575949_448528385223558_1371442086_n

AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ

Sənin dodağında çiçəkləmişdi,
Bir zalım əliylə dərildi bu eşq.
Gözlərim yolunu elə çəkdi ki,-
Ayrılıq yerindən qırıldı bu eşq.

Qərib fəryadıydı,aşiq halıydı,
Divanə ruhların qeylü-qalıydı.
Bağrımın başında lalə xalıydı,
Keçib göz yaşından duruldu bu eşq.

Yenə pəncərəndə yellənir pərdən,
Xatirən şam tutub ən xoş xəbərdən.
Hər gün mən ölmüşü qaldırıb yerdən,-
Sənin ayağına sərildi bu eşq.

SƏNİ SEVİB BAĞIŞLADIM

Ruhumla qol-boyun olub,-
Bu can bu bədənə görə.
Mənə hamı qərib deyir,
Bu zalım Vətənə görə.

Ümidlərdir qol-qanadım,
Dillərdə dolaşır adım.
Səni sevib bağışladım,
Saçımdakı dənə görə.

Götürməz ki bu ahı eşq,
Sevənlərin günahı eşq.
Dünyada hər ilahi eşq,-
Ayrılıqdır mənə görə.