Şimşəyin çaxma səbəbini
səsin ahəngində pıçılda!
Yağışın dənələrini
gözdə yerləşdirdiyini də…
gecənin hüzününü,
gündüzün hüzurunu,
günlərin zühurunu,
yığ ovcuma…
bir sən bil, bir də mən!
Sənə gəlim,
şimşək çaxanda…
sənə gəlim,
günəşin istisində dünyanı yaxanda
Sənə gəlim,
yıxılanda.
tut əlimdən
dolanım ətəyinə.
bir sən bil, bir də mən.
gedim sənsizlikdən…
Ətəyi boş qaldı dünyanın
bir qara qəpiklik də dəyəri qalmadı
dünyanın mərkəzində
dünyanın əvvəlində, dünyanın axırında.
qəpiklər də köhnəlib paslandı.
dünya günbəgün kiçildi arzuların yanında.
dünya son kəs öldü gözündə
gözü öldüyündə.
bir sarışın qız köçdü dünyanın ətəyindən-
saçları qapqaraydı.
ürəyinin dəni ağarmışdı dərddən
istəkləri ilə xınalamışdı ağappaq.
o gün ətəyi boş qaldı dünyanın.
Vətənxorlar…
Qadın sferasından çıxış edən cani
Həyatın ürəyini yarır.
Buda bir adiləşmiş həyat tərzi.
Tərzin bəbəyi ovulmuş halda.
Tökülən qanlı yaşlar
şərab şüşələrində bir küncdə sərgilənmişdi.
O biri küncdə billur qədəhlər.
Şərabın birinin qiyməti yüzcə manat.
Milyard dollarlıq maşınlar və qorumalar.
Hər şeyi satın alacaq qədər hirs.
Qadın qəhqəhələri ilə
zülmətlərə gedən yol.
Qızılı kəlağayıların ayaq altına atıldığı məkan.
Günah qoxuyan divarlar
Birdə fəryadlar çokən pilləkanlar vardı o məkanda.
Daşların arasında ahlar uğuldayırdı
külək əsdikcə.
Bayırda həyat vardı
Öyrəşdiyimiz həyat.
Maşınlar o tərəf bu tərəfə şütüyürdülər.
Yolun ortasında cızılmış üç bucaq,
gözlərimdə üşüyürdü.
İçəri də isə həyat dayanmışdı
ölmüşdü həyat.
Ana nağılı, vətən nağılı danışdırırdı
Vətənxorlar…