Soyuq bir yataqda sabaha kimi,
    Tavana dikərsən oyaq gözünü,
    Fikirlər də deyir mən dediyimi,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Öz canından çox sevməyə nə var ki,
    Bezib candan, vaz keçməyə nə var ki,
    “YARIM, GETMƏ” söyləməyə nə var ki,
    İllərlə sevdiyin gedə bilərmiş…
    Sən də bu həyatdan üz çevirəndə,
    Ürək illər sonra sevə bilərmiş…

  • Sona İNTİZAR.”YAXŞI Kİ, VARSAN!”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Sizə kimi deyim, kimdən danışım,
    Mənim dağ tək uca bir sevgilimdən.
    Bilməm necə deyim, necə söz açım,
    Yəqin anlayarsız söylədiyimdən.
    *
    Yəni başlayandan bu günə kimi
    Dərdi – sərimizi birgə paylaşdıq…
    O mənə, mən ona açdım sirrimi,
    Beləcə yad ikən biz doğmalaşdıq.
    *
    Şikayət edirəm gileylənirəm,
    Üzünü çevirir, sanki eşitmir.
    Nə vaxt ki, şənlənib, deyib-gülürəm,
    Mənə qan uddurur, qanımı içir.
    *
    Əsəbi də deyil, heç şən də deyil,
    Durduğumuz yerdə dava çıxarır.
    Yox, düz tapmadınız… kobud da deyil,
    Hərdən insaf edir, gülüb-danışır.
    *
    Əzabın dedimsə , xoşun da deyim.
    Nazımı çəkməyi xoşuma gəlir.
    Pis gözlər dəyməsin, mənim sevdiyim
    Dar gündə həmişə köməyə gəlir.
    *
    Ağladır, sel-leysan olur göz yaşım,
    Sonra əzizləyir, mən barışıram.
    Lağ yerinə dönür sonra baxışım,
    Sözlər od, atəşə alovlanıram.
    *
    Zəng edib axtarsam, onu bir qəfil,
    “HƏ?” “NOLUB?” kəlməsi əskik olmayır.
    Bu zaman karıma mesajlar yetir,
    Onda da xoş sözlü cavab olmayır.
    *
    Daha nə söyləyim, mən sevgilimdən?
    Kənardan görməsən, heç anlamazsan.
    Oxu sən şeirimi mənim dilimdən :
    MƏN NƏ EDƏRDİM, YAXŞI Kİ, VARSAN

  • Sona İNTİZAR.”FƏRYAD”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Mən fəryad edərkən ayrılıqlara ,
    Ayrılıq başıma gələcək imiş…
    Mən çəpər olarkən vəfasızlara,
    Ürək vəfasız birin sevəcək imiş…
    *
    Axı nə bileydim bir gün sevərəm,
    Yolunda canımı fəda edərəm,
    Mənim olmayanı mənim bilərəm,
    O isə məni yad biləcək imiş..
    *
    Bulud gözlərimdir, yağış göz yaşım…
    Sel olub leysanla axım, qarışım.
    Onsuz isti yay da soyuq bir qışım
    Ötüb illər boyu keçəcək imiş…
    *
    Mən tale yazana şəkk gətirmədim,
    Ağlım SEV deyəni sevə bilmədim.
    Qəlbim dilə gəldi, mənsə dinmədim,
    Nə bilim dil mənə dinəcək imiş…
    *
    SONA İNTİZAR dan yadigar sənə,
    Yazıb yaratdıqca mən ildən-ilə,
    Bilməzdim el məni sevəcək imiş…
    Yazdığım şeirlər hər gündən-günə,
    Dillərdə əzbərə çevriləcəkmiş…

  • Sona İNTİZAR.”SƏNƏ HƏSRƏTİM”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    SƏNƏ HƏSRƏTİM
    *
    Səbrim tükənib…taqətim yoxdur,
    Mübarizə üçün, qələbə üçün.
    Bəlkə də sevgimin gözləri toxdur ,
    Usanıb bəlkə də ağlamaq üçün.
    *
    Soyuqdur baxışın, nəvazişin də,
    Üşüdür, nə qədər inad etsəm də.
    Ərşə çəkilibdir hərarətin də,
    Mən bunu sirr kimi hey gizləsəm də.
    *
    Aldadıb özümü yaşayıram mən,
    Sənin varlığını duya bilməkçün.
    Sevgini ömrümə CƏLLAD bilərəm
    Tək sənin sevginlə ölə bilməkçün.
    *
    Sözlər sətir-sətir düzüldü yenə,
    Sanki sinəm üstə mirvari təkdi.
    Bu şeirim ərmağan yenə də sənə…
    Sənsiz bu şeirim də sənə həsrətdir

  • Sona İNTİZAR.”SONSUZ XƏYAL”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Qara kölgə kimi qolun boynuma
    Salıb dörd bir yanda arxamca gələn.
    İki nəfəs qalıb ömrün sonuna
    Xəyaldır arzumu viranə edən.
    *
    Səmanın üzünə adını yazan
    Bəyaz buludlardan axır göz yaşım.
    Adına qəlbimdə imarət quran,
    Buludlar, ağlayan leysan yağışım.
    *
    İllərim izinsiz, xəbərsiz ötür…
    Mən dəniz, dalğammı de sənə qaçır?
    Ləpələr qəmimi ikiyə bölür…
    Qayadır dərdimi hamıya açır…
    *
    Uzaqdan səs gəlir… Məni çağıran,
    Sənmisən,yoxsa bu qəlb inadıdır?!
    Adını adıma həmdəm bağıran?
    Yox…yox…bu xəyalındır, məni aldadır…

  • Şəlalə ADİLQIZI.Yeni şeirlər


    Narıncı donlu günəş
    Dənizlə sevişəndə gəl…
    Küləklər ehtirasını
    Yağışla söndürəndə gəl…
    Dünyanın elə vaxtı,
    Elə günündə gəl ki,
    Kəpənəklər rəqs eləsin
    Nəğməsiylə sevdanın…
    …Elə gəl ki,
    ortaq olsun inancımız:
    mavi rəngli məhəbbətin
    qucağında uyuyarkən
    Ay olacaq balıncımız…


    Ləçək-ləçək ayırdığım
    Çobanyastığı sevindi;
    Gəldiyin yollara səpdim…
    Qolumun üstə düzdüyüm
    Qərənfillər qəhərləndi;
    Getdiyin yollara səpdim…
    Unutduğun adım olsa,
    Unut…
    …Dərdinə dönməyim…
    Bircə onu unutma ki,
    Gözümün bəxtinə düşüb
    Çiçəklərə su verməyim…


    Ayrıldıq…
    Dərd tapıldı
    Canımda sən adında…
    Bax, sənsiz “bəxtiyar” oldum;
    Dərmanlara “yar” oldum…
    …”Xərçənglər gözəl sevir” –
    çıxdı bu gün bürc falım…
    Mən səni çox sevdim,
    Xərçəng həzin halımı…
    …Ovuc-ovuc içdiyim
    Dərmanlar da utancaq
    Ağrımı kəsmir deyə…
    Ayrıldıq…
    Adın yazılı qaldı
    Cibimdəki “kimliyə”…


    Gəldin…
    Sevdim…
    Getdin…
    Qırıldı ürəyim, çilikləri izlərinə səpildi…
    Ağlım yüz dəfə ürəyimə:
    “Unut!”-deyə təpindi…
    Getdin…
    Sevdim…
    Sevdim yenə,
    Həsrət əkdim ömür-günə…
    Sevmədin…
    “Sevdim!”-demədin bir kərə…
    Barı, xatırla, unutma,
    Bir şair sevdi səni;
    Duyğuları bakirə…


    Oxuduğum bir kitabdaydı,
    ya da baxdığım bir filmdə;
    sənə baxmaq ibadət imiş eşqə…
    …Çiyninə baş söykəmək dua,
    Dərdindən gülməmək oruc tutmaqmış…
    Bunları öyrəndim…
    Ağlımın yetmədiyi,
    əlimin çatmadığı bircə sirr var:
    bu qədər mavi,
    bu qədər azad,
    bu qədər əngin olmağı
    necə bacardın axı?
    Bir də…
    Niyə filmlər və kitablar
    Sənə mənə danışmır?
    Demirlər: bir dəli sənsiz darıxır?!

  • Sona İNTİZAR.”MƏSTAN PİŞİK”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Tükləri ipəkdi, quyruğu ipək,
    Məstan pişiyimin hər işi kələk,
    Hər yana dırmaşır, ev ələk-vələk,
    Məstamın oyunu bitmir ki, bitmir.


    Bığları uzundur, quyruğu uzun,
    Yerişi oyundur, yatmağı xumar.
    Gəlib yaslanacaq qolunun üstə,
    İstəyər eləcə çəkəsən tumar.


    Yeməyi verirsən mırıldanır o,
    Bığların yalayır, əlin yalayır,
    Başına əlinlə sığal çəkirsən,
    Məst olur əlində, o tumarlanır.


    Məstan pişiyimiz yenə yatıbdır,
    Səs olsun, küy olsun vecinə deyil
    Yeyib, yatır, sonra durub oynayır,
    Yorulub oturur, eyləyir seyr

  • Sona İNTİZAR.”MƏN VƏ QƏLƏM

    Azərbaycanın Mədəniyyət və Portalının Baş redaktor müavini

    Bir gün hardansa təəssüf dolu bir “AH” səsi eşidilər… Qulaqlara cingildəyən bu səs böyük bir peşmanlığın dərinliyindən gələr. Həyatının ən gözəl çağında itirdiyi əməyin, qırıldığı qəlbinin səsi qarışar bu “AH”lara və minlərlə qəlbi titrədər. Həyəcan dolu xatirələr, başgicəlləndirən xəyallar, sevgi dənizinə baş vuran o ülvi hisslər, həyatın axarına buraxar özünü. Elə bağırmaq istəyər ki, bəzən, amma heç pıçıltısı da, duyulmaz… Necə kövrələr, amma bir damla yaş da gəlməz gözlərindən. Sükuta qərq olar bəzən. Nədənsə ovsunlanar, nədənsə geri çəkilər. Üzündə, gözündə bir ümid olar, bəlkə də, nə vaxtsa gözündəki yaşlar səbəbini xoşbəxtliklə əvəz edər deyə… Hər dəfəsində əlinin tərsi ilə sildiyi yaşları, indi heç bir müqavimət göstərmədən süzülməsinə vəsilə olur. Sanki bir həyat cücərdir yaşlar ilə. Sus, yox sus… qoy danışsın o qəlbin sahibi… Danış, İntizar, danış… Nə danışım axı?! Həyatımdakı boşluğun verdiyi hansı olaydan danışım?! Mən ki şeirlərimlə danışmağı daha çox sevirəm… Bu necə mi olur? Öz həyatımı nağıl edərəm, sonra bu nağılı şeirimin hər misrasında yaşayıb-yaşatmağa çalışaram. Düşünürəm ki, yaşamasam, yaşada bilmərəm. Yəqin, o üzdən bu qədər qəlbə yaxınam. Bir az mən susaram, bir az mən əvəzdən qələm danışar… O məndən təcrübəlidir. Həyat haqqında danışmağa. Onu yazdıran mənim hisslərimi, məni də susmağa vadar edən Qələmimdir. Bu həyatın bumeranqıdır. Mən kənardan nə qədər güclü görünsəm də, sevginin əsiriyəm. Bu əsarət məni duyğulandırır və nəticədə bu duyğu dolu şeirlər yaranır. Mənim qələmim elə mənim özümdən danışır…

  • Sona İNTİZAR.”SƏNƏ VURĞUNAM

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Sən gələn yolların qadasın alım
    Nə yaman uzundur, gəlib çıxmırsan.
    Sən baxan gözlərin qurbanı olum,
    Məndən incimisən? Niyə baxmırsan?


