1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

Kitab çapı işinin bir tədqiqat sahəsi olması təkcə ehtimal deyil; bu proses həm də elmi gerçəklikdir və kitabın bədii və texniki tərtibat məsələlərini də geniş şəkildə özündə xarakterizə edir. Əlbəttə, kitab, tərtibat və çap zərurəti poliqrafik sistemin beynəlxalq əsaslarını özündə ehtiva edir; bu zəmin kitabçılığın bədii-poliqrafik forması ilə də təcrübi məğzlərə səbəb yaradır. Heç şübhəsiz, 1978-ci ildən Azərbaycan nəşriyyat-poliqrafiya sistemində çalışan, respublikanın nəşriyyat sistemində özünəməxsus yeri və xüsusi çəkisi olan poliqrafiya mütəxəssisi İradə Ələsgərovanın 2015-ci il tarixdə «Təhsil» mətbəəsində işıq üzü görmüş «Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» kitab-monoqrafiyasında bu dinamik səciyyə özünü qabarıq göstərir: monoqrafiya ilk əsaslı elmi-tədqiqat işi kimi diqqət çəkir, burada kitabın çap üsulları, poliqrafiya texnika və texnologiyasının, həmçinin nəşriyyat-poliqrafiya sisteminin inkişaf səviyyəsi və s. ətraflı ilk təcrübi əsaslı mənbə kimi araşdırılır.
Monoqrafiyada kitabçılıq, kitabın bədii və texniki tərtibat işi, poliqrafiya-nəşriyyat sistemi, bu sahədə texniki-texnoloji imkanların kitab tərtibatında rolu və s. yüksək səviyyədə elmi izaha cəlb edilib; kitabın nəşriyyat-poliqrafiya sisteminin gələcək inkişafına müsbət-həlledici əhəmiyyətli təsiri şübhəsizdir.

«Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» kitab-monoqrafiyasında Azərbaycan kitabının min illik tarixi diqqət mərkəzinə çəkilir; müəllif istehsalatda qazandığı zəngin təcrübələrinə əsaslanaraq Azərbaycan kitabının bədii və texniki tərtibat prosesini mükəmməl təhlilə cəlb edir, eləcə də, kitabçılıqla məşğul olan, nəşr işinə alüdə insanlara poliqrafiya-nəşriyyat sisteminin praktik və nəzəri əsaslarını aydın başa salır. Burada yazarın, ədəbi, elmi, texniki və bədii redaktorun kitabla ünsiyyəti, kitabçılıqda onların hər birinin vəzifə funksiyaları – vəzifələri dəqiq göstərilir, kitab nəşr edənin tərtibat funksiyaları aydın formada əks etdirilir, kitab-poliqrafiya işinin çap mərhələləri, çap üsulları yolları müəyyən edilir.
Kitab bədii tərtibat və texniki çap zərurətləri fonunda bir təsnifat verir. Çoxlarının, kitab-nəşr işində maddi-texniki bazanın mütləq vacibliyinin olması fikrini müəllif İradə Ələsgərova monoqrafiya boyu tamam fərqli təklif və layihələrlə dəqiqləşdirir. Onun bu təklifləri təkcə kitab-nəşriyyat işinin mükəmməlliyinə sirayət etmir, həm də poliqrafiya materialları istehsalında bədii-texniki predmetlərin ümdə məsələ olduğuna diqqət çəkir.
Monoqrafiyanın maraqlı statuslarından biri kitab nəşrinin kompozisiya və bədii-poliqrafik məğzində psixofizioloji amillərin dinamikliyidir. Müəllif kitab tərtibatı və texniki zərurətlərlə yanaşı, mətnin dərk olunması, mövzunun məntiqdə bitkin forma alması, redaktorun mətnə qarşılıqlı yanaşma təsirləri, redaktə işində redaktor dürüstlüyü, hətta abzas, yazıda kursiv məsələsi, şriftlərin ölçü və yerləşdirilməsi, əlifbaya uyğun şriftin seçilməsi, mətnin, daşıdığı əsasa görə sıralanma formaları və s.-ə də sırf təcrübi-dəqiq elementlər kimi yanaşıb, araya-ərsəyə gətirdiyi bu tədqiqat işinin mükəmməlliyinə nail olub.
