em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

QARABAĞA QAR YAĞIR

Qardaş daha qalmadı,
Gediləsi bir məkan,
Qapım çoxdan bağlanıb,
Sınıb köhnə nərdivan.

Uzun çəkdi deyəsən,
Yağan qəmli yağışlar,
Yavaş-yavaş seyrəlir,
Köhnə dostlar, tanışlar.

Yollar itir, bağlanır,
Uçur bir-bir körpülər,
O yerləri görmədən,
Böyüyəcək körpələr.

Saman çöpü qalmayıb,
İndi hardan yapışaq.
Bu dağ yaman qəlbidi,
Bu dağı necə aşaq.

Belə də zülm olarmı,
Qılınc qında paslanır.
Qarabağa qar yağır,
Burda ürək, can yanır.

ÖLƏM

Ümidim hələ sönmür ki,
Bu göylər susub, dinmir ki,
Ruhum dağlardan dönmür ki,
Bir rahat can verəm, öləm.

Boynu bükük qalıb dağlar,
Qürbətdə bir qərib ağlar,
Tanrıdan bir istəyim var,
O yurdu bir görəm, öləm,

Dinə tarın sarı simi,
Unudam həsrəti, qəmi,
Ürəyimi süfrə kimi,
Yamaclara sərəm, öləm.

Bülbüllər qalmyıb bağda,
Bəyquşlar dolaşır dağda,
Cəbrayılda, Diridağda,
Bir bənövşə dərəm, öləm.