    Azarlısan, yoxsa niyə bikefsən?
    Mənim ƏZİZİMƏ nə olub belə?
    Gözləri giryansan, sərxoş kimisən,
    Hansı sözüm dəyib yenə qəlbinə???


    Necə darıxıram səndən ötəri,
    Boynuna sarılmaq istəyirəm mən.
    Həsrət, intizardan varmı betəri?!
    Sənin həsrətinə dözə bilmirəm.


    Süzürsən gözünü, dilin acıdır
    Hər sözün ox olub batır ürəymə,
    Tikanlı danışma, bağrım yarılır…
    Sənin tərsliyinə VURĞUNAM elə

  • 24 Dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il) 

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: https://president.az/

  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Kamran Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Tədbir boyunca alimin fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.

    Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Kamran Məmmədovun XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazandığını bildirib. O, Kamran Məmmədovunun ədəbiyyat tarixində rolunun təkcə bədii mətnlərlə bağlı olmadığını, alimin eyni zamanda, ciddi arxiv sənədləri, faktlar üzərində işlədiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli ədibin yaradıcılığında faktlar, sənədlər, dövri mətbuatdan alınmış materialların bütün dəqiqliyi ilə öz əksini tapdığını vurğulayıb.

    “Professor Kamran Məmmədov ömrünün sonlarına qədər arxivlərdən dəyərli materiallar toplamış, onları dövri mətbuatda ədəbi ictimaiyyətə təqdim etmişdir”, – deyə AMEA prezidenti bildirib. Onun sözlərinə görə, Kamran Məmmədov həm də bacarıqlı yazıçı olduğundan yazdığı mətnləri dərindən dərk etmiş, sistemli şəkildə təqdim etməyə müvəffəq olmuş, öz sənət dünyasını düzgün əks etdirmişdir.

    Akademik İsa Həbibbəyli bildirib ki, təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim Kamran Məmmədov vətənpərvərlik, azərbaycançılıq ideyalarına böyük önəm vermiş, bu mövqeyini öz əsərlərində də əsas götürmüşdür. O, həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AMEA rəhbəri görkəmli alimin əsərlərinin bugünkü dövrdə də öz aktuallığını qoruyub-saxladığını, özünəməxsusluğu ilə seçildiyini və elmimizin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Kamran Məmmədovun “Cəbhə gündəlikləri” əsəri vətənpərvərlik mövzusunda yazılmış ən sanballı əsərlər sırasında dayanır.

    AMEA prezidenti görkəmli alimin vətənpərvərliklə bağlı hadisələrə hər zaman emosional reaksiya verdiyini, onun Şuşa və Qarabağ sevdasının vətəndaşlıq mövqeyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bildirib ki, Kamran Məmmədovun ruhu şaddır ki, bu gün onun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qeyd edilir. Kamran Məmmədovun uzun müddət Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli onun çoxlu sayda yetirmələrinin olduğunu qeyd edib, alimin institutun elm məbədi səviyyəsinə qaldırılmasında böyük rolu olduğunu xatırladıb.

    AMEA rəhbəri aspirantura təhsili aldığı müddətdə Kamran Məmmədovun onun elmi rəhbəri olduğunu bildirərək, ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. O, satirik janr nümunələrinə marağının yaranmasında ədəbiyyatşünas alimin irsinin böyük rolu olduğunu da diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bugünkü tədbirin professor Kamran Məmmədova olan ehtiramın bir ifadəsi olduğunu deyib, konfransın görkəmli alimin və onun vaxtilə rəhbərlik etdiyi şöbənin timsalında Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alimlər nəsli yetişdirmək, bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.

    Konfransda professor Tahirə Məmməd “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı”, professor İslam Qəribli “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, professor Asif Rüstəmli “Kamran Məmmədov ədəbiyyat tarixçisi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Alimin elmi irsində satira məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Kamran Məmmədovun bədii yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.

    Tədbirdə, həmçinin akademik Muxtar İmanov, professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov çıxış edərək professor Kamran Məmmədovun yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

    Sonda ədəbiyyatşünas alimin qızı, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Vüsal Yurdoğlu

    Hansı adla xitab etsəm,
    Eyni ünvan, eyni sənsən.
    O gün səni çağırmaram,
    hamı ilə eyniləşsən.

    Çəkə bilmərəm adını,
    “Ay filankəsin qadını”,
    “Ay dostumun, doğmamın
    övladını
    dünyaya gətirənim”,
    “Ay öz qismətini sevib,
    bəxtini itirənim”…
    -deyə bilmərəm sənə.

    Deyə bilmərəm sənə
    nə “sevgim”, nə “canım” daha.
    Sevgimə şübhəm yaranar,
    Olmaz həyəcanım daha…

    İnan Allaha..,
    yadıma düşə bilməzsən
    ildə bir.
    Bir olar hər şey mənimçün,
    Tikan da bir,
    gül də bir.

    Bircə görüşsək,
    nə olar?!
    Bir az da demək çətindir.
    İçini yeməyə nə var,
    Sözünü yemək çətindir.

    Sən hələ qal ürəyimdə,
    Qal ayrıca, bir arzutək!
    Baxaq görək, bizə zaman
    nə verəcək?!
    Baxaq, görək.

  • Anar QASIMOV.”Sərkərdan”

                Şəhərin ən kənar məhəlləsində, qaranlıq bir küçədə yavaş addım səsləri durmadan küçəni döyəcləyirdi. Bu anda küçədə it-pişik səsləri də duyulmaqda idi. Zibil bu yerlərdə sanki küçənin hər tərəfinə səpələnmişdi. İt-pişiklərsə zibil qutularını eşələyir, özlərinə yem axtarır, nəyisə bölə bilməyəndə isə insanlar kimi dalaşmağa başlayırdılar. Onların hürüşməsi, arabir boğuşması yavaş-yavaş addımlayan adamı heç narahat etmirdi. Ara məhəllələrdən isə ətrafa pis tüstü hər axşam olduğu kimi yenə də yayılmışdı. Nədənsə bu şəhərdə hər kəs gün batandan sonra pis işlərini aradan qaldırırmışcasına onları yandırıb göyə sovurmağa can atırdılar. Pis qoxu isə bütün bu eybəcərliklərin ən dəhşətlisi kimi bu yerlərdə yaşayanların alın yazısına çevrilmişdi.

                Addım səsləri şəhərin bu iraq məhəlləsindəki ən son qapının ağzına gəlib bir anlıq dayanmış kimi oldu. Qaranlıqdan üzü görülməyən bu kimliyi naməlum adam nə qədər qapını döyəclədi, açan olmadı. Heç bilmək də çətin idi ki, içəridə kimsə var, ya yox. Adam da bir neçə dəqiqə beləcə cəhd etdikdən sonra bir şey əldə etməyib yenidən üfunət dolu küçənin qoynuna atıldı. Bu andan sonra nəinki bu məhəlləni, bütünlüklə şəhəri kəskin soyuq da çulğamışdı. Dəhşətli dərəcədə hava sərt idi. Bu dəfə havanın sərtliyi insanların bu günlərdəki sərtliyi kimi kəskin və amansız idi. Bu havanın soyuqluğu necə olurdu ki, daha da sərtləşdirdi, amansızlıq qazanırdı?! Belə bir sual da insanların düşüncəsini heç məşğul etmirdi. Soyuq anlayışının əsl mahiyyətini düşünmədən onu yaşamağa adətkərdə olmuşuq, amma həqiqi mənada bilmirdik ki, soyuq əsl həqiqətdə nə olan şeydi.

    Soyuq üşümək deyil, soyuq donmaq da deyil. Soyuq üşüdüyün, şaxtanın ən iti bıçaqtəkin səni isidəcək olan bir evinin, isti yuvanın olmadığı zaman duyduğun hisdir. Onu da yalnız belə havalarda qapılar üzünə bağlı olan bu kimi adamlar duya bilərlər. İsti yuvasında oturub isti çayını içənlər bilməz, onlarla evi boş olan, sadəcə birində yaşayan və digərləri qapısı qıfıllı qalan o insan deyilən varlıq isə heç anlamaz, anlamaq da istəməz. Bax belə bir soyuq, şaxtalı bir gün idi. Elə bir gün ki, dediyimiz insanlar onun dəhşətini anlamaqdan məhrum idilər, onlar isti evlərində oturub isti çaylarını ləzzətlə udumlayırdılar, hətta küçələrin, xiyabanların bəyaz qarına baxıb ləzzət də alırdılar. Belə bir gündə çöldə, doğrudan da, elə güclü külək əsirdi və dağlardan insan dərisini kəsən soyuq qar gəlirdi ki, sanki qəzəbi tutmuşdu. Bu qədər güclü bir soyuqda, qarlı-şaxtalı havada şəhərin küçəsində tək-tənha bir adamsa yoluna ara vermədən davam edirdi. Bu şəhərin ara-bərə məhəllələrində bir o idi, bir də olsa-olsa ins-cins…

    Küçədə tək-tənha hərəkət edən adam olduqca fikirli-fikirli və özü də heç bilmədən hara gedirmişcəsinə bir döngəyə gəlib çıxdı. Küləyin vıyıltısı da, hansısa yaxın-uzaq dağların başından gətirdiyi dondurucu qar da sanki ona qənim kəsilmişdi. Adam arada bir öz-özünə “Sən nə istəyirsən bizdən, bizimki bizə bəs etmirmi?!” kimi cümlələrlə deyinirdi. Budur, o, döngəni dönəndə küncdə, zibil qutusunu özünə daldalanacaq etmiş bir əyyaşla da qarşılaşdı.

                Bəs şəhərdə tez-tez rastlaşdığımız bu əyyaş kim idi, bilirsinizmi?! Yox, onu tanımazsınız, yəqin. Bilmirsiniz, bəlkə, bəziləriniz görübsünüz, amma onu ötəri tanıyırsınız, bilirsiniz. Axı siz hər zaman bir əyyaşa ötəri baxmısınız, ona heç diqqət yetirməmisiniz. İcazə verin biz deyək: Əyyaş insanın ən aşağı nöqtəsidir. Bir insan özünə nə qədər rəhimsiz ola bilər, bax o, o zaman əyyaşa çevrilər. Bu gəzən adamın qarşısında da belə bir insan, daha doğrusu, insanın ən aşağı nöqtəsində bərqərar olmuş bir varlıq dayanmışdı. Adam-sərkərdan və Əyyaş. Necə də ağır bir qarşılaşma!

                Adam ona yaxınlaşdı və xeyli səssiz-səmirsiz baxdıqdan sonra soruşdu:

    -Adın nədir?

    Əyyaş isə başını qaldırmadan cavab verdi, dedi ki, adım Vəhşi, Xortdan, Atılmış… Heç özüm də bilmirəm adımı.

