11272078_1600326966874539_379041531_n

Allah sizə rəhmət eləsin, mirzələr… Sizin yaratdığınız aferist obrazlar bu gün diri-diri ədəbiyyatımızdadı. Canlı nəsruhlahlar və canlı kimyagərlər…Adamı haracan aldatmaq olar? Adamlara nə vaxtacan yalan demək olar? Bir gün biləcəklər axı gümüş gümüşlüyündə qalır, qızıla çevrilmir. Nə vaxtsa anlayacaqlar axı ölü dirilib evə qayıtmır. “Meymunu yada salmamaq” yalanı bu gün daha aktualdır. Məlum 19 may tarixində baş vermiş dəhşətli yanğın nəticəsində həyatlarını itirən günahsız insanlar bir çox aspektdə müzakirə olundu. Əlbəttə, məsələ siyasi müstəvidən kənara çıxmamalıydı. Çünki birbaşa dövlətlə əlaqəli məsələdi, hansı ki, kifayət qədər müzakirə olundu. Bu haqda danışmaq istəmirəm, siravi vətəndaş kimi sözümü lazım olan yerdə demişəm. Məsələ orasındadır ki, ədəbiyyatda meymunoynadanlar bu priyomdan istifadə etməyə başladı. Vətənpərvərlik həmişə ən birinci ədəbiyyatçıların sayəsində tərənnüm olunub. Ədəbiyyatpərvərlikdən uzaq olanlar binanın yanma xəbərini vətənpərvərliklə qarışdıracaq qədər cılızdılarsa bizim sabahımız necə olacaq… Üç nöqtə qədər yaxın gələcəkdə biləcəyik bunu.
Qəribədir, keçmişdə bəylər qaçaq mala gedəndə gizlətmirdilər ki, oğurluğa gedirlər. Bu gün isə oğrular oğru yox, doğrudular. Günahsız insanların kədərindən şou düzəltmək təkcə TV-lərin deyil, artıq yazarların da “meymunu yada salmamaq” yalanına çevrilib. Meymunu yada salmayın, iksir alınmaz – Tərpənməyin, bütün saytlarda yazarıq… Mahiyyətcə eynidi, deyilmi? Məəttəl qalmayasan neynəyəsən?
Ədəbiyyat sanki bir incəsənət əsəridir, onu qəşəng çərçivə və yaxşı işıqlandırma lazımdır. Bu yazını mənə yazdıracaq səbəb də budu. Ədəbiyyatımızın çərçivəsini kimlər təşkil edir? Böyük mütəfəkkirlər, ziyalılar görüb gəlmiş ədəbiyyat indi yamaq-yumaq çərçivəyəmi möhtac qaldı? Öz eqolarına üstün gələ bilməyənlər, bir para “gənc qələm sahibləri” (özlərini belə adlarırlar!) niyə bu qədər aşağı səviyyədədirlər?
Mən eqoist o adamlara deyirəm ki, öz eqolarının mənfi tərəfini nümayiş etdirir və ondan insanların ziyanına istifadə edirlər. İnsanlar eqolarını müsbət işlərdə realizə edə bilməyəndə bu özlərinə də, özgələridə də zərər verir. Şöhrətlənnək, tanınmaq istəyən adamların bu istəyi tamamilə haqlıdır. Lakin bu zaman onlar öz istəkləri haqqında həddindən çox danışırlarsa, deməli, hələ də öz eqolarının sahibi ola bilməyiblər. Çox güman ki, bu adamlar danışmaqla öz kompleks və qorxularını ört-basdır edirlər.
