(“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)
Çadırda doğulan qaçqın uşağı,
Axır ki, yetişdin məktəb yaşına.
Vətəndə vətənsiz-başı aşağı
Dərdinlə böyüdün başlı –başına.
Acı taleyinlə oynayan artdı,
Böyüdün yarı tox, yarı ac, bala.
Kimsə sənə görə rütbəyə çatdı,
Sənisə sarsıtdı ehtiyac, bala.
Bir də baxıb gördün- özündən böyük
Həsrətin boy atıb özündən uca.
Yurdunda yuvasız, baxışı sönük
Böyüdün- göylərə əl aça-aça.
Ah çəkdin, udmadı dağlar naləni,
Yoxsa dağların da qulağı kardır?!
Çadırdan başlanan doğma Vətənin
Sən demə sənintək qəlbi qübardır.
Alnına yazılan yazımı çadır?
Ev- ocaq çadırda,məktəb çadırda,
Söz verən özünü sözlə oynadır,
Salır öz-özünü sözü abırdan.
Aldanıb itdikcə boş vədələrdə,
Səndəmi dünyadan bezirsən, bala?
Balaca canınla bu qədər dərdə,
Hələ kişi kimi dözürsən, bala?!
Ağardın başında ata-ananın,
Sən elə dərdsənmiş başdan ayağa,
Üzü qara olsun belə zamanın
Yağı tək rəhmi yox qaçqın uşağa.
Çadırda doğulan qaçqın balası,
Bu dərdi unutmaz vaxt qaça-qaça.
Sənə bu dünyada yurddur qalası,
Canından, qanından, başından uca!
Azərbaycan. Quba.
28.11.1999.