Məhşərə gedənin əzabdır yükü,
Günahla doldurur kəfəni insan.
Hansı tərəziyə sığışar bu dərd,
Satırsa “bazarda” bədəni insan.
Getdikcə hər şeyi robotlaşdırır,
Oyuncaq meyvələr ağıl çaşdırır.
Ayaq dəyən yeri asfaltlaşdırır
Betona döndərir çəməni insan.
Dünən yüz yaxşılıq etsən birinə
Əlini uzatsan dərdi-sərinə
Bu günsə bir pislik gətir yerinə
O saat unudar dünəni insan.
Vətəni sevməyən döyüşə gəlməz
Ölü tək yaşayar, nə olsun ölməz.
Burada qeyrətdən söz gedə bilməz
Satırsa düşmənə vətəni insan.
Arxamdan izimi silməyim gəlir
Saxta “hörmətimə” gülməyim gəlir.
Dirini görəndə ölməyim gəlir
Müqəddəs eləyir öləni insan.
Namusa-qeyrətə verilmir dəyər.
Yenə daş dövrünə qayıdır bəşər.
Soyunmaq mədəni olmaqsa əgər,
Meymundu hamıdan mədəni “insan”