    Bu həyatdan küsmüş, özündən nifrət edən adamın cavabı adamı narahat etdi, axı onun da bu gün gəldiyi vəziyyət beləcə əyyaşlıqla başlamışdı. Əyyaş cavan oğlan idi, amma düşdüyü bu çirkab onu sanki ahıl bir insana çevirmişdi. Üzünə diqqətlə baxanda bir zamanlar onun necə də gözəl olduğu, gənc xanımların diqqətini necə çəkə biləcəyi sezilirdi. Amma indi o günlərdən əsər-əlamət qalmamışdı.

    -De görüm, neçə yaşın var?

    -Yaş? Məni ələ salırsan. Nə yaş!

    Əyyaş güldü:

    -Mən yaşayırammı ki, yaşım da olsun. Rədd ol burdan! Nifrət edirəm insanlara.

    Əyyaş bir insan belə görmək, səsini duymaq istəmirdi. O, əlindəki butulkadan son xortumu da çəkib bədəninə adama doğru fırladır:

    -Rədd ol, dedim sənə!..

                Adam tək-tənha yoluna davam etməyə başladı. Soyuq yenə güclü idi, təbiətə hakim kəsilmişdi. Səhər də yavaş-yavaş açılmaq üzrədir, insanlar daha isti çaylarını içib küçələrə axışmağa başlamışdılar. Bir azdan küçələrdə uşaqlar da gözə dəyir, onlar qar topu oynayırdılar, səslər, şən gülüşlər isə ətrafa yayılmışdı. Artıq günortaya doğru yeməkxanalardan isti hava, gözəl qoxular da yayılırdı küçələrə. Adam arabir dayanır, istinin və yeməyin qoxusunu içinə çəkirdi. Bəs yolda tək-tənha gəzən bu adam kimi idi? Nə vaxtsa bir nəfərə içini açıb tökmüşdü:

    -Mən bir sərkərdanam, dilənirəm, həm də evsiz-eşiksizəm. Döşəyim oturacaqlar, beton döşəmələr, ən yaxşısı yaşıl örtüklərdi. Yastığım yoldan tapdığım bir plastik su butulkası. Yorğanım yayda olmur, payızda səxavətli ağacların yarpağı, qışda buludlar və illər öncə itirdiyim qızımın bəyaz libasıtək ağappaq olan qar olur. Dostum yoxdu, hamı mənə xor baxır. Düşmənim isə bir vəfasız dünyadı. Birinə yığıb yığıştıra bilməyəcəyi qədər verib, digərini lüt-üryan buraxıb. Birinin onlarla içi boş qalan ev-eşiyi, imarəti, digərinin gecələməyə bir daxması da yox. Dünya budu…

                Adam düşüb şəhərin küçələrinə, insan yığını çox olan yollara. Dilənir:

    -Allah xətrinə məni geri çevirməyin. Acam, istəyirəm…

    Biri heç baxmırdı üzünə. Belələrindən o incimirdi heç, digəri söyür, təhqir edirdi. “İtil cəhənnəmə”… “Rədd ol burdan…” “Əclaf…”. Bir kimsə də pul verirdi, on qəpik, iyirmi qəpik… Bir manat… çox zaman da itə atar kimi.

                Adam dəmir, bəzən də kağız pullar alırdı. Amma o, əslində, bu pulları heç istəmirdi, istəmirdi bunu insanlardan. “Axı, mən pul üçün dilənmirəm”,-deyirdi.

    Bəs bu sərkərdan və o Əyyaş nə istəyirdi?! Ah, onları bir anlaya bilsək, dünya qurtuluşa varacaq. Onlar, təbiətin bütün insanlar kimi onların da payına verdiyi ruzidən, bərəkətdən istəyirdilər. İstəyirdilər ki, onları da anlaya bilək. Onlar birdən-birə belə bir insana çevrilməyiblər ki, bu vəziyyətlə bizlərin heç mi günahı yoxdur? İnsan yaradılmışların ən əşrəfi deyilmi?! Yaradılmışların ən əşrəfi olan insan beləmi hörmətə, rəftara layiq görülməlidir? Heyhat! Heyhat ki, heyhat!

    …Adam bax belə bir dünyada, belə bir soyuq, qarlı-şaxtalı gündə etinazsızlıqdan payını almışdı, ona əzab verən, bəlkə də, havanın soyuqluğundan çox insanların biganəliyi, soyuq münasibəti idi. Belə bir vəziyyətdə o, ağır-ağır yolunda davam edirdi, çox düşüncəli idi, sanki hər kəsdən, hər şeydən ümidini kəsmişdi. Siz heç hər kəsdən, hər şeydən ümidini kəsən adam görmüsünüzmü?

    Hava isə getdikcə soyumaqda davam edirdi. Təbiəti isidən Günəş bu nəhs gündə qəribəlikdən heç doğmadı da. İnsanlar isti evlərindən çıxdılar, işə gedən qayıtdılar, yollar, küçələr, xiyabanlar dolub-daşdı və artıq gün başa çatmaq üzrə idi. Budur, şəhərə qaranlıq da çökməyə başlayıb. Hər kəs isti yuvasına tələsir. Şaxtalı hava kimi onlar da necə sərt və soyuqdurlar, ilahi. Adam isə yenə küçələrdə tək-tənha. O, özünə sığınıb, üşüyür, yox daha üşümək mərhələsini də çoxdan adlayıb, o donurdu. Addımları da yavaşıyıb, artıq ayaqları addımlamır, onun sözünə baxmır, sürütlənirdi. Bir azdan adam yerə yıxılır, o, artıq ölümün pəncəsində idi. Bu yetmiş yaşına lövbər vurmuş bu kişi indi yıxılıb yerə. Qar da amansızcasına yağmaqda davam edirdi. İnanmayacaqsınız, adam ölüm ayağında gözlənilmədən istini hiss edir, bədəninə bir istilik hopmağa başlayıb, bədən artıq donmurdu. Bu anda onun gözündən yaş axdı. Sən demə, bu həyatın ona son zərbəsi imiş. Bu əcəl təri imiş onu basıb. Və ölüm, bir gün hamını haqlayacaq o əcəl gerçəkləşdi. Siz necə, düşünmüşdünüzmü ki, ölüm qurtuluşdur?! Adam beləcə qurtuldu ona əzab verən həyatdan. Amma yenə tək-tənha idi. Yanında onu sevən, onun üçün ağlayan, ah-nalə qoparan yox idi. Bəlkə də, beləsi daha yaxşı idi.   

    …İndi qar daha güclü yağırdı. Budur, bir azdan o, adamın üstünü sanki ağ kəfən kimi örtmüşdü.

      Naxçıvan Muxtar RESPUBLİKASI.

  • İlahə ALLAHVERDİYEVA.”Mənim dərdli dilim”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri,

    Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

                                                 Mənim dərdli dilim
          İllərdir  ana dilimi düzgün yazıb, doğru danışa bilmək üçün mücadilə edirəm.

    Hələ tez-tez istifadə etmədiyiniz sözlər və orfoqrafiya qaydaları varsa və siz həssaslıqla onlara diqqət etməyə çalışırsınızsa özünüzə inamınız zədələnir. Bu zaman Orfaqrafiya lüğəti dərhal köməyimizə gəlir. Çox vaxt hətta onun belə imdadımıza çata bilmədiyi hallar olur. Amma bu işin tək fəlsəfəsi var. Axtar, soruş sonunda mütləq doğrusunu tap.
    Haqqını vermək, özündən əmin olmaq və ən əsası dilimizin müqəddəslik zirvəsini qoruya bilmək hər birimizin vəzifəsi olmalıdır. Biz hələ bu vəzifəmizi düzgün yerinə yetirə bilmədiyimiz halda ağlımız, fikrimiz ikinci dil öyrənməkdə qalıb. Sanki öz dilimizi öyrənmişik indidə sıra digər dillərə çatıb. Bəlkədə ana dilimizin ahı tutub bizi ki , on bir il orta məktəbdə sonra isə ali məktəbdə bizlərə dil dərsləri keçsələrdə hələ də doğru-düzgün yazıb danışa bilmirik.
    İşimiz qalıb Allaha, gərək O bizi aydınlatsın ki, dilimizin önəmini anlayıb beşikdən məzaradək ” dilimiz kimliyimizdir” şüurunu həyat tərzimizə çevirə bilək.
    Dilimizin qaydalarına nəzər salsaq bildiyimizi zənn etdiyimiz, hətta özümüzü alimi saydığımız səs, hərf, səs artımı, səs düşümü, sözlərin və şəkilçiləri yazılışı, mürəkkəb sözlər, durğu işarələri, heca qurluşu…. haqqında əslində çox az şey bildiyimizi görərik. Allaha şükr edirəm ki öyrənməli olduğumuz bu qədər şey arasında yaxşı ki ” sosial şəbəkə dili ” yoxdur. Yoxsa ” slm, saol, cnm, by, ok…” kimi qəribə, çirkin, zəhmətsiz və zövqsüz yazılmış abveturaları öyrənəcəkdik. Deyirəm görəsən insanın öz dilindən hərf oğurlaması oğurluq sayılırmı? Cavabını bilmirəm amma qulağa, gözə və vəfaya tərs olan hər şeydən kənarda və qarşısında durmağı seçməliyi vəzifə etməliyik deyə düşünürəm.
    Birdə gələcəyimizin sahibi olan gənclərimiz var. Biz bu gün dilimizdən oğurluq etsək onların sabahlarına dağıntı altında miras qoymarıqmı? İşimiz çox ağırdır. Gələcəyimizin bu gün bizim dilimizə göstərdiyimiz həssaslığa çox ehtiyacı var.
    İndi bu yazını yazarkən kim bilir nə qədər səhv etmişəm. Öyrənmək bitmir… Dönə-dönə oxunana qədər fərqinə varmırıq və diqqətimizdən kənarda qalır. Bağışlamağınız ümidiylə…

                                           İlahə Allahverdiyeva 

    Naxçıvan Dövlət Universitetinin “Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi

  • Şəfa VƏLİYEVA.” İntizar şeirləri və qırıq qəlb toplayıcısı… “

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

                Daşlı, dar küçələrin birindən digərinə adladıqca ayağındakı rezin çəkmənin səsi dəyişirdi; bayaq cırıldayan çəkmə indi pişik miyoltusuna bənzər bir ağı çəkirdi. Qoca bu səsləri min il idi ki, eşidirdi…

    -Min il oldu ha!-deyə gülümsədi və başını qaldırıb beşmərtəbəli binanın köksündə kösövə dönən pəncərəyə baxdı: -Bir, iki…Üç… Hə, dəqiq üçüncü mərtəbədir.

                Pəncərədən düşən işıq səkinin başı üstündən özünü küçəyə atmışdı, amma burda da yerini rahatlaya bilməmiş,  iki tək-bir cüt daşın üstünə başını söykəsə də, titrəməsi kəsməmişdi. Qoca heybəsini işığa əmanət eylədi və ehtiyatla, ayağının altına diqqətlə baxa-baxa divarın dibinə-pəncərənin altındakı qaranlıağa doğru irəlilədi. Gümanı çin çıxmışdı; burda da qırıq qəlb vardı…

                …Çox sonralar, qocanın yaddaşı xəfifləyəndə, gözlərinin işığı öləziyib, ayaqlarının təpəri yesir olanda nəvələrini başına yığıb danışacaqdı:

    -Həmin gecə beşmərtəbəli binada tək bircə pəncərədə işıq vardı. Dünya yatan vaxt oyaq olanın qəlbinin qırıldığını illərin təcrübəsi öyrtəmişdi mənə… Və elə, əlimlə qoyduğum kimi də tapdım o gecənin qənimətini-qırıq qəlbi…

    -Üstündə nə yazılmışdı, babacan?-Nəvələrin ən dəcəlinin dili dinc durmamışdı.

