Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,
Bəlli bir həqiqətdir ki, xalqların bir faciə simptomu da var…
Əsrlərdir, dünya sivilizasiyası faciələrlə üz-üzədir. Cəmiyyətlər insan həyatında vəhşət yaradan bu prosesin ağrı-acısını min illər unutmur. (Unutmağa çalışsa belə, unuda bilmir…) Keçən əsrin başlanğıcında baş vermiş Çanaqqala döyüşü də faciəyə zəmin yaradan vəhşətlərdən sayılır.
…Hiylə, məkr də xain surətlərin aludə olduqları zəminlərdir. Zaman-zaman xalqlar bu proseslərin qurbanlarına çevriliblər. Elə bu mənfur siyasətin də iç üzündə Çanaqqala dəhşətləri tarixin türk-azəri xarakterinə sarsıdıcı zərbə vurmaq marağı kəsb edir. Bu zəmini on illərdir insanlar öz həyata baxışlarında ağır an kimi realizə edirlər. Heç şübhəsiz, istedadlı şair, vətənpərvər ziyalı Etibar Etibarlının «Dan üzü ağaranda» zəfər poemasında da mahiyyət bu israrla sonuclanır.
Poema Çanaqqala döyüşlərinə birbaşa keçid edir. Müəllif «Dünən qovuşmuşdu burda yerlə göy, Qiyamət günüydü, sanki yarışdı…» «Dönüb qan gölünə Boğaziçi də…» deməklə «gecəyə lövbər atmış gəmilərin», Türkiyə sahillərinə tuşlanmış top lülələrinin yaradacağı dəhşətləri vaqeə edir. Ardınca da birbaşa, təpəsi oyum-oyum, dağı səngər-səngər, həm də hələ də oyaq olan yaralı torpağa, ürəkləri ovcunda nigaran dayanmış sinələri süngər türk oğullarına diqqət çəkir, – «Mən ölsəm də, Vətən sağ olsun!» – deyən bir millətin bitkin qardaşlıq yanğısından doğan yenilməzliyə işarə vurur. Müəllif, eynilə də Çanaqqalanın güllə qarşısında bir heykəl kimi dayandığını, düşmənə mərdcəsinə sinə gərən bir qala olduğunu dilə gətirir, bu qalanı bir vüqar əhatəsi kimi xaraketrizə edir.
«Dan üzü ağaranda» poeması gerçək mənada müharibə dəhşətlərinə nikbin baxış uzadan bir zəfər nəğməsidir. Gecənin sükutunda torpağınmı, insanınmı yanıqlı-yanıqlı ah çəkməsi əsərin tükürpədən məqamlarındandır; üstəlik bu məqamda yaralı əsgərin Vətən naminə oxuması, içindəki intizarı əritməsi və eyhamla da olsa, Yunis İmrə sevdasına bir dodaq gəraylı sıçratması səngərlərdə silahlarını sevdikləri qız kimi sinələrinə sıxan yaralı yoldaşlarına sanki «Biz türkük!» deməsi anlamına gəlir». Ardınca da qarşı səngərdən azəricə ucalan bir yarpaq bayatı iliklərə işləyən müharibə qorxusunu yox edir. Hətta min illər müharibə ağrılarına şahidlik etmiş gecənin belə, bu səsə qulaq kəsilməsi, o səsdəki məlahətə qulaq verməsi türk-azəri yanaşmasının qardaşlıq simvolu kimi təsir bağışlayır.
Düşmənin səkkizaylıq mühasirə qatı, Çanaqqalanın mərd bir əsgər duruşu, türk-azəri döyüşçüsünün düşmənə nifrəti «Dan üzü ağaranda» poemasının vacib elementləridir. Müəllif üç tərəfdən mühasirə qatında güllə təsirlərinə məruz Çanaqqalanın, insanlığın nə olduğunu bilməyən düşmənin gözünə ox kimi batdığını, türk-azəri qardaşlığının bu timsalda vahid bir ideya uğrunda çarpışdığını qürurla əxz edir:
Özgə torpaqlarına güllə atan kimsənin
Əqidəsi sərvətdir, talandır, qənimətdir.
O bədbəxt anlamır ki, qana bulaşmış sərvət
Tale güldürə bilməz.
Türkün Vətən məhəbbəti hiyləgər-şovinist düşməni qəm dərysına batırır. Müəllif bu real səbəbə poetik bir məğz yükləyir:
…O, türkü öldürsə də,
Türkün ürəyindəki eşqi öldürə bilməz!
