cenabrafiqoday

İstedadlı şair dostum, qardaşım Əbülfəz Ülviyə

Haqqa kəc baxanın kor olar gözü,
Şər dərs şər gətirər, ülvi dərs ülvi.
Tanrısız olanın sevilməz sözü,
Tanrıdan gələnlər müqəddəs, ülvi.

Dedin gül göyərməz qanqal içində,
Di gəl bu hikməti qan, qal içində,
Şişə çəkilərəm manqal içində, –
Olmasa içimdən qopan səs ülvi.

Doğulduq, dünyanı, aləmi gördük,
Neçə dərdi gördük, ələmi gördük,
Əlinə alandan qələmi gördük,
Qələm sahibində bu həvəs, ülvi.

Qopdu Əlincədən Nuhun tufanı,
Ərzi lərzə saldı bu Hun tufanı,
Şerin tufanıdı ruhun tufanı,
Gətirər özüylə o, nəfəs ülvi.

Şeirdən alınmaz qala yaratdı,
İstədi əbədi qala, yaratdı,
Demirəm Sokratdı, Hippokratdı, –
Kamil bir insandi Əbülfəz Ülvi.