    – … “Sona İntizar” yazılmışdı…-Qoca yaddaş xəritəsində işarələdiyi yeri tez tapdığına o qədər sevinmişdi ki, “İntizar” sözünü deməyində belə, bir şənlik vardı…

                ***

                Şeirə könül verənlərdəndir o… Bildiyini, gördüyünü, lap elə  gözünü yumub ruhunu çırpdığı naməlumluqları da şeirlə anladır. Yazır ki: “Arada ürəkdən gah küs, gah barış, Hisslərin düzülsün qoy sətirlərə…”  Şeiri “düzüb-qoşanlardan” fərqli olaraq, misraların hisslərin son ucu olduğunu dərk edir. Bu dərketmə onun xoşbəxtliyidirmi?  Cavabını qətiləşdirməyə ürəyim gəlməyən sualdan yaxa qurtarmaq üçün üzümü tuturam növbəti şeirə:

    Sən hardan biləsən nədir məhəbbət,

    Dualar etməyi öyrəndinmi sən?

                Ola bilər ki, dua etmək hansısa fövqəl gücün buyruğu olsun, amma ona nəyi, necə sığdırmağı insan övladı özü kəşf edib. Və məncə, hisslərinə qudsal donu geyindirməyə də məhz bundan sonra başlayıb… Ona görə də, duanı məhəbbət qədər ülvi, məhəbbəti də dua qədər toxunulmaz, sözqonmaz saymaq qərarına gəlib….

                Amma insanın dünyadan küsdüyü, olub-bitəni günahkar çıxardığı “fələyin” ayağına yazdığı vaxtlar da olur ki, belə anlar heç bir düşüncə dolabına sığmır; qapı dalındakı kiçik, siyirməli, taxta oturacağın  dabankeş asılan əyri mismarı bəs edir ki, zehnindəki durğunluğun boğazlığına keçirəsən. Məhz belə  zamanlarda doğulur “ən adi şeirlər”:  “Bir də görürsən ki, gözün qaralır, Daha döyünməyir sinəndə ürək.”

                ***

                Qırıq qəlb toplayıcısı kimi ömür keçirən qoca taxta çərçivəli pəncərənin önünə,  nəlbəkidə yanan şama baxır, həmin gecəyə aid nəsə tapacağına olan ümidini itirməyərək yaddaşını eşələyirdi. Burnunun üstü qırışanda, dodaqlarının kənarları asta-asta büküləndə dəcəl nəvə onun axtardığını tapdığını anladı və əlini uzadıb babasının yun corablarının ucunu dartışdırdı:

    -Babacan! Söylə… Söylə…

    -Həmin gecə ilk dəfəydi ki,  qəlbi qırılan birinin yaşadığı evdən mahnı səsi gəlirdi.

    -Mahnı?

    -Hə…-Qoca oynaqları şişmiş barmaqlarını üst-üstə qarmaqladı, sonra peşmanladı, çənəsini sinəsinə söykəyib inamsızlıqla pıçıldadı:-Mahnı deyildi, əslində… Şeir idi…Amma qız özü mahnı kimi oxuyurdu…

                ***

                “Xəyalına söylə, bir də qarşıma Qoy sənsiz gəlməsin, sənsiz çıxmasın…”-üsyan edir Sona İntizar… Öz qurduğu xəyalları səliqəylə, nizamla yığdığı könül rəfinin ən üst gözünə baxarkən,  nataraz, həyatın əyninə gəlməyən, rəngi qarışıq xəyalı görərkən gücü elə buna çatır. Sonra bütün ümidlərini dəstələyir, cəsarətini bağ edib ümid şələsi qurur, ayağını bu şələnin üstünə qoyur, boyunu həmin o nataraz xəyala uzadır (əlini uzatmağı qüruruna xəyanət sayır amma…),  bağırdığını sanır: “Mən sənin gözündə nə olmuşam, bəs?” Səsini isə təkcə özü, bir də qırılmış qəlbini heybəsində daşıyan o qoca eşidir…

                “Şeirimin hər sətri səndən bəhs edir…” Üz tutduğu “sən”i də özü yaradıb…

                “Bir şeir yaz, qələm, özündən danış, Misralar bəzənsin təbəssümlərə.” Təkləndiyi ömür düzündə üzü tutan bircə qələmi qalır şairin…

                ***

                Qoca nəvələrinə söylədiyi nağılın sonunda göydən düşən üç almanı bölə bilməmişdisə də,  nağıldakı sehir uşaqların “şirin yuxuya batmasına” yetmişdi. Qoca da yatmaq, minilliklərin yaddaşındakı sınıq-salxaq nəfəsliklərindən içəri təpilən xatirələrin gözündən yayınmaq istəyirdi. Bacarmırdı…

    -Deyəsən, bu qış gecəsi umduğumdan da uzun olacaq axı…-Təəssüflə başını buladı və ip corablarının üstündəki naxışları görmək üçün ayağını yuxarı qaldırdı, şam işığına tutdu.

                …Səhər nəvələri qocanı üzündə gülüş, amma nəfəssiz tapdılar. Pəncərənin buğunda bircə cümlə yazılmışdı: “Qəlblər qırıldıqca şairlər susmayacaq…”

                ***
                “Gül- çiçəkli bağsan, Mən torlu çəpər, Biz ayrı doğulduq…” Bəzən eşq daşın şəlaləyə, şəlalənin də intiharına bəarət qazandırdığı təbiətə aşiq olduğundan başqa  heç bir məna daşımır. Və beləcə, davamedici zaman formasında yaşayan insan  solmuş ümid çiçəyinə yas saxlamaq əvəzinə, dibinə bir ovuc daha sevgi tökür, bir xoş söz daha deyir… 

                Qırıq qəlb toplayıcısı olan qoca Sona İntizarın şeirlərində məhz bu həqiqəti tapmışdı…  Babalarından aldığı əmanəti-qırıq qəlbləri toplamağı nəvələrinə ötürməyi bacarmağın xoşbəxtliyi ilə sonuncu nəfəsini havaya sovurmuşdu…

                Nəvələr baş-başa verib işə hardan başlayacaqlarını düşünürdülər. Dəcəl nəvə çoxbilmiş ifadəylə demişdi:

    -Gecələr işığı sönməyən pəncərələrin altına və  parkdakı oturacaqların yağışda quru qalan tərəflərinə baş çəkməliyik!

                                                   Şəfa Vəli (2022, Şəki)

  • Sona İNTİZAR.”YORULMUŞAM DAHA HƏR ŞEYDƏN, VALLAH!”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Susqun baxışlarla baxırsan mənə,
    Dinib danışmırsan, nə olub sənə?
    Sən canın, ayrılıqdan daha söz etmə,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Xəstəsi olmuşdum baxışlarının,
    İzinə düşmüşdüm qarışlarının,
    Heyranıydım çatılan o qaşlarının,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Yollarına çıxıb yol gözləyərdim,
    İncitsən, yenə də CAN söyləyərdim,
    Kaş, eşqin yerinə özüm öleydim,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Qurumuş dodaqda bir səs idin sən,
    Qulağıma gələn xoş səs idin sən,
    İçib eşq meyindən sərxoş idin sən,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Daha yazmayacam haqqında sənin,
    Nə dilim danışmaz, nə gəlməz təbim,
    Ruhdan düşmüşəm mən, yazmır qələmim,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    İntizar, sözünün sehrinə düşdüm,
    Bu geniş dünyadan küsdüm, bezikdim.
    Sözünə qüvvət olsun, mən də düşündüm,
    Yorulmuşam daha hər şeydən, Vallah!

  • Sona İNTİZAR.”İNSAN OĞLU”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Canını çürüdür bir insan oğlu
    Dörd yanı tikanlı, hasarlı yerdə.
    Ömrünü itirir, bir insan oğlu,
    Soyuq, məzar kimi, cəhənnəm bir də.

    Qocaldır insanı dərd – fikir-əsəb,
    Cavan yaşda qurban edib onu qəzəb.
    Bəlkə də adi səhv zindana səbəb
    Bəlkə günahsızdır bir insan oğlu.

    Kimi quldurluq edib, kimi oğrudur,

    Kimi nahaqdandır, kimi doğrudur,
    Kimsi də haqq üçün susub boğulur,
    Bəzən dı haqsızdır bir insan oğlu.

    Şərəfçün-qeyrətçün yatanlar da var,
    Əli namus qanına batanlar da var,
    Dostu qara pula satanlar da var,
    Necə vəfasızdır bir insan oğlu.

    İllərlə qandala məhkum olanlar,
    Həyatın dəyərin zindanda qanarlar.
    Bir gün ordan azad da çıxarlar,
    Key kimi, halsızdır bir insan oğlu.

    Elə oğul da var, zindanda hifs olar,
    Tövbəsin eləyər, namazın qılar,
    Zikr, dua edər, Quranı oxuyar
    Ya qalar imansız bir insan oğlu

  • Sona İNTİZAR.”KİMİ”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Gecələr zülmət olur, qaranlığın aşiqiyəm,
    Sən Məcnun olmusan, mən sənə Leyla kimiyəm.

    Sən o gecələrdə mənim gözəl xülyamsan,
    Mənsə gecələrinə var olan dünya kimiyəm.

    Yuxu qaçmış gözlərindən sən axtarma onu,
    Mən o gözlərdə xumar, gizlənmiş röya kimiyəm.

    Dodağında hecaya bölünmüş bircə adım qalar,
    Mən o dildə, o ləbdə elə heca kimiyəm.

    Gər, anlamasan mənim eşq-məhəbbətimi,
    Mən elə vaxtsız gələn o nakam sevda kimiyəm.

    Xatirində qalsa əgər sənlə olan günlərimiz,
    Dolsa höz, qızarsa üz, mən o üzdə həya kimiyəm.

    İntizar, sən şeir yazmısan, yene ünvanı odur?
    Mən qələmə, vəsf edərəm, təb dolu dərya kimiyəm.

  • Şəfa VƏLİYEVA.”Gele bilirmisin?”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Gele bilirmisin?
    Gel…
    Gidebildiyin gibi gel…
    Gidişini kucaklayan yolları
    Sana tarif edemem…
    Bitanem…
    Gel…
    Bildiyin gibi gel…

    2019

  • Şəfa VƏLİYEVA.”Bir ağustos akşamıdır…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Bir ağustos akşamıdır…
    Yüreğimden esen rüzgar
    Saçlarına ulaşıyor mu?
    Sende de hatıralar
    Aşk saatinin tersine
    Dörtayak koşuyor mu?

    Bir ağustos akşamında
    Dertleşirim şiirle;
    “Yağmurlar beni sevmiyor”…
    “Ama arkadaşım çay
    Dönüyor bir yudumluk sevgiliye…”
    Orhan hocam da çaya “arkadaşım” diyor…

    Ben ve ağustos akşamı…
    Kalbim hala unutmuyor
    İçinden geçib gitmişleri…
    Beyaz seçmişim çay bardağımı…
    Ruhumun dalgaları sahile vuruyor,
    Kim buluyor şiirimde “yitirilmişler”i?

    2019

  • Gülnar SƏMA.”Eləmə”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir yerə ki çağırdılar,
    Getmək üçün ar eləmə.
    Bir yerə ki çağrılmadın,
    Heç o yeri dar eləmə.

