1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

Bizim ata-baba evimiz Əmircanda, Bakının qədim Xilə kəndində, qoşa minarə məscidə yaxın bir yerdədi, gölə yaxındı. Biz kiçik olanda, o göl həddən artıq daşardı. Suyun həddən artıq şor olmağına baxmayaraq, üstü həmişə yaşıla bənzər mazutlu neft ləkələri ilə dolu olardı, heç xəbərimiz olmadan, mazut bütün evlərin həyətinə, zirzəmilərə dolardı, Tez-tez yanğınlar baş verirdi. Biz də evdə 5 uşaq idik. Artıq gölə yaxın yaşayanlar yanğına öyrəşmişdilər. Hər zamanki kimi, bir dəfə göl alışıb yanır.

Həyətimizə su ilə birgə, zirzəmiyə qədər daxil olan mazutun alışdığını görüncə, Suraxanıdan və digər yerlərdən yanğınsöndürənlər gəlir.Yanğın bütün kəndin yarısın cənginə almışdı. Biz də məktəli çantalarımızı, əyin-başımızı, məhəllədən qohumları-qonşuları yığıb üzü yuxarı qaçırıq, Əmircandakı univermaq yoluna tərəf. Bu vaxtı evlərin birinin zirzəmisindəki mazutdan əmələ gələn alov qaçdığımız yolda bizi yaxaladı. Atam da evdə yox idi, hələ iş saatının qurtarmağna çox qalmışdı. Təsəvvür edin, qara, kəskin neft qoxulu, acı tüstüdən boğulurduq. Mən ancaq lap kiçik bacımı və xəstə babamı özümlə darta bildim…Heç kəsdən xəbərim olmadı. Hamı bir-birin itirdi. Qatı tüstünün içi ilə, alovun içi ilə cəmi 5-6 metr yeriyə bilmişdik. Hörüklərim alov dilimlərindən yanmışdı. Xəstə babam müvazinətini itirib çala-çuxura yıxılmışdı…Rəhmətlik babamı kənara çəkib, bir daşın üstündə əyləşdirmişdik. Anam bacılarımı, qardaşımı və bibim uşaqların güclə sakitləşdirib, dalıyca darta bilmişdi….Birdən mənim və qardaşımın yadına düşdü ki, “Vaska” adlı itimizi zəncirdə qoyub qaçırıq. Dedik it yanacaq, günaha batacağıq. O vaxt mən 6 sinifdə, qardaşım 5-ci sinifdə oxuyurduq. Heç kəsə demədən tək başına geri qaçdım, iş bu idi ki, mənim qara tüstünün içində geri qaçdığımı heç kəs görmədi. Hamı canını güclə qurtarmışdı. Sonra qardaşım arxamca qaçaraq özün yetirdi. Yanğınsöndürənlər və rəhmətlik qonşumuz bağban Cabbar əmi məni məhəlləyə buraxmadılar. İndi də Cabbar əminin övladları, nəvələri kənddə qonşumuzdu. Mən bu dəfə lap bərkdən çığırıb ağlamağa başladım. Dedim ki, itimiz yanacaq, yadımızdan çıxıb, zəncirdə qalıb. Möhkəm səslə “Vaska, Vaska” deyib çığırdım. Aramızda 15 metr məsafə olardı. Elə bu vaxt hamını heyrətə salan bir hadisə oldu. Vaska mənim və qardaşımın səsini eşidib, zənciri qırıb, qaça-qaça gəlirdi. Qapqara mazut içindəydi Vaska. Qardaşım zənciri götürdü və yenidən üzüyuxarı qaçdıq… Sonra həmin qardaşım Lvovda Sərhəd Qoşunlarında xidmət elədi, geri dönüb, öz yurdumuzda da qulluqda dayandı….Sözüm ondadı ki, hamı həyatı müəyyən qədər görüb, hamının başına müxtəlif hadisələr gəlib. Bir az təmkinli olmalıyıq, özümüzü harda necə aparmaq mədəniyyətinə yiyələnməliyik.