Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Ata yurdum
Nə vaxt gedirəmsə ata yurduma,
Məni kədər qovur, qəm qucaqlayır,
Bir ata harayı, qardaş nisgili,
Açıb qollarını məni haqlayır.
Nə atam hay verib çıxır qarşıma,
Nə də ki, qardaşım ötürür məni.
Ələnir dünyanın qasrı başıma,
zaman damla-damla itirir məni.
atamın əkdiyi bar ağacları,
ayrılıqdan için-için qovrulur.
quruyub gilənar, nar ağacları,
elə bir həsrətdən külü sovrulur.
körpə ağacların körpə budağı,
qardaş salamını yetirir mənə.
qəfil dolu vurmuş solan yarpağı,
kövrəlib öpürəm mən dönə-dönə.
Beləcə, gəzirəm bağı-bağçanı,
Həsrətin dumanı çöküb hər şeyə.
itib səliqəsi, itib sahmanı,
Atamın əlləri dəyməyir deyə…
Özümüzə tale yazdıq
Üzülməyən sevgimizin,
ürəyini niyə üzdük?!
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.
Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinıə acı süzdük.
Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq..