“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Heç kim
Məni səndən soruşmayacaq.
Nə də heç kim səni məndən.
Nə gözəl ayrılıq oldu.
Dərdi yığdım gözlərimə,
Yanaqlarım qayıq oldu…
Əllərimdən soruşuram
Səni tez-tez,
Gözlərimdən tökülürsən.
Eh! Yenə də bir yol tapıb,
Ürəyimə çəkilirsən.
Elə gücüm də yoxdu,
Ürəyimi bədənimdən yıxam ki.
Bir bəhanə tap, zəng elə,
Elə darıxıram ki…

Ürəyimin ən əziz
Yerindəsən ee… Bax daa.
Səni görmək də gözəl,
Səni xatırlamaq da.

* * *

… Dünyanın dilbilməzi
Gəlib tapır tez məni.
Gözündə böyüdürsən,
Gəl öyrədim, çöz məni.

Mən səni görən kimi
Tanımışam- özüdü.
Gələn ən gözəl səda
Ürək döyüntüsüdü.

Bir sən bilə bilmədin,
Dünya-aləm bildi ki.
Bəxtəvərsən, sevənin
Xəyalə Sevildi ki!