İki həftə öncə köçmüşdülər yeni evlərinə. İyirmi iki il yaşadığı məhləni, mühiti qoyub bambaşqa bir yerə gəlmişdilər. İki həftə keçməsinə baxmayaraq, nə təzə mənzilə, nə də mühitə öyrəşə bilirdi. Universitetdə oxuduğu üçün səhər tezdən dərsə gedir, bir də axşam qayıdırdı. Heç ən yaxın qonşularını belə tanımırdı. Anası elə bura gəldiklərinin ikinci günü qapıbir qonşularıyla tanış olmuşdu. Arabir evdə qonşunun söhbətini də edirdi. Hələ ki üzünü belə görməsə də anasının söhbətlərindən qonşu Zivər xala və onun ailəsi haqqında bəzi təsəvvürləri yaranmışdı artıq. Anasının dediyinə görə Zivər xalanın bir oğlu və bir qızı var idi. Oğlunun 26, qızın isə 20 yaşı var idi. Demək ki, oğlu ondan dörd yaş böyük, qızı isə iki yaş kiçik idi. Dərsləri, işləri o qədər çox idi ki, başqa heç nə ilə maraqlanmamış, anasının ara – sıra danışdıqlarını da çoxdan unutmuşdu.
Həyatının dəyişdiyi o gün dərsdən əvvəl kitabxanaya getməli idi. Ancaq təzə köçdükləri mühiti tanımadığından ora hansı nömrəli avtobusla gedəcəyini də bilmirdi. Tərslikdən nə dayanacaqda, nə də ətrafda heç kim görünmürdü. Kimdən soruşub öyrənəcəyini də bilmirdi. Dəqiqələr bir-birini əvəz etdikcə narahatçılığı daha da artır, gecikəcəyindən qorxurdu. Bu vaxt uzaqdan bir oğlanın da dayanacağa tərəf gəldiyini gördü. Nə bu yerləri, nə də insanları tanımasa da getdikcə ona yaxınlaşan oğlan çox tanış gəlirdi. Elə bil nə vaxtsa, hardasa görmüşdü, özü də bir dəfə yox, dəfələrlə. Nə qədər düşünsə də xatırlaya bilmirdi bu insanın kim olduğunu. Fikirləri o qədər qarışmışdı ki, harda olduğunu belə unutmuşdu…
– Salam…
Səsə xəyallardan ayrılarkən bayaqdan beynini məşğul edən oğlanla üz-üzə dayandığını görüb özünü itirdi, yanaqlarının od tutub yandığını hiss etdi. İndi qıpqırmızı qızardığına əmin idi. Oğlan isə sanki onun bu çaşqınlığından xoşu gəlmiş kimi gözlərinin içində gülürdü. Birtəhər özünü toplayıb salamı aldı. Ancaq səsi o qədər zəif çıxdı ki, özü belə eşidə bilmədi. Oğlan onun narahatçılığını azaltmaq üçün özü tanışlıq verməli oldu:
– Deyəsən, siz yeni qonşumuzsuz. Mən sizi bir-iki dəfə evdən çıxarkən görmüşəm. Biz sizinlə qapıbir qonşuyuq.
– Siz Zivər xalanın oğlusuz?
– Bəli. Adım Səbuhidir.
– Çox yaxşı, mənim də adım Mehridir.
– Şad oldum…
– Mən də…
Bir neçə dəqiqə heç biri danışmadı. Qız oğlanın yanında dayandıqca həyəcanlandığını hiss edirdi. Bir tərəfdən də onu harda gördüyünü fikirləşirdi. Yenə də oğlanın səsi onu fikirlərindən ayırdı:
– Dərsə gedirsən?
– Yox, kitabxanaya getməliyəm, ancaq hansı avtobusla gedəcəyimi bilmirəm.
– Mən də elə o tərəfə gedirəm, birgə gedərik.
Həmin gündən Səbuhi ilə Mehri arasında mehriban münasibət yaranmağa başladı. Səbuhi burada onun tanıdığı ilk insan idi. Sonra onun nişanlı olduğunu öyrəndi. Bu xəbəri eşidəndə nədənsə təəccüblənmiş, ürəyinin ən dərin və xəlvət yerində isə məsumca üzülmüşdü. Əslində keçirdiyi bu duyğuya ad verməkdə özü də çətinlik çəkirdi. Yavaş-yavaş iki gəncin arasında lal, kövrək hisslər baş qaldırırdı. Heç biri bunu dilinə gətirməyə cürət etməsə də, ikisi də günahsız günahlarının fərqində idilər. Beləcə aylar bir-birini əvəz edir, onlar bir-birinə daha da bağlanırdılar. Gənc qız artıq hisslərinin əsirinə çevrildiyini dərk etsə də, ürəyinə söz keçirməkdə çətinlik çəkirdi. Getdikcə bütün insanlardan, ətrafdan tamamilə uzaqlaşır, öz dünyasına qapılırdı. Qızın bu halı oğlanı təlaşlandırır, nə baş verdiyini anlamaqda çətinlik çəkirdi. Nəhayət, bir gün oğlanın sualları qarşısında təngə gələn qız ürəyindəkiləri açıb etiraf etməyə məcbur oldu:
– Yadındadır, sənə bir dəfə demişdim ki, mənim həyatda ən çox qorxduğum şey qarşılıqsız sevgidir? Bax, indi o qorxduğum başıma gəlib…
Eşitdiyi sözlər qarşısında sarsılan oğlan hələ də anlamaqda çətinlik çəkirmiş kimi dilləndi:
– Mehri, yoxsa..?
