Səlibçilər müsəlmanı məhv edir,
Müsəlmanlar, amma cihad edəmmir!
Ağzıbağlı, yazıq ellər nədənsə,
Dığaların fəndin bərbad edəmmir!
Başa çıxan özü üçün çalışır,
Qananlar da yanır vallah , alışır!
Siyasətin kələfində dolaşır,
Qarabağı bir kəs azad edəmmir!
İndi zaman əyrilərçün « xadavoy »
Kimin üçün yasdı , kimə isə toy!
Yeyənlərə deyən yoxdu, bəsdi, doy,
Könülləri bir kimsə şad edəmmir!
Zülüm çəkir millət o tay , bu tayda,
əzab çəkmək bizdə olub bir qayda!
Beş , on nəfər çalışsa da nə fayda,
Viran olan yurdu abad edəmmir!
Üstümüzə yurd boyda dərd ələnmiş,
Boynumuzda baş yoxumuş, kələmmiş
Uyğurlarım Çində qana bələnmiş,
əlacsıza millət imdad edəmmir!
Keyfiyyət yox , nə fayda var çoxluqdan,
Ac qalmışıq gözü-könlü toxluqdan!
Kasıblıqdan ,məzlumluqdan,yoxluqdan
Səsi batıb , bu xalq fəryad edəmmir!
Qara bulud üstümüzdən ötəndə,
Qalib də şad olar dərdi bitəndə!
Düz bir milyon soydaşımız vətəndə ,
əcdadının qəbrini yad edəmmir!
9.7.15. Füzuli r-nu Zobcux qəs.