abdullamemmed

(“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)

Kimə yuxu, kimə gerçək,
Kimə çirkin, kimə göyçək,
Kimə qanqal, kimə çiçək,
Kimiyə də ağ yalandır.
Bu dərd- ayağı yalandır.

Bu dərd damarda oynamaz,
Oynasa qanım qaynamaz…
Başımıza dəyən qapaz.
Gündə bir qana bulandı.
Bu dərd- ayağı yalındı.

Gör kim susar, kim haraylar-
Dinən dilə daş qolaylar…
Çadıra köçən olaylar
Göz yaşımızla sulandı,
Bu dərd- ayağı yalındı.

Laçın getdi, Şuşa getdi…
Harayımız daşa yetdi.
Şəhid qanı boşa getdi?!
Dilimiz söz-söz qalandı-
“Bu dərd ayağı yalandır!”

Kürsülərdən vəd yeyirik,
Yurd həsrətli dərd yeyirik,
“Düzələr bəlkə…” deyirik,
“Bəlkə” lər bizə qalandı,
Bu dərd-ayağı yalındı.

Diriykən bürünüb bezə,
Yaşayırıq bezə-bezə.
Rəhmət düşməz- ölsək bizə,
Deyərlər “gönü qalın” dır…
Bu dərd ayağı yalındı,
Bu dərd ayağı yalındı.

Azərbaycan.Quba.
31.12.1998