Amerikalılar deyir: “Milçəyi bir qaşıq balla tutmaq bir pud duzla tutmaqdan daha asandır”. Bəs bizim ədəbiyyatsevərlər neynir? Bala heyfləri gəlir, daha dəqiq desəm, balı olacaq biri yoxdu deyə duzunu bol edirlər. Duzsuz və şit bir ortamda “barıtı çox olan” bəzi yazılar milçəklərin vızıltısını çoxaltmaqdan başqa bir nəticə vermir. Bu vızhavızda ədəbiyyat bulanır. Milçək bir zad olmasa da, ürək bulandırır axı…
Mütaliədən başqa da bir sıra mənbələr var ki, bizə təhsilimizi artırmaqda kömək edir. Onlardan biri – dostlar və həmkarlarla ünsiyyətdir. İndi təsəvvür edin ki, onların mütaliəsi bu “vızhavızdı”. Onları yığsaq heç bir blok da adam etmirlər. 5 mərtəbəli bina kimi üst-üstə dayanıblar. Ən yuxarıdakı zibilini özündən bir mərtəbə aşağı, aşağıdakı daha aşağı və belə-belə…ədəbiyyatımız olub zibilxana. Dəhşətli olan odur ki, “qonşular”ın hamısı bir-birindən gileylidir. Kimsə öz “zibilini” dilə gətirmir…Mehriban qonşuların məsud dolu bu binasında tez-tez müzakirə və mütaliələr gedir. Bayaq dediyim təhsil məsələsi də burda ortaya çıxır. Dünya onlar üçün yalnız bu “5 mərtəbəli bina”dan ibarət olduğu üçün özlərindən başqa “öz”, bir-birlərinin kitabından, yazı-pozusundan başqa heç bir nəsnə bilmirlər. O qədər heç nə bilmirlər ki, tədbirdə çalınan matəm musiqisinə “intiresni mahnı buraxdılar” deyib haray-həşir qoparırlar. Hər şey “öz daxillərində” olduğu kimi biabir olmaqları da bu qaydayla gedir; özləri-özlərini biabır edirlər.
5 mərtəbəli bina demişkən, onu da qeyd edim ki, “meymunu yada salmamaq” yalanıyla meydanda dayça oynadan bəziləri “Biz Anardan yazmırıq deyə AYB-yə üzv olmuruq” yaza-yaza AYB-nin qapısı önündə yatırlar az qala. Ümidvaram, onlar da nə vaxtsa AYB-yə üzv olacaqlar, bizim də canımız bu tip yazılardan qurtulacaq. Canımızı qurtara bilmədiyimiz başqa məsələlər çoxdan da çoxdu. Dünən saytlarda qeyd olunan hadisə, məsələn…Yuxarıda yazdıqlarımın bu haqda olduğunu anlamış olmalısınız, həzarat, ona görə ki, yanğın hadisəsindən özümüzə gəlməmiş bir qrup gəncin də iştirak etdiyi kitab təqdimetmə mərasimində baş vermiş “vızhavız” ürəyimizi bulandırdı. Mən orda iştirak etməsəmdə hadisələrdən dəqiqliyinə qədər xəbərim oldu. Kitabın tərtibedilməsindən və keyfiyyətindən danışmağa dəyməz. Türk yazarlarının antologiyası bu qədər bərbad ola bilməzdi, oldu amma… Çünki, tərtibatçılar və içində şeiri yer alan gənclərin əksəriyyəti bərbad gündədi. Buna görədir ki, nəticə başqa cür ola bilməyəcəkdir.
Kitabın “işıq” üzü çıxmasına sevinən türk və azərbaycan bacı-qardaşlarımızın əl qaldırıb vətənpərvərlik musiqilərini alqışlaması, bayraqla rəqsləri tərsə-məzhəb gənclərimizi necə çaşdırıbsa, bir də özlərini çöldə görüblər. İçəridə qaldırdıqları vızhavızdan sonra tələm-tələsik 3-5 məqaləylə guya ki, ortalığı ayağa qaldırdılar və ucuz reklama başladılar. “İgidliklərindən” ağız dolusu yazandan sonra bir daha əmin oldum ki, onlara yazığım gəlməkdə yanılmamışam. Pis başa düşməyin, matəm musiqisiylə mahnını ayırd edə bilməyənə yazıq deyilər ancaq…Ona görə yazıq ki, vətən haqqında ancaq şeirlərdə abstrak-yapıştraq fikirlər söyləyənlər dünənə qədər orda qınadıqları insanları “mənəvi atamız, anamız” deyib bağırlarına basırdılar. Narahat olmayın, sabah da bağırlarına basacaqlar. Onlar başqa cür ola bilmirlər çünki…
Sözümü burda saxlayıram…Ad çəkib onsuz da reklam olunmaq üçün ürəkləri gedən “yaradıcı gəncləri” bu qədər sevindirmək niyyətim yoxdu. Bu haqda növbəti yazılarda, İnşallah.
Sözlərim bu 5mərtəbəli, bir bloklu binanın sakinlərinə necə təsir edəcək, bilmirəm, amma yanıb-kül olası bir bina varsa, o da “sizin binanızdı”, ay istedad dağarcıqları. Üzlüksüz, falansız…
Tamam unutmuşdum…Qərəz, meymunu yada salmayaq!

Hörmətlə, AYB, TAYB, GAYB, FAYB və s. üzv olmayan Allah bəndəsi…