Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub.
2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində,
“Yurd” jurnalı” “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və DGT Y-nin “ Ziya” antalogiyasında və o cümlədən Türkiyənin Tokat və Adana şəhərlərində “Kümbet”, “Usare” dərgilərində şeirləri yayımlanıb. 31. 05.2014-cü ildə şerlərinə hazırlanmış Foto video çarxların təqdimatı keçirilib. “Vahid” Poeziya (2005), “Məcməüş-şüəra -şairlər məclisi”nin (2012), DGTY-nin üzvüdür (2014). Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, Yönətim Kurulunun başqanı (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2014), Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisidir (2014). Orta-ali təhsillidir. Gəncə şəhər Pedoqoji-Kolleci (2000-2004), İlahiyyat üzrə “Hövzə”mədrəsəni bitirib (2006-2011). BSU Yaradıcılıq fakültəsində təhsil alır (2014). “Zərrələr” layihəsinin rəhbəridir.
Portallar:
Eqoist, Carçı.az, Gündəlik info, Ədəbiyyat-az.com, litparad.org, dokkuziklim.net, aktivistplyus.com, Manera.az, Bizim.info, Artpress.az, Edebiyyat.biz, Vehdet.orq, Edib.az, Yazar.in, turkmedeniyyeti.wordpress.com, moderator.az, ruzigarnews.com, Kultur.az, Shahbulaq.az, Mediaxeberleri.az literaz.com, Persona.az, Avromedia.az, Poliqon.az saytlarında şeirləri və yazıları yayımlanır.
Gəncliyin yuxusu apardı məni
Bu qış da ömrümə nağıl danışdı.
Nağıl yaman doğma, yaman tanışdı.
Uşaq yuxularım dağılmamışdı.
Gəncliyin yuxusu apardı məni.
İllərim, aylarım, fəsillərim çin.
Hər gecə,hər gündüz, ömür bir əlçim.
Bulud arasından doğub göyərçin.
Yağış damlaları yapardı məni.
Nə qış axşamıydı, yaz ağşamıydı.
Nə gün işığıydı, nə ağ şamıydı.
Bu ömür, ömrümə heç oxşamırdı.
Ayılıb, ayılıb tapardı məni.
Gedirəm bu yolu geyib əynimə
Bu yol xarabalıq, bu yol abadlıq,
Yolun ortasında ölüm oyanıb.
Kim deyir başlanğıc doğum ilidi?
Yolun lap sonunda ilim dayanıb.
Bu yol məhəbbətdi, bu yol məşəqqət,
Ayağım torpaqda sırsıralanıb.
Yolun üzündəki mənim göz yaşım,
Yolun ürəyində sirr sıralanıb.
Bu yol qara geyib, bu yol ağ geyib,
Əvvəli ortası sonu ağ-appaq.
Yolun kiprikləri, yolun saçları,
Yolun sinəsidi qapqara bir dağ.
Bu yol arzuların budağı kimi,
Bu yol günahların otağı kimi,
Bu yol dirilərin ölüm ayağı,
Bu yol ölülərin torpağı kimi.
Yolun gözləri də qarmaqarışıq,
Yol yaman sarılıb kipriklərimə.
Yol mənim saçımda xınalıbdı,
Gedirəm bu yolu geyib əynimə.
Bir nəfəs qədər uzaqdaydın
səni gördüm uzaqdan
bir nəfəs qədər uzaqdaydın.
nəfəsimi çəksəm
ciyərlərimə hopardın bəlkə də hava axını kimi
uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
sənsə az qala ürəyimi taptalayacaqdın
yanımdan qızılquş kimi şığıyıb getdiyində.
bənövşə boynumu büküb
dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
özümü aldatdım,
tənhalığımın təkliyində.
yaxınlaşıb salam verə bilmədim gedişinə.
yola salmağa həvəsli kimi.
ey qarmaqarışıq ruhumun qonağı,
xoş gəlmisən demədən,
xoş getdin dedim gəlişinə.
şirin sözə ac olduğum halda,
acıdım.
divara hörülmüş kimiyəm.
yeriyən daş gördünmü heç?
taptasanda sinəmdəki daşı taptayacaqdın!
divarlaşmışam insanların arasında.
sərhədlərim keçiləməz olub.
hərdən daşın gözlərindən yağış damcılayanda,
yanağım islanır.
dup-duru bulaq qaynayır elə bil.
hərdən də, guruldayıram şimşək kimi
göyün üzündə.
nə daşım əriyir, nə də səsim kiriyir.
sədləşirəm, sərhədləşirəm,
hisslərimdə.
varlıqla yoxluq arasında nə sən varsan, nə də mən!
biz yoxuq!
gedişin mübarək, gəlişinə daşlaşdığım!
divara xoş söz desən nə olacaqdı ki…