* * *
Yox…gəl aldatmayaq bir-birimizi,
Yalan danışmağa varmı ehtiyac?
Nə olub boynunu bükübsən yenə?
Deyirsən; – Bu dərdə yoxdumu əlac?!
Niyə danışmadıq biz onda…niyə?
Sən demə,susmaq var- ölümdən betər.
Qorxduq,qonum-qonşu,qohum-əqraba,
Tanışlar-bilişlər nə deyəcəklər…
Nə fərqi,günahkar mənəm,ya da sən,
Nə fərqi,dövranı,ya baxtı qına.
Bilirsən,nə qədər günah qoymuşuq
Zamanın boynuna,baxtın boynuna.
Eh…indi gör necə asan görünür,
Onda nə çətinmiş bir sözü demək.
Nə bu eşq olardı,nə də bu əzab
Biz onda heç kimə fikir verməsək.
* * *
Yerdə yer tapmadıq,
Gedək göyə çıxaq.
Sözdə itib batdıq.
Səslən,neyə çıxaq.
Dərviş olanmadıq,
Baxtnan dolanmadıq,
“A”-da qalanmadıq,
Dönək “B”-yə çıxaq.
Yurdda-yuvasızıq,
Dərddə-dəvasızıq.
Burda havasızıq,
Təzə “öyə” çıxaq.
Yandıq közümüzdən,
Doyduq sözümüzdən,
Çıxdıq özümüzdən,
İndi nəyə çıxaq?
Gül olmaz bu güldən,
Gül alma hər əldən.
Bu dəli könüldən
“Sağ ol”-deyə,çıxaq…
* * *
Daha bəhanə tapmışam
mən də “darıxmaq” adında.
Varaq yoxsa,ovcuna yaz
heç nə qalmasa yadında.
Hərdən başın qarışanda
dönüb bir də ovcuna bax.
Öz-özünə təkrar elə,
yadından çıxmasın sabah.
Qaçıb səhərdən axşama,
işdən-gücdən yorulanda.
…Yadına düşsə,gülümsə
əllərini hər yuyanda.