Adıçəkilən kitab nəşriyyat-poliqrafiya sahəsində kadr hazırlığına dürüst əyani vəsaitdir. Açığı, müəllif bu sanballı monoqrafiyanın təcrübi istifadəsinə geniş zəmin yaradıb, burada təkcə bir səbəbə deyil, bir sıra sahələrə zəngin material verən əhəmiyyətli elmi uğura imza atıb.
Monoqrafiyada nəzəriyyə və təcrübə birləşmiş şəkildədir. Müəllif burada kitabı, kitabçılığı, nəşr işini (həm də ilk dəfə olaraq) kompleks şəkildə tədqiqata cəlb edib, kitabı yazar, ədəbi, elmi, texniki və bədii redaktorun, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi verib, ümumi işdə onların hər birinin daşıdığı məsuliyyəti göstərib.
Təbiidir ki, nəşr işində tərtibat önəmli məsələdir, lakin müəllif bu prosesdə mətnin səhvsiz yığılmasını, faktların dəqiqliyini, yazı-xətt zəminlərini, redaktəni, rəsam işinin zəruriliyini, slayd-kağız və ofset elementlərini və s. vacib sayır, texnoloji səviyyənin labüdlüyünü mümkün sayır və buna sübut olaraq son illər orta məktəb dərsliklərində yaşanan problemləri əsas gətirir. Biz də bilirik ki, son illər dərsliklər ədəbi-bədii və texniki redaktə işindən xəbərsiz olan müəyyən şəxslər tərəfindən hazırlanır. Nəticədə kitabçılıq, nəşr-poliqrafiya işi bir kənarda qalır, hətta dərsliklərdə redaktə savadsızlığı qabarıq şəkildə diqqət çəkir, kitabın, bütövlükdə oradakı mətnlərin dərkində xoşagəlməzlik yaşanır. İradə xanımın monoqrafiyası əslində, bu tip çatışmazlıqları tam aradan qaldırır, bir növ, çörəyin çörəkçiyə verilməsinin zəruriliyini vacib sayır.
Monoqrafiyanın elmi-həyati və ictimai əhəmiyyət kəsb edən zərurətləri çoxdur. Müəllif bu məğzi «Nəticə»də bir kod altında sistemləşdirməyi ustalıqla bacarıb: «…İnformasiya məkanına nəzarət tək ideoloji yox, həm də dövləti əhəmiyyət kəsb edən strateji məsələdir. Buna görə də nəşriyyatlarda nəşrə hazırlanan əsərlərin ideyası dəqiqləşdirilməli, onların elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət edilməlidir. Axı tərtibat nəşrin oxucu şüuruna təsirini gücləndirdiyi kimi, onu yanlış istiqamətə də yönəldə bilər…»
Heç şübhəsiz, nəşriyyat-poliqrafiya sahəsində mükəmməl biliyə, zəngin istehsalat təcrübəsinə yiyələnmiş İradə Ələsgərovanın «Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» kitab-monoqrafiyası kitab-nəşr işində analitik təfəkkürü, bədii-texniki tərtibat məsələlərini vacib sayır, bu müstəvidə özünün əhəmiyyətli rolunu təqdim edir.
Açığı, hərdən elə kitablara rast gəlirik ki, özlərinin ictimai vizual ənənəçiliyi ilə gerçək mənada fərqli təsir bağışlayırlar. Belə kitablarda əsasən ruhsal-ictimai səmt qabarıq-görünən olur. Heç şübhəsiz, İradə xanımın adıçəkilən kitabı da bu prosesi özündə geniş ehtiva edir. Müəllif burada fərdi zəminlərə əsaslanıb, kitab-nəşr səciyyəsini təcrübi əsaslarla xarakterizə edib, kitab tərtibatı və nəhriyyat-poliqrafiya kodekslərinə real görkəm verib.
İradə xanımın adıçəkilən kitabı doktrina deyil, daha çox təcrübə, görk prosesidir. Kitabın əsas qayəsi həqiqəti zamandan üstün tutan əyani cəhddir.
Uğuruna sevinirik, İradə xanım!