    Qalsın gözü yollarında,
    Qoy qalmasın pullarında.
    Yevroları, dolları da,
    Manatınla yar eləmə.

    Qəpiyinə güllə atma,
    Ciblərini topa tutma,
    Topu topa belə qatma,
    Oynadılan şar eləmə.

    Kim çağırdı, dünyaya gəl?
    Gəl-gəl deyir, amma əcəl,
    Səma özü kimi dəcəl,
    Qulağını kar eləmə.

  • Gülnar SƏMA.”Küləyə”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Payızın üstündə yaman əsirsən,
    Bir həsir, bir də ki Məmmədnəsirsən,
    Eləbil tufandan qalan kəsirsən,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən külək?”

    Payızın əlində yesirsən yesir,
    Baxan elə bilər olmusan nasir,
    Tutduğun əmələ günəş də susur,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən, külək?”

    Payız səni görüb səsini qısır,
    Toz-torpaq içində hər işin qüsur,
    Mənim hisslərimə edirsəm təsir,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən, külək?!”

  • Namiq HACIHEYDƏRLİ.Seçmə şeirlər

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    GƏLƏCƏM…

    Hər şey, hər şey yol gedir,
    Yenə səhv, yenə doğru…
    Ağac, çiçək boy atır,
    Yüksəlir Günə doğru.

    Hər yerə yol bol gedir,
    Ayrılır, min qol gedir.
    Din Allaha yol gedir,
    Möminlər dinə doğru…

    Bir Yeri var, bir Göyü,
    Yeri bağlı, sirr Göyü,
    Bir gün atıb hər şeyi
    Gələcəm Sənə doğru.

    DOĞRU

    Gec-tez bular haqq yolunu,
    Kimin ki, mayası doğru.
    Nadanın həyatı yalan,
    Aqilin röyası doğru.

    Haram ilə kisə dolmaz,
    Əyri gedən sonu bulmaz,
    Min böhtan at, biri qalmaz,
    Hər kəsin həyası doğru.

    Eşqi olan, olmaz asi,
    Eşq ürəkdən silər pası,
    Doğru olar o dünyası,
    Kimin bu dünyası doğru.

  • Namiq HACIHEYDƏRLİ.”Xaqan oğlu Bars bəy” (Hekayə)

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Hərdən keçib yerində otursa da, az sonra gərginliyini azaltmaq üçün təkrar durub gəzişməyə başlayırdı. Bu zaman xidmətçi içəriyə daxil oldu: “Ya Əmir! Əl Cərrah gəldi”!- dedi.
     

    Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə “Otur”!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı:

    – Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən, o məmləkətdə heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən!

    Əl Cərrah ayağa qalxıb əlini ürəyinin üstünə qoydu. Sonra təzim edərək:

    – Hökmünüz icra olunacaq, ya əmirəlmöminin!- dedi.

    Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə…

    -Yeddi gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Odur ki, burada çox qala bilmədi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək məqsədi ilə Dərbəndə doğru yol aldı.

    …Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı;

    – Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!

    – Qoy gəlsin, görsün qılıncımızı.

    – Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.

    – Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!

     – Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verər. Günəş tutular, ay tutular…

    Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi…

    Günəş yenicə doğmuşdu. Düşmən döyüşçülər üz-üzə dayanmışdı. Bir azdan amansız savaş başlayacaqdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:

    – Ey ərəb ordusu!

    Siz Allah və din yolunda döyüşürsüz. Allahımız, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa, bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq.

    Onlar cənnətdə sizə dadı dəyişməyən şirin sulu bulaqlar, süd gölləri, içənlərə ləzzət verən, yaşıllıqlar içində gecə-gündüz axmaqda olan şərab çayları təqdim edəcək. Siz o şərabdan sonsuza qədər bol-bol içəcəksiz. O şərablar dünyadakı şərablar kimi sizə başağrısı verməyəcək. Bu döyüşdə sağ qalan hər kəs isə böyük şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq, evinə çoxlu qızıllarla qayıdacaq…

    …Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Ancaq buna baxmayaraq, düşmənləri haqqında məqsədli şəkildə yaradılmış mif öz işini görürdü. Xəzər qoşunlarının böyük hissəsi tərəddüd içində, qorxuqarışıq ehtiyat hissi ilə döyüşürdü. Beləcə, səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı.

             Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi…

    O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı.

    …724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra yaxın zamanda əmrə uyğun olaraq, Dərbəndə doğru – xəzərlər üzərinə yürüş etməyi qərara aldı.

             …Xəzərlər heç cür yenilgi ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, onlarla söhbətlər aparır, düşmənlərin heç bir qeyri-adi gücə sahib olmadıqlarını, onları cəsarətlə döyüşərlərsə, Xəzərlərin düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Uzunmüddətli söhbətlər və ardıcıl təlimlər öz bəhrəsini verməkdə idi. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:

    – İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın, bizi üzən əzaba və kədərə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın… Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu: 

    Ərənlərim! Bu yenilgi ilə yaşamağı qəbul edirsizmi?!

    – Yenilgi ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!

    – Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!

    – Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur! – deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.

    – Elə isə hazırlaşın, sabah döyüşə gedirik! – deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı.

    – Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı…

    …724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini gətirdilər. O, bir az sonra uca bir yerə çıxdı. Quzeydən onlara doğru sel kimi axıb gələn bir ordu gördü.

    Bu, Xaqan oğlu Bars Bəyin başçılıq etdiyi Xəzər ordusu idi…

    …Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan şiddətli döyüş günorta başa çatdı. İşğalçı ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi bu saysız-hesabsız ərəb cəsədləri arasında idi…

    …Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti yenidən əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq – Tanrının onu bağışladığı inancından qaynaqlanan – sevinc duyğusunu yaşaması idi.

  • Banu MUHARREM.””Yolüstü- yağışların dostu”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Yolüstü-
    yağışların dostu
    Danış, susduğum yağış
    Qulağıma yaxın gəl,
    Bu sənsən? !
    Su yanğıma su gətir,
    Susuzluğu yatır- gəl!
    Gələrsən?!
    Güz çiçəyi kimiyəm.
    Mən bahar yaşamadım.
    Sevilməyi bilmədim
    Ümid kimi- ölmədim.
    Sən tək dönə bilmədim
    hər gedişin sonundan.
    Mən sevgiyə gec qaldım-
    Sevgidən aca qaldım.
    Bəlkə də uca daldım.
    Gəl,e…. gəl..
    Yanağımda düzül,gəl.
    Dodağımda isin!
    Gəl!
    Gülərsən.
    Danış , susduğum yağış
    Dodağıma yaxın gəl.
    Bu sənsən..

  • Banu MUHARREM.”Heç bilmirəm.”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Heç bilmirəm.
    Heç bilmirəm
    Arzuları neçə günə ovutdum,
    İnamımı neçə ucuz dostlarımçun ələdim.
    Yaşlanırdım -mən həminki,o acıdil kobuddum.
    Ciblərim də boşalmışdı, ürəyimi xərclədim.
    Mayası bol uydurmadır sevgilər . Elə olur adətən.
    Hər gün nağıl dinləyərdim
    Uşaq ikən “yox babam”ın dilindən.
    Bir peşəkar yalançıydı -gözlərim də-
    Gülümsərdi ağrıların əlindən.
    Dinlədiyim nağıllarda ölənləri saydıqca,
    Dodağımı gəmirərdim,
    qabırğam da göynəyərdi əlimdən.
    Elə gözəl böyümüşdüm ,
    Elə körpə uşaq ikən ölmüşdüm-
    Fərqlənirdim yaşıdlardan,
    ilan kimi mələyirdim,İlahi.
    Deyirdilər ,sən əvəzsiz, bağışlayan, rəhmdil..
    Necə oldu, 3-4illik uşaqlığa qıya bildin, İlahi..
    Mən yenə də sənə küsdüm,
    Səndən qaçdım, üsyan etdim, İlahi…
    Yuxulardan boz dünyama yolladığın qollar da
    HələliyI həmişəliyə dəyişdilər bir axşam.
    Yenə həmin qaranlığa göndərdilər könlümü
    Ayaq tutub , yenə sənə qaça bildim,İlahi..

  • Banu MUHARREM.”Tapılar”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Usanma dünyada, sınma həyatda.
    Sabaha açılan bir yol tapılar.
    Qəbullan qisməti,olsa bayat da,
    Səbrinə ‘şükranlıq bir ol’ tapılar.

    Ariflər içində görünərsənsə,
    Yaxşılıq biçimli bürünərsənsə,
    İlahi sevgiyə sürünərsənsə,
    Şəfqəti əlində bir qul tapılar.

    Çoxunun əlindən zəhər içərsən,
    Alovla yanarsan, qora düşərsən,
    İmdada yetişib suya düşərsən,
    Quruya çıxaran bir qol tapılar.

    Əzabın çarəsiz bir ömür boyu,
    Yusifin göz yaşı, bir sonsuz quyu,
    Səhrada dodağın qurusa suyu,
    Yoluna fışqıran bir göl tapılar.

  • Banu MUHARREM.”Gözünə batmışam, məni bağışla…”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Bu şəbi yeldada səni düşündüm-
    Gözündə yox idim əzəl baxışdan
    Bilirdim qozbeli qəbir düzəldər..
    Bilmirdim kor qalar gözlər – baxışdan.

    Bilirdim qozbeli qəbir düzəldər..
    Bilmirdim kor qalar gözlər – baxışdan.
    Mən yenə bilmədim yoxu, korluğu.
    Tutmaq da alınmır qara yoxluğu .
    Tapa bilməyəndə sənli toxluğu
    Başımı qatmışam suyla, yağışla.

    Könlüm köhlənində sazın çalanda,
    Qulağım səsinə heyran olanda,
    Sinəmdə ürəyim viran qalanda,
    Deyirdi- ‘qəhərin gəlir, qarşıla! ‘

    Yuxuma dönəndə yolun,çaşırdım
    Şabalıd saçımla qolun aşırdım..
    Könlünə batmaqçun hey çalışırdım..
    Gözünə batmışam, məni bağışla…

  • Banu MUHARREM.”Sən yadıma düşəndə..”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Sən yadıma düşəndə
    günəşə göz atıram, gözlərimi yandırır.
    O parıltı sənsənmi? qalan ağlımı alır.

    Sən yadıma düşəndə
    kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.
    O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.

    Sən yadıma düşəndə
    ay günəşlə yarışmır, günəş ayla öpüşür.
    O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.

    Sən yadıma düşəndə
    İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar.
    O cürünü görmüsən?!
    Elə bil çiçəklərdən toz daşıyır arılar.

    Sən yadıma düşəndə
    Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar.
    O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli balıqlar…

    Sən yadıma düşəndə
    Düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz dolanmış qollar.
    O qolların ağrımır ələndikcə yağışlar?!
    Mənəm də, Allah haqqı, sən yadıma düşdükcə sonunu dəyişırəm- xoşbəxt bitir nağıllar.

  • Sona İNTİZAR.”Yağış “

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Yağışa baxıram… səni düşünüb,
    Gör necə narındı, sakitcə yağır.
    Hər damcısı göydən yerə ələnib
    Necə gözəl bir mənzərə yaradır.

    Əlimi açıram yağışa sarı,
    Düşür ovucuma tər-tər damlalar,
    Səni gətirəydi yanıma barı
    Göydən yerə düşən narın damcılar.