Vətən, müharibə, döyüş cəngləri mövzusunda yazılmış əsərlərin çoxunda təhkiyəçi zəminlər qabarıqdır deyə, müəlliflər çox vaxt quru sözçülüyə aludə edirlər; ola bilsin belə əsərlərin bir, ya ikisində ədəb qaydaları gözlənilib, lakin bu da təəssüf ki, səthidir. Etibar Etibarlının «Dan üzü ağaranda» poeması sırf müharibə-döyüş israrlarına hesablanıb; ən azından əsəri oxuyub dərk edən hər kəs burada müharibə xofunun hansı cəhətlər aşıladığını, nə kimi xüsusiyyətlər əxz etdiyini bilmiş olur.
Əlbəttə, müxtəlif qarışıqlıq isnan amilinə israrçı təsiri ilə həmişə gündəmdə olub. Məhz «Dan üzü ağaranda» əsəri də belə ümumiləşmələrə meydandır. Lakin şair qətiyyəti qarşılıq anını kodeksləşdirir, labirintə salır və bütün səbəbləri bir kod altında qabarıq əks etdirir. Bu zaman da Çanaqqala dəhşətləri fonunda hər şey öz real çöhrəsini dəqiq görmək imkanı qazanır.
Poema sivil məğzli modernçilik aspektləri ilə də təzahür edir. Müəllif ibtidai ənənədən sıyrılan xalq yazı üslubuna yaradıcı meyllər verir, bu zəminləri mümkün reallığa çəkə bilir. Bu mənada bəlkə də əsər boyu Vətən yanğıları, yurd ağrı-acıları modern-israrçı baxışla sərgilənir.
Göründüyü kimi, poemanın süjet xətti iç deşən ağrılardır. Bu ağrının üst və alt qatlarında həyat, Vətən, yurd, el-oba, tale və bir qədər də israrçı zaman məğzləri, bütövlükdə bəşəriyyətin ürcah olduğu dəhşətlər sıralanıb. Müəllif, bu ağrıya real zəmin kimi yanaşır, onu ruhun təqdisi hesab edir. Bu, onun ədəbi ovqatında fərqli dəyişilmələrlə səciyyələnir.
Poemanın müharibə vahiməsi qaçılmazdır. Lakin bu sərt əsərdə həm də həzin, mülayim bir təsvir var. Müəllif səngər qoxusundan bir qədər uzaqlaşıb, gecənin qaranlıq sevdalarına isti bir baxış sıçradıb. Diqqət yetirək:
Qızıl payız nazlanır: bağlar bar üstündədir,
Budaqlar əyim-əyim…
***
Dönüb söykəndiyi daşa da baxdı,
(Daşın gen sinəsi çopur-çopurdu…)
Səmimi deyək, «Dan üzü ağaranda» əsəri poema janrının tələblərinə uyğundur, burada müəllif dili poetika qaydalarına israrlı çək-çevirdədir, hadisələr təkcə rəsmi kontekstdə deyil, poetik realizədə əks olunur.
Əsərdə, demək olar, hər şey müəllif nəzarətindədir – yəni milli hissdən tutmuş, «səssizlik içində boğulan gecələrə», sonra da sükutdan cingildəyən qulaq zinharlarına qədər hər şey şairin «əhatəli müşahidə kamerası»na yerləşdirilib. Üstəlik, əsərdəki müəllif peşəkarlığı, bir növ, alt qatlara nüfuz edən insan ziddiyyəti oxucunu daha ovqatlı olmağa təhrik edir.
Poemada qabarıq bir dialoq var. Yüzbaşı və çavuş arasında cərəyan edən ciddi söhbətlər türkün sayğıdəyər, düşmənin isə hiyləgər və məkrli olmasını isbatlayır.
Əsərdə hətta türk qızının belə kişi qeyrətli bir ər kimi döyüşdüyü diqqət çəkir:
…Türk qızı şaqqıldadır zağlı snayperini,
Yerə sərir dalbadal düşmən əsgərlərini.
Bir alayın silahı tək bir qıza tuşlanır,
Bir örpəkli yüzlərin əlində qurşunlanır…
Və o ərən qızın ünvanına haqlı olaraq yazılır:
O, mənim qeyrət tacım,
O, mənim ismət tacım!
