Duman sıpər çəkir sən gedən yola,
Ağrısı, acısı sinəmdə qalır.
Əksin həsrətimlə gəzir qol-qola,
Yaxşı nəyimiz var dünəndə qalır.
Sən gedən yollarda səbrim daralır,
Gözlərim şehlənir yol gözləməkdən.
Əsəbim yolları gözümdən salır,
Özümdən bezirəm özüm də bəzən.
Özümdən qaçıram özüm olunca,
Qapına gəlməyə üzümdə gəlmir.
Həsrətin əlində gözüm oyuncaq,
Yollardan yığışıb gözüm də gəlmir.
Sən məni tərk edib getdiyin gündən
Yollar qənşərimə əliboş çıxır.
Sözüm dərd üyüdür…
Özüm bu gün də
Hara əl atıram, əlim boş çıxır.
Həsrətdən alışır yolların üzü,
Od tutub yanıram hey için-için.
Necə bu yollardan əlimi üzüm-
Gözümün söz yaşın bu yollar içir…
Bir də görəcəkmi gözlərim səni,
Bir də güləcəkmi baxışlarımız.
Gecə də, gündüz də gözlərəm səni
Təki- çiçəkləsin eşq baharımız!
Azərbaycan. Quba.
28.12.1998