    İsladır üzümü yağan bu yağış,
    Gözümün yaşı da qarışır ona.
    Üzümdən sel gedir, iz naxış-naxış
    Mən necə dayanım, de necə buna?!

    Özümü nə qədər cilovlasam da,
    Qəhər məni boğur, ağlayıram mən.
    Nə bilim… niyəsini almasam da,
    Səni hər damcı dan soruşuram mən.

    Sakitcə seyr edim, səni, ey yağış,
    Sən yağ, damcıların toxunsun mənə.
    Yarımın ətrini səndən almamış,
    Sən yağ, yanağını kəsmə, bəs etmə.

    Sonayam, sevirəm mən səni yağış,
    Saçımı isladır hər damcın sənin.
    Bu gün mən susacam, sən məndən danış…
    Qoy sənin gözünlə özümü görüm.

  • Anar Kərimov nazirliyin mətbuat orqanlarının kollektivləri ilə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib.

    Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

    Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.

    Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar.
    Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.

    Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

    Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın  imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.    

    “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.

    Mənbə: https://culture.gov.az/

  • A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında

    A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                            

    Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.

    lham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilsin.

    2. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilsin.

    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Sona İNTİZAR.”XOŞBƏXTLİYİN SİRRİ”

    This image has an empty alt attribute; its file name is IMG-20221214-WA0000.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Çox rəngarəng dünyada yaşayırıq bizlər. Kiminə rəngli, kiminə sadece ağ-qara rəngdən ibarət olan bir dünya. Bəzən bir tərslikdən dolayı öz həyatımızı qaraya bürüyər, bəzən ani bir xoşbəxtlikdən yaşantımızı rəngləndirməyi bacarırıq. Demək hər yaşantı insanın öz iradəsindən asılı imiş…
    İnsan sadəcə kimisə sevməklə deyil, özünü sevməklə də xoşbəxt ola bilir. Bəli, sevgi, sevməyi bacarmaq hissi məs elə özünü sevməkdən başlayır. Bu xoşbəxtliyə aparan yoldur, xoşbəxtliyin başlanğıcıdır.
    Həyatın məşəqqətli yollarından keçmiş bir insan üçün üzündə təbəssümü aradan hər şey xoşbəxtlik deməkdir. Yalnız bir xətt üzrə yaşayan insanı isə heç nə təəccübləndirə bilməz. Buna görə də, xoşbəxt ola bilmir insan. Əlində olan xoşbəxtliyi duya bilmir və gözü qıraqda axtarır o adını bilib, özünün hiss etmədiyi o hissi. Necə olur ki, bəs bu fürsəti qaçırırıq əldən? Demək ki, insan göz önündə olanlarla deyil, hardasa əlçatmazlıqda görür xoşbəxtliyi… Çünki, tez və asan əldə olunan heç bir şey insanı daim xoşbəxt edə bilməz. Zatən xoşbəxtlik daimi olmur. Məncə bu ani yaşanılan hissin bir neçə vaxt sürdüyü təsir gücüdür ki, bir müddət insanın hafizəsində qalır… Və bu insana “daimi xoşbəxtlik” adı altında şüuraltı təsir edir. Bəlkə bundadır ki, inciyəndə, təsirlənən qarşımızdakı insanı “SƏN DƏYİŞİLMİSƏ”, “ƏVVƏL BELƏ DEYİLDİN” – deyərək tənbeh edirik çox vaxt. Amma, oysa ki, əslində öz əlindədir insanın xoşbəxt olması…
    Mən bir çox mərhələləri atlatdım bu həyatda və qərara gəldiyim bu oldu ki, xoşbəxtlik bir qapıdır. Və o qapının açarı yalnız Hörmət və Sevgidir.
    İnsan birinci özünə hörmət etməlidir, sonra düşdüyü mühütdə öz tutduğu mövqeyi möhkəmləndirməliyik. Sevincindən pay verməyi bacarmalıdır. Bunlar insanı formalaşdıran amillərdi. Necə ki biz özümüzü bədbin, rahatsız, gücsüz hiss edəndə nəyəsə və ya kiməsə ehtiyac duyuruq, eləcə də xoşbəxt, sevincli, yüksək əhvalda olanda da mütləq paylaşmağı bacarmalıyıq. Bu hiss insana fərahlıq verir, könlünü cavanlaşdırır. Xoşbəxtliyin sirri mənim üçün yalnız görünən amillərə deyil, görünməyən hisslərdədir.
    Odur ki, sevgi dolu həyat arzusuyla…

  • “II Sumqayıt Kitab Sərgisi” keçiriləcək

    Xəbər verdiyimiz kimi, 23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.

    Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.

    Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.

    Dekabrın 23-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında yazıçı Varis Yolçuyev oxucularla görüşəcək.

    Dekabrın 23-ü saat 15:00-da “Şirvan” təqdimat zonasında bloger Həvva Səfərova “Səyahətdə kitab” seminarı verəcək.

    Dekabrın 24-ü saat 11:00-da “Şirvan” təqdimat zonasında teleaparıcı Rafiq Həşimov kitab və televiziya anlayşından söhbət açacaq.

    Dekabrın 24-ü saat 13:00-da “Şirvan” təqdimat zonasında yazıçı Orxan Fikrətoğlu müasir romançılıq anlayışından danışacaq.

    Dekabrın 24-ü saat 14:00-da “Təbriz” təqdimat zonasında reper PRoMete həyatını dəyişən kitablardan danışacaq.

    Dekabrın 24-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında İlqar Fəhmi və Arif Buzovnalının şeir saatı baş tutacaq.

    Dekabrın 24-ü saat 16:00-da “Şirvan” təqdimat zonasında bədii qiraətçi Xəzər Süleymanlı və şair Aqşin Evrənin şeir saatı keçiriləcək.

    Dekabrın 24-ü saat 18:00-da Kamran Muradlının ifasında Ülviyyə Heydərovanın pyesi əsasında qurulmuş “Pələng” monotamaşası oynanılacaq.

    Dekabrın 25-i saat 12:00-da “Təbriz” təqdimat zonasında təlimçi Orxan Şahbaz duyğuların idarə edilməsindən söz açacaq.

    Dekabrın 25-i saat 12:00-da “Şirvan” təqdimat zonasında Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu nitqdəki uzunçuluqdan danışacaq.

    Dekabrın 25-i saat 13:00-da “Təbriz” təqdimat zonasında Aytac Qəmbərova “Danışan şəkillər” nağılı əsasında kukla tamaşası nümayiş etdirəcək. Dekabrın 25-i saat 13:00-da “Şirvan” təqdimat zonasında hərbi diktor, müğənni Şəmistan Əlizamanlı poeziya və musiqidə vətənpərvərlik anlayışından söz açacaq.

    Saat 14:00-da isə “Şirvan” təqdimat zonasında yazıçılar Qismət və Aqşin Yeniseyin “Oxutmuram, əl çəkin!” adlı müzakirə saatı başlayacaq.

    Dekabrın 25-i saat 14:00-da “Təbriz” təqdimat zonasında yazıçı Rövşən Abdullaoğlunun imza saatı keçiriləcək.

    Dekabrın 25-i saat 16:00-da “Təbriz” təqdimat zonasında yazıçı Elxan Elatlının “Qazinin ölümü” kitabının təqdimat və imza mərasimi olacaq.

    Dekabrın 25-i saat 16:00-da “Şirvan” təqdimat zonasında yazıçı Ülviyyə Tahirin imza saatı baş tutacaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Mifoloji lüğət”

    Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.

    Tərcümə Mərkəzinin məlumatına görə, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.

    Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

    “Ədəbiyyat və incəsənət”

    (21.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Mədəniyyət naziri Anar Kərimov Xalq rəssamı Ömər Eldarovla görüşüb

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də Xalq rəssamı, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.

    Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq heykəltəraşa ən xoş arzularını çatdırıb.

    Nazir bildirib kiAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 dekabr 2022-ci ildə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmağı ölkə başçısı tərəfindən fəaliyyətinə verilən yüksək dəyərdir.

    Sonda nazir yubileyi münasibətilə Ömər Eldarova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.

    Ömər Eldarov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.

    Mənbə: https://culture.gov.az/

  • “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-televiziya filmi üçün musiqi (soundtrack) müsabiqəsi elan olunur

    Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.

    İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq.  Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.

    QEYD 1: “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır.  Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.  

    Müsabiqənin əsas şərtləri

    1. Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
    2. Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
    3. İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
    4. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək. 

    Mükafatlandırma

    Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:

    1. 1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
    2. 2-ci yer üçün: 1.000 (bir min) manat
    3. 3-cü yer üçün: 500 (beş yüz) manat

    Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

    QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq. 

    IV.       Bəstələrin təqdim etmə qaydaları

    1. Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
    2. Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
    3. Format: Mp3
    4. E-mail ünvanı: info@shahdagfilm.az
    5. İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.

    V.         Qaliblərin seçilməsi

    Qaliblər  Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.

    Mənbə: https://culture.gov.az/

  • Aysel NƏSİRZADƏ.Yeni şeirlər

    İKİNDİ AZANIYLA…
    İkindi azanıyla yol alır
    Üfiqə doğru Günəş.
    Yol aldığı yerdən sarır buludları atəş rəngi. Bəzəyir göy üzünü
    Qırmızının sarıyla ahəngi.
    Qıyıldıqca günün gözü
    Zamanı xatırladır –
    Dünəni xatirə,
    Sabahı xəyal
    Bugünü acısıyla,
    Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.

    LÖVBƏR SALMAZ GƏMİLƏR
    Bu limana lövbər salmaz gəmilər,
    Susar qağayılar sahil boyunca.
    Günəş də dənizə qıyğacı baxar,
    Çəkilər qınına yerdən doyunca.

    Rüzgar qayalara çırpar dalğanı,
    Dənizə atılmış dərdlər dağılar.
    Buxarlanıb göyə çıxan hər dərdə
    Yağış söylər həzin-həzin ağılar.

    Yer üzü islanar insan ahıyla,
    Allahı unudan yadına salar.
    Yenə o sahildə bərk qaya üstə
    Gedənə həsrətli tək qalan ağlar.

    YOL BİR NƏFƏS
    “Öz dibinə kölgə salmaz şam ağacı”,
    Dərd gözünü zilləyər,
    Sevinc baxar qıyğacı.
    Ömür yolun ölçər zaman-
    Həyat adlı.
    Bir gün gəlib keçmək bilmir,
    İllər isə yel qanadlı.
    Uzaq gəlir, hər şey uzaq,
    Ümid əsir, arzu əbəs.
    Bu dünyadan o dünyaya
    Uzaq deyil, yol bir nəfəs.

    TƏBİƏTİN BƏSTƏSİ
    Budağıyla vidalaşan
    Xəzəllərin xışıltısı
    Təbiətin bəstəsidi.
    Aynəbəndi döyəcləyən
    Sərçələrin civiltisi
    Payız zümzüməsidi.
    Noyabrın bir qucaqlıq darıxmağı
    Gəlib qoynuna sığınar.
    Anlayarsan,
    Hamı hər kəsin heç kəsidi.

    ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ…
    Elə intəhasız darıxıram ki…
    Dilimdə ən şirin sözüm darıxır.
    Nəmli kirpiyimin sığal çəkdiyi,
    Çuxuru göllənmiş gözüm darıxır.
    Elə intəhasız darıxıram ki…
    Bu şəhərin mənəm qərib sakini.
    Qayğılardan yosun tutmuş ürəyim,
    Qarışdırmış nifrət ilə sevgini.
    Elə intəhasız darıxıram ki…
    Uzaq düşər sevinc, kədər boylanar.
    Pəncərəmi xısın-xısın döyəclər
    Qaranquşu yola salan son bahar.
    Elə intəhasız darıxıram ki…
    Üzərimdə nakam arzu kölgəsi.
    Bu dünyaya ruhum sığmır əzəldən,
    Yəqin, odur darıxmağın bəlkəsi.

    *
    Mən seçmədim göz yaşına əsirliyi,
    Tale seçdi.
    Ruhum göyərçin tək dar qəfəsdə
    Kədər biçdi.
    İndi gözəl nə düşünsəm, yanındadır kədər payım.
    Sevinc heçdir.
    Bilinmədi qaça – qovda uşaqlığım,
    Gəncliyim də
    Belə….keçdi

  • Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                  

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 20 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Məhəmməd NƏRİMANOĞLU.”ZİRVƏDƏ DAYANDI, OXUDU, QƏMKEŞ”

    Qəmkeş-Allahverdi-90

    İlahidən ofsunlanmış səsiylə
    Elin çoxşaxəi söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayan poeziya həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.
    İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
    Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
    Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
    Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
    Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
    Kəlbəcər rayonunda 1000 nəfərdən çox şer yazmağı bacaran kişi və qadın el şairləri vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində məcburi köçkün düşməsi bir çox kəlbəcərlini söz adamına çevirmişdir. Onların şerləri mənfur düşmənlərə qarşı sovlu xəncərdən kəsərli söz qılıncıdır.
    Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan, oğlu Dədə Şəmşir zirvəsindən başlanan müuqəddəs yol, çox şükürlər olsun ki, bu gün də uğurla davam etdilir, yeni nəfəslərlə, müxtəlif formalı şer nümunəlri ilə. Kəlbəcərin şer yazan aşıqlarından Aşıq Hüseynin, Aşıq Avazın, Allahverdi Qəmkeşin, Aşıq Həmid və oğlu Xalıqverdi Həmidoğlunun, Aşıq Qardaşxanın, Aşıq Hidayətin, Aşıq İmranın, Aşıq Tofiqin, Aşıq Əhlimanın, Aşıq Əlişin, qamışlı Aşıq Gərayın, Aşıq Telmanın və başqalarının da adını çəkə bilərik. Aşıq Allahverdi Qəmkeş respublikanın «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüş və şerlər kitabı çap olunmuşdu.
    Bir çox kəlbəcərli şairlərin adları Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi geniş yayılmışdır. Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, respublikanın «Əməkdar İncəsənət xadimi», «Şərəf nişanı» ordenli Məmməd Aslanı, bir çox kitablar müəllifi, filologiya elmləri namizədi, türkoloq-alim, publisist Adil Cəmili, Bayron kimi məşhur ingilis şairinin şerlərini dilimizə çevirən, filologiya elmləri namizədi, rəhmətlik Ənvər Rzanı, xalqımızın sevə-sevə oxuyduğu Bəhmən Vətənoğlunu, mərhum Sücaətimizi, gözəl istedad sahibi olan Mirsəyyaf Zamanlını, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən Ələmdar Cabbarlını misal göstərmək olar. Onu da qeyd edim ki, «Əməkdar İncəsənət Xadimi» anadan olmasının 100 və 110 illik yubiley tədbirləri dövlət başçısının sərəncamı ilə keçirilən Dədə Şəmşir də Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdi.
    Bütün bunları söyləməkdə bir məqsədim var: ulu söz diyarı olan Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir.
    Yuxarıda qeyd etdiyim kimi, Kəlbəcərdə klassik aşıq yaradıcılğına bələdçilik sanki qandan-ilikdən keçib. Kimi dindirirsən sənə qafiyə ilə cavab verir. Aşıq Şəmşirdən başlanan ozan-aşıq məktəbinin layiqli davamçılarından biri olmuş və hələ sağlığında özünə mənəvi abidə ucaltmış, canlı klassik aşıqlarımızdan biri də Aşıq Allahverdi Qəmkeş idi. Onun müasirləri bəxtəvər sayıla bilər ki, belə canlı klassiklərin zamanında məclislərində olmuş, dürlü-dürlü, hikmətli sözlərini öz dilindən dinləmişlər, onunla ülfət və ünsiyyət bağlamışlar. Bu sırada mən özümü də görürəm. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri olan Qəmkeş Allahverdi ilə dəfələrlə məclis və toy mərasimlərində, konsert salonlarında və festivallarda olmuşam. Tale elə gətirib ki, bu sətirlərin müəllifinin də toy şənliyini keçirmək Qəmkeş Allahverdiyə nəsib olub. İş yoldaşı olmaqla yanaşı, aramızda ustad-şəyird, eləcə də ata-bala məhəbbəti yaranmışdı. O zamanlar Kəlbəcərdə tək-tək toy məclisləri olardı ki, videokameria ilə çəkilsin. Bizim də toy şənliyimizin ancaq audiokasseti qalmışdı. Kəlbəcərin işğalı zamanı evdən çıxara bilmədiyimiz mal-mülk bir tərəfə, həmin kassetin orada qalması isə bir tərəfə oldu. Səsi-avazı bu gün də hissimə-duyğuma bir rahatlıq gətirən Qəmkeşi dinləməyin özü bir məktəb keçmək demək idi – ustad məktəbi.
    2005-ci ildə çapdan buraxdığımız «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında onun da haqqında qısa məlumat və bir neçə şerini vermişik. Aşıq-şairin qısa tərcümeyihalından qısa sətirlər belədir: Allahverdiyev Allahverdi Əli oğlu 1931-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində kamil ovçu və söz sərrafı kimi tanınmış şair təbli Əli Allahverdi oğlunun ailəsində dünyaya göz açmışdır.
    Şuşa Pedaqoji Texnikumunu bitirsə də, müəllimlik etməmiş, saz-sözə meyli onu əlinə saz almağa məcbur etmişdir. Məlahətli səsi, xoş avazı, dərin biliyi onu el-oba arasında çox erkən məşhurlaşdırmış və demək olar ki, qısa vaxt ərzində ustad sənətkarların, xüsusən də Dədə Şəmşirin yanında aşıqlıq sənətinin incəliklərinə bələd olmuş və sonralar müstəqil olaraq el məclisləri aparmışdır. «Azərbaycanın Əməkdar Mədəniyyət İş-çisi» fəxri adına layiq görülmüşdür. Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri kimi neçə-neçə el sənətkarı ondan ustad dərsi almışdır.
    1997-ci ildə “Şair, asta yeri, insan yatıbdı” şerlər kitabı işıq üzü görüb.
    Allahverdi Qəmkeş də kəlbəcərsizlik dərdinə dözməyərək, 2002-ci il-də vəfat etmişdir. Xanlar qəbristanlığında – şair Sücaət, Bəhmən Vətənoğ-lu ilə eyni məkanda torpağa tapşırılıb. Xoşğəxt o sənətkardır ki, sağlığında dillər əzbərinə çevrilir. Ustad aşığımızın da dilindən və poetik duyğularından qanadlanmış misraları divaniyə, təcnisə, qoşmaya, gəraylıya, müxəmməsə çevrilib yaddaşımıza yazılıb.
    Qələmə aldığı hər şer sanki əsrlərin o başından süzülüb gəlir. Aşıqların dilinin əzbəri olan «Yatıbdı» rədifli qoşmasından bir bəndə diqqət yetirək:
    Bu gün yolum düşdü qəbristanlığa,
    Orda zaman qışdı, dövran yatıbdı.
    Sanki pıçıldaşdı hər məzar daşı:
    Şair, asta yeri, insan yatıbdı.
    Ustadı Aşıq Şəmşirin ölümünə həsr etdiyi şer bir daha ustad-şəyird məhəbbətinin dəyərini göstərir:
    Qəmkeş, kim oxuyar Şəmşir nəfəslə,
    “Dəli Koroğlu”nun zənguləsiylə?!
    İlahidən ofsunlanmış səsiylə
    Zirvədə dayandı, oxudu, getdi.
    Qəmkeş Allahverdi sazın ustadı olduğu kimi, sözün də ölçü-biçinini, duyğu tərəzisində çəkir və bundan məharətlə istifadə edərək zamanın gərdişini oxucusuna çatdırırdı:
    Gəl eşit Qəmkeşi, olma ümidvar,
    Qıfıl tərsə düşsə, açmaz bir açar.
    Zabit ölər, vəzir çaşar, at qaçar,
    Sıravi əsgər də şahı mat eylər.
    Kəlbəcərsizlik ağrı-acısı aşıq-şairin istər ifasında, isətərsə də şerlərində çox ustalıqla seçilirdi. Dağların yağıya qalmasından sinəsi atəşə-alova qalanan Qəmkeş uşaqlıqdan qol-boyun olduğu yurdlarımızın könlünü necə almağın yollarını arayıb-axtarır və deyir:
    Qəmkeş, ah-naləsinə çevriləm,
    Qanım axa, laləsinə çevriləm,
    Şəhid olam, balasına çevriləm,
    Dəfn olunam qucağına dağların. . .
    1985-ci ilin yayı idi. Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti keçirilirdi. Mən mədəniyyət və İncəsənt Universitetinin tələbəsi idim. Konsert Filarmoniyanın yay salonunda, açıq havada keçirilirdi. Bakı başdan-başa Kəlbəcər aşıqlarının cəh-cəhinə bələnmişdi. Konsert gecədən keçəndən sonra qurtardı. Kəlbəcərin sevimli, fəxri Eldar Hümbətoğlu cəmiyyət arasında tanınmış ziyalılardan biri idi. Konsertə özü ilə birlikdə qardaşları,həm də yaxın-uzaq dostları gəlmişdi. Konsertdən sonra o, kollektivimizi şam şüfrəsinə dəvət etdi. Saz-söz məclisi səhərəyaxın qurtardı. Konsertin bədii rəhbəri yenə də təbii ki, ustadımız Qəmkeş Allahverdi idi. O gecə biz bir daha Qəmkeş Allahverdinin respublika səviyyəsində sevildiyinin şahidinə çevrildik. Heç kim onun səsindən-avazından doymurdu.
    Şəhərdə qaldığımız mehmanxananın haqqını ödəmiş və xeyli miqdarda isə ustada pul verilmişdi. Yolboyu ustad dadlı-duzlu söhbətləri ilə başımızı yaxşıca qatmışdı. Ağsu dolamalarına qalxanda cibindəki pulu çıxarıb aşıqlardan birinə verib dedi:
    -Qardaş payı kimi neçə nəfəriksə bölüşdür.
    Başa düşmədik: axı, həmin pulu ustadın özünə vermişdilər. O, puldan imtina edərək 14 nəfərlik kollektivin arasında bərabər payda bölüşdürdü. Xatirimdədir, Aşıq Novruz puldan imtina etdi:
    -Yox, ustad, o pul bizim deyil, sənin halalca qazancındır, -dedi.
    Aşıq Əziz zarafatından qalmadı:
    -Ustad, Novruz yəqin ki, çox istəyir ey, qoy ona bir pay da artıq verək?!
    Hamı Əzizin zarafatını başa düşdü. Doğrudan da Novruz pulun bərabər bölünməsinə razı deyilmiş.
    Qəmkeş ustad idi, o dəqiqə sözü göydə tutmuşdu:
    -Novruz düz deyir, onun payı ikiqat olmalıdı, çünki, Əziz, səsi səninkindən zildi.
    Axır ki, Novruz zarafat etdiyini bildirdi, hamı şaqqanaq çəkib güldü. Aşıq Əziz də zarafatından qalmadı. . . Beləcə, yolboyu deyib-güldük, Ustadın bir kəlməsi hamıya dərs idi, ona görə də hər şey öz axarına düşdü.
    Ustad Qəmkeşin oxumaq yolu tamamilə özgə cür idi: zilli-bəmli səsi həmişə onu vəziyyətdən çıxarırdı. . .
    1900-cu ildə Kəlbəcərin Şaplar kəndində anadan olub, 69 illik öm-rünü dağlarda keçirən atası Əli Allahverdi oğluna el arasında Ovçu Əli də deyirmişlər. Yaxşı saz çalıb-oxumağı da var imiş. 1969-cu ildə Kəlbəcər-də vəfat etmişdir. Onun Qamışlı Rüstəm və Milli Nəbi ilə deyişmələri olub.
    Övladları və nəvə-nəticələri də onun sənət yolunu davam etdirmişlər.
    Qardaşı Hacı İdris Verdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş ali kateqoriyalı coğrafiya müəllimidir. Uşaqlıq və gənclik illərindən şerə, saza-sözə maraq onu şair edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifidir.
    “Kəlbəcər həsrəti”, “Dağ havası”, “Taxılmamış mayor paqonu”, “Kəl-bəcərin alim ziyalıları” və “Məşədi Cəmil” adlı kitabları nəşr olunmuşdur.
    Mənim də orta məktəb müəllimim olan İdris Verdiyevin qəlbinin həzin nəğmələrinin o zamanlardan pərəstişkarı olmuşam. Kəlbəcərin vəsfi onun da yaradıcılığında qırmızı xətlə keçir. Şerlərinin birində deyir:
    Ənvərin, Məmmədin sözləri dərman,
    Bəhmən, Ayrım Əhməd, Qara, Mehdixan,
    Şair Qəmkeş, Aşıq Şəmşir, Ağdaban,
    Ağır el, gur oymaq Kəlbəcərdədi.
    Qəmkeşsizlik İdris müəllimin yaradıcılığında da özünü göstərir, təkcə qardaş kimi yox, kamil bir sənətkarın itkisi təsir bağışlayır həmin şerlər:
    Doğma yurddan uzaq, eldən aralı,
    Qəfil susdu telli sazı Qəmkeşin.
    Neçə toy evində yarımçıq qaldı
    Dastanı, söhbəti, sözü Qəmkeşin.
    Əsdi talehinə bir acı külək,
    Söndü ürəyində min arzu, dilək.
    Bürüdü qəbrini qərənfil, çiçək,
    Qara gəldi bahar-yazı Qəmkeşin.
    Qəbristanda kimlər “yatıbdı”-dedi,
    Loğmanlar, təbiblər yatıbdı, -dedi.
    Şair Nizamilər yatıbdı, -dedi,
    İndi yatır burda özü Qəmkeşin.


    YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun FS-də payşalıdığı bu aşağıdakı məlumata görə, Gəncədə Qəmkeş Allahverdinin 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. Müəllif yazır ki, 20 dekabr 2022-ci il tarixində Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi, Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə ustad Aşıq-şair, Əməkdar Mədəniyyət İșçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi.
    Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədli, ustadın ailə üzvləri, rayon ziyalıları, mədəniyyət, incəsənət işçiləri iştirak ediblər.
    Qonaqlar Kəlbəcər rayon Mədəniyyət Sarayında ustad Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən foto sərgi nümayiş olundu.
    Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra ustadın keçdiyi ömür yolundan bəhs olunan videoçarx nümayiş olundu.
    Çıxış üçün söz Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə verildi.
    Aşıqlar Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, Əməkdar Mədəniyyət işçisi Əhliman Allahverdiyev, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehtiyev, ustadın tələbəsi Sevindik Quliyev çıxış etdilər, balabanda müşayiət etdi Əməkdar Mədəniyyət işçisi İbadət Allahverdiyev.
    Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə və aşıqlara Təşəkkürnamələr təqdim etdi.


    Mən Qəmkeş dünyası üçün borcumu təbii ki, bir yazı ilə verə bilmərəm, yəqin ki, illər keçdikcə bu borc bizi bir az da çox incidəcək. Aşıq-şairimizin yaradıcılığı elmi tədqiqini gözləyir. Onun adının əbədiləşdirilməsi üçün də ciddi düşünülməli, ictimai təşkilatların xətti ilə hökumət qarşısında məsələ qaldırmalıyıq.
    Ruhun şad olsun, ustad, misraların dilimizin əzbəridirsə, sözlərinlə sazın yaddaşına yazılanlar bu fani dünyadan cismən gedirlər. Siz isə ruhən, qəlbən aramızdasan, Kəlbəcəri qaytarana kimi sənətkar dünyanın qapısı açılmırsa. Bu da bizim günahımız deyil. İnşallah Kəlbəcərdə sənin xatirəni əbədiləşdirərik, onda ruhun şad olar, bizim isə gözlərimiz gülər.
    Məhəmməd Nərimanoglu,
    «Azərbaycan» qəzeti

  • Şair-publisist İbrahim İLYASLI.”Can”

    This image has an empty alt attribute; its file name is 178414160_1123006974842874_8978352608138604011_n.jpg

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

    Mənə nə desən de, xanım əfəndim,
    Amma mənə bircə “can” demə, nolar!
    Mənə “can” deyənə can borcum qalır,
    Qıyıb da gəl “qana-qan” demə, nolar.

    Mən çoxdan halıyam can əzabından,
    Bilirəm can alıb, can vermək nədi.
    Təzə yaraları qaysaq tutanda,
    Köhnə yaraları qan vermək nədi…

    Daha buz dağıdır mənim can payım,
    Xəbəri də olmaz – “ət kəs ətindən”.
    Virandı can evim, könül sarayım,
    Virandı eşq adlı səltənətim də.

    Şan-şöhrət deyirsən…
    Nə bilim, varsa
    Şöhrət sənə qurban, şan sənə qurban.
    Ömrünə bir anlıq ömür qatarsa,
    Apar, sənin olsun, can sənə qurban.

    Dilindən çıxınca bir himə bəndəm,-
    Mənə alış demə, yan demə, nolar…
    Mənə nə desən de, xanım əfəndim,
    Amma mənə bir də “can” demə, nolar.

  • Şair-publisist İbrahim İLYASLI.”Çatışmır”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri 

    Bir qonaqlıq qurdu Vasif Süleyman,
    Qışın oğlan çağı, yazı çatışmır.
    Bir evi soyuqdur, bir suyu gəlmir,
    Bir də mətbəxində qazı çatışmır.

    Ac qılınca çapar yetirəsiydik,
    İşıqla hər şeyi ötürəsiydik.
    Nolu hardan olsa götürəsiydik,
    Nə fayda şitində fazı çatışmır.

    Tapardın süfrədə quş südü desən,
    Qurtaran deyildi bir həftə yesən.
    Kremildən gəldi arağı, əhsən,
    Çoxu çox yerində, azı çatışmır.

    Dolur boşalanlar, kəsilmir ara,
    Nə qulluğa söz var, nə sağlıqlara.
    Efiri dağıdır, sökür gitara,
    Ekranda Afrika cazı çatışmır.

    Bizə də sərfiydi, açım bu sirri,
    Nə özü içirdi, nə də şoferi.
    Şəmkir konyakının göründü yeri,
    Can-başla razıydıq-razı, çatışmır.

    İbrahim İlyaslı, sinəni sərif,
    Yazdığın tənqiddi, yoxsa ki tərif…
    Bir qafiyən qalır, gəl olma hərif,
    Biryolluq denən ki, sazı çatışmır.

  • Sona İNTİZAR.”Saçına dən düşüb yazıq Anamın”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Saçına dən düşüb yazıq Anamın,
    Dərdimi çəkməkdən ağarıb saçı.
    Beli də bükülüb yazıq Anamın,
    Onu əvəz etmir, qardaş ya bacı.

    Ağlasam, gözümün yaşını silər,
    Gülsəm, gülüşümə sevinər mənim.
    O gəlsə, dünyama işıq gətirər,
    Olmasa, yolumda kol bitər mənim.

    Saçımın sığalı, laylası Anam,
    Gözümə bir nursan, başıma tacsan.
    Sən mənim əzəli-əbədi dünyam,
    Sən mənim evimə bir yaraşıqsan.

    Nəfəsin ruhumun, bil, qidasıdır,
    Səsin qulağımda səslənir hər an.
    Varlığın SONAnın SÖZ QALASIDIR,
    Sən yaşa, sən yaşat, var ol hər zaman!!!

  • Sona İNTİZAR.”Hisslərim”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Axır damla-damla gözümdən yaşlar,
    Yanaqdan süzülüb, ovcuma düşür.
    Həsrət nəğməsini çalmağa başlar…
    Qulağımda bir laylaya dönüşür…

    Nimdaş xatirələr geyib əyninə,
    Qorunur gözümdən süzülən yaşdan.
    Cismim əsir olub sənin əlində,
    Sən bunu soraqla dostdan-tanışdan…

    Soruş, gör necəyəm, necədir halım?!
    Kənardan gör necə görünürəm mən?!
    Xoşbəxt tək görürlər, məni, ay zalım,
    Hardan biləcəklər bədbəxt biriyəm.

    Gecələr yastığa düşür göz yaşım
    Bürünüb təkliyə tənhalaşıram…
    Elə bir müsibət çəkib ki, başım,
    Özüm öz-özümdən uzaqlaşıram.

    Xətrini çox əziz bilirdim, indi
    Yoxluğun ondan da əzizdir mənə.
    Gəlişinə bur vaxt ürək sevindi…
    Gedişin ondan da xoş imiş demə…

    Ağıl-ürək ilə var gəl eyləyir…
    Biri alır, biri satır hissini.
    İntizar, GƏL DAHA SEVMƏ SƏN:-deyir
    Aldada bilmirəm mən ürəyimi…

  • Sevinc HƏMZƏYEVA.”İblisləşən varlıqların”

    İblisləşən varlıqların
    donu təmiz
    üzü ağ
    sözü şirin
    fikri səlis
    ruhu yanar
    sevgiləri buza dönmüş
    odu sönmüş
    həniri yox
    əməlləri min rəng verər
    faydası yox, xeyri yox
    min məna var
    min cildi var
    şəri var
    zülmət çökən
    çirkə dönən
    qəlbi var
    İblisləşən varlıqların
    şeytan olmuş məni var

  • Sevinc HƏMZƏYEVA.”Ulu Tanrım”

    Ulu Tanrım
    Əmr elədin
    əzab doğdum
    gecə – gündüz
    ölçdüm – biçdim
    libas kimi
    geydim onu
    şaxta gəldi
    sazaq oldu
    İsti oldu
    Soyuq oldu
    Tək örtüyüm –
    Göndərdiyin iztirabim
    Məhəbbətim –
    “Yox”dediyin tək yasağım
    İniltim laylaya döndü
    Avazında uyuyaraq
    Sinəm sevgimə tək məzar
    Gözüm qəbrimə qan sızar
    Bu bir sevgi – Dadı əzabından böyük
    Bu bir sevgi – vüsalı bölük – bölük…