Müəllif, ərən qeyrətli türk qızının ölüm anını necə də təsirli verib:
…Nakam gedir həyatdan, yaş tutur kiprikləri,
Dolaşır tüfənginə xurmayı hörükləri…
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Qeyrətli türk qızı ölüm ayağında belə, düşmənə baş əymir, sanki könül verdiyi türk ərəni hesab etdiyindən öz snayperinə sarılır. Onun xurmayı saçlarının tüfənglə «qol-boyun» olması türkə məxsus abır-həya mücəssəməsi rolunu oynayır.
Düşmən isə türkün ağır həmləsindən:
…tab gətirmir,
Zədəli gəmilərdə qaçmağa üz qoyurlar.
Tarixdə bir ləkəli, bir qara iz qoyurlar.
Və onların vüqarı dor ağacı kimi sınır, bayraqları da bir əski parçası kimi ayaqlar altında tapdanır.
Onlar türk torpaqlarına «Tufantək gəlmişdilər», lakin vüqarlı türk-azəri qardaşlığının təsirindən «ilğım kimi itdilər». Özlərini bu torpaqlara diri gətirmişdilər, ölü qoyub getdilər.
Təbii ki, Çanaqqala döyüşündə türk-azəri qardaşlığı da şəhid verdi. Qəhrəman Məhəmməd və Murad da onlardan biridir. O qəhrəmanlar ki, müəllif əsər boyu onları şərəfli bir döyüşçü kimi təsvir edir:
…Ölümə yollanıb beş dəliqanlı,
İkisi azəri, üçü osmanlı…
Təhlil metodumuza əsaslanaraq deyə bilərik ki, poemanın bir qatı ictimai gerçəkləri ehtiva edir, digər qatda tarixə nəzər, daşlaşmış yaddaşı çözmək və orada milli zəminlər aşkarlamaq israrları var-gəldədir, digər bir qatda personajların canlı təsviri, olanların olduğu kimi idealizə edilməsi məsələsi önəm kəsb edir, başqa qatlarda da müəllif eyhamı, ictimai təsirə əks təsirdən doğan oxucu yanaşması, həmçinin sonradan belə deyək, əsərə «mız» qoyacaq tənqidçi xofu və s. öz proyeksiyasını sxemtikliyə tuşlayıb. Belə halda ortaya nəsə çıxarmağın özü artıq böyük fədakarlıqdır (qocaqlıqdır). Bu mənada, Etibar Etibarlının «Dan üzü ağaranda» poeması bütün görkəmləri ilə müsbət aura doğurur.
…Məğrur Çanaqqala – zəfər qalası,
Şöləsi sönməyən çıraqdır indi.
Türkün şəhid qanı hopan bayrağı,
Bayraqlar içində bayraqdır indi!
Adıçəkilən poemanı təhlilə çəkməkdə məqsədimiz bütövlükdə Çanaqqala dəhşətlərinə güzgü tutmaq deyil; bunu onsuz da müəllif ədəbi dərketməsində aydın görürük, bu işdə bizim əsas vəzifəmiz əsərin ədəbi-poetik və qismən də tarixi təzahürləri barədə müfəssəl fikir ifadə etməkdir.
Doğrusu, Çanaqqala savaşı barədə tarixi faktların diqqətlərə çatdırılması mütləq haldır; ən azından yetişən nəsil ata-babasının çəkdiyi zülmə qabil olur, hər halda, içində düşmənə bir kin, Vətən adlı bir ehtiram böyüdür. Bu mənada, Etibar Etibarlı «Dan üzü ağaranda» kimi bir poema yazmaqla həm yaxın tarixə qısaca ekskurs edib, faciənin təkcə qara rəngdə deyil, həm də qırmızı rəngdə olmasına diqqət çəkib.
Məhz Çanaqqala savaşı baş verəndə də xalqlar anlamışdı ki, türk torpağında faciə baş verib… Bəlkə də bu səbəbə hadisələrə əsl şair-vətəndaş sayıqlığı ilə diqqət ayıran Etibar müəllimin «Dan üzü ağaranda» əsərində Çanaqqala savaşı faciənin qırmızı rəngi kimi çalar verir.
Son olaraq deyək ki, «Dan üzü ağaranda» poeması ədəbi mühitdə təkcə gözəl poetik nümunələri ilə deyil, həm də poemalar müəllifi kimi tanınan Etibar Etibarlının şair istedadının parlaq nümunəsidir. Bu əsər qardaşlığın, vahid bir ideyanın taleyidir, bütövlükdə Türkiyə və Azərbaycanın hayqırtısıdır. Bu hayqırtıya diqqət çəkə bildiyi üçün müəllifi məxsusi alqışlayırıq.