Artıq qızın bayaqkı cəsarətindən əsər-əlamət qalmamışdı. Həm günahını etiraf edən cinayətkar kimi utanır, həm də uzun zamandır qəlbini didib – parçalayan sirrini elə sahibinə açdığı üçün daha rahat nəfəs alırdı. Gözündən süzülən iki damla yaşı barmağının ucu ilə silib:
– Bəli, anladığın kimi…- dedi. Daha oğlanın gözlərinə baxmağa cəsarəti qalmamışdı. Elə indicə buranı tərk etmək, uzaqlaşmaq istəsə də, sanki ayaqlarını yerə yapışdırmışdılar. Yerindən tərpənməyə halı qalmamışdı. Ürəyi isə qorxudan uçum – uçum uçurdu. Sevgisini etiraf etdiyi adamın ona yüngül əxlaqlı qız kimi baxmasından, hətta onu təhqir etməsindən çox qorxurdu. Axı sevdiyi insan nişanlı idi və o da bunu ən başından bilirdi. Ancaq neyləmək olar, ürəyə söz keçirmək mümkün deyil ki…
Birdən Səbuhi onun əllərini əlinə alıb dodaqlarına yaxınlaşdırdı. Bu vaxt özündə azca cəsarət tapıb başını qaldırdı. Gənc oğlanın gözlərində dərin bir hüzn vardı. Elə bir hüzn ki, qız bunu görməyə dözə bilməyib başını yenidən aşağı saldı. Ürəyində onu bu cür incitdiyi üçün özünü danlamağa, qarğış etməyə başladı. Bu vaxt aşiq olduğu səs qulaqlarını oxşayırdı:
– Məni bağışla. Səni o qədər çox istəyirəm ki… O qədər çox ki… Amma mən sənə hər şeyi demişdim. Bilirsən nəyə sevinirəm? Ona sevinirəm ki, sən məni sevginə layiq bildin, sevdin məni… Sənin kimi gözəl bir insanın sevgisinə layiq olmaq mənim üçün ən böyük xoşbəxtlikdir… Amma üzülürəm də… O qədər çox üzülürəm ki… Kaş həyatımda heç kim olmasaydı. O zaman səni sevərdim, çox sevərdim həm də… Sən çox fərqlisən, mənim üçün çox dəyərlisən! Canım qədər əzizsən!
Bunu deyib qızı qolları arasına aldı. O qədər səmimi, o qədər isti idi ki, bu təmas aylardan bəri ürəyində gizlətdiyi hisslərin təsiri ilə oğlanın sinəsindəcə göz yaşlarına boğuldu…
… Günlər, aylar bir-birini əvəz edirdi. Mehrinin sevdiyi adamı itirmək qorxusu ilə etdiyi etiraf onları nəinki bir – birindən ayırmış, əksinə, daha da yaxınlaşdırmış, doğmalaşdırmışdı. Görüşləri daha da sıxlaşmışdı. Bu münasibətin adını isə heç biri qoya bilmirdi. Bu vaxt ərzində Mehri onu düşündürən bir sualın cavabını tapmışdı. Sən demə, o indi canından, həyatından çox sevdiyi bu oğlanı heç tanımadan yuxularında görübmüş…
Ancaq hər gözəl şey kimi bu gözəl günlərin də sonu gələcəyini ikisi də bilirdi. Və nəhayət həmin gün gəlib çatdı…
…Səhər tezdən bütün bina camaatı Mehrinin anasının “balam” fəryadına oyandı…
Bir gün öncə çal-çağırla bir gənc qızın gəlin maşınında gətirildiyi küçədən bu gün başqa bir gənc qız tabut içərisində çiyinlərdə aparılırdı…
Dünənki gün bəylik taxtında oturan oğlan isə çiyinlərdə gedən tabutun arxasıyca göz yaşları içərisində baxır və bir vaxtlar qızın onunçun yazdığı şeirin dörd misrasını pıçıldayırdı:
Demə, qismətimiz beləymiş, ey yar,
Tale hərəmizi bir cür incidir:
Məni qarşılıqsız sevgim üzərkən,
Səni sevməməyin üzür, incidir…
Cavan ömrünü sevgisinə bağışlayan qız heç zaman bilməyəcək ki, onun sevgisi qarşılıqsız deyildi…
Həmin gün o binanın bir mərtəbəsindəki qoşa qapılardan iki yaylıq asılmışdı: qırmızı və qara…