Üzümdəki təbəssüm
içimdəki hıçqırıq,
Sızıb üzə çıxınca
olubdu qırıq-qırıq.
Sinəm bir köhnə divar,
güllələrlə yazılıb.
Bir eşqin kölgəsində
qəbrim çoxdan qazılıb.
Dünən qəfil güllədən
ölənin yasındayam.
Gündüzlər “Fatihə”-də,
gecələr “Yasin”-dəyəm.
Təbrizdə güllələnib,
Hələbdə soyuluram.
Bir çinaram,min ildi
içimdən oyuluram.
Tökülür yarpaqlarım,
könlümdə xəzan yeli.
Məni tərsinə atıb
qoca taleyin əli…
Dövranın sapı çürük,
demə:” soldu gül nədən?”
Mən də qəfil ölərəm
bir çovutma güllədən.