Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Yollar, hələ ilan olmamış ilan balaları kimi qıvrılmaqda,
Maşınımız da südəmər quzu kimi aram-aram mələməkdə.
Biz də, təbiətə məftun şəhərli uşaqlartək
gözümüzün qarşısına keçəni baxışlarımızla yıxırıq.
Həvəskar alpinisttək Pirqulu meşələrinə çıxırıq.
Gendən ruhumuza sığal verir Rəsədxana divarları.
Ucları buluda dəyən ağaclar da, yamyaşıl örtüyü ilə
ruhumuza şuxluq sıçradır heyran-heyran.
Xeyli hündürdən qıy vuran qartal kimi görünür Şamaxı –
Mənim, şair balaları didərgin şəhərim.
Bir az da ruhu pərişan, gərgin şəhərim…
Üzülə-üzülə göz atıram çuxası yaşıl meşələrə.
Dərinə düşdükcə, təbiətin mənası bir az da artır.
Hansı qüvvəsə gözlərimi bu gözəlliyə dartır.
Arabir vəhşi əngəllərə də dəyir gözüm.
Bələdçim deyir ki, eh, bilirsiz burda – bu cənnətməkanda
neçə bakirə ağacın taleyini cızdılar?!
Doğrudan, burda ağaclar elə bil bakirə qızdılar –
adam görən kimi duvaqlarını çəkirlər.
Bələdçi, ətrafa eyhamla deyir ki,
abırlı, həyalıdı Pirqulu meşələri.
Ancaq pula möhtəkirlər göz verir, işıq vermir
bu yanaqları al, ayaqları xınalı təbiət gözəlinə;
sanki uçurub, dağıtmaqdı peşələri.
Allahın işinə bax, burda ağaclar Günəşi görməkçün bəhsdə.
Ağacdibi oyuqlarda ard-arda düzülən alabəzək göbələklər
Göpgöyçək qızlartək naz atır kövrək ruhumuza.
Burda, dumanın vaxtsız-vədəsiz
ətrafı ağa bükməsi ayrı bir səhnə;
adama elə gəlir ki, hansısa tamaşanın
obrazlarıdı içindəki qaraltılar.
Yayda payız qayğıları başlayır Pirqulunun.
Yetib bu yurdun yaylıq örtən çağı.
Bir az yuxarıda qaraçuxa buludlar ruhunu «daşlayır» onun.
İslanır nə var; yollar, yamaclar, toxlar aclar…
Bir azdan gün, dəcəl uşaqtək yaxasını açır ətrafın.
İlıq şüalar islaq adamları buxarlandırır.
Nəm tutmuş torpaq da buxar verir.
Təkcə, yarpaqları yağışdan sırğalanmış yekə-yekə ağaclar
payız nəğməsi oxuyur yorğun-yorğun.
Əllərində sini o yan-bu yana qaçan ağköynək xidmətçilər
ayaqları ilə yerə yüz ilmə vurur.
Toxlar meşələrin ruhunu kabab kimi qoxuyur,
Aclar onun-bunun ağzına baxa-baxa namaza durur.
Bu məzmunsuz görüntüyə diş qıcayır
meşə həkimi – ağacdələn;
dimdiyinin yoruğunu ala-ala bu vəhşətə acıyır.
Vicdanı acımır burdakı tox adamların;
qudurğan qəhqəhələri, şit gülüşləri ilə Tanrını bezdirirlər.
Harın biri də, dişlərini ağarda-ağarda
göbək atdırır bir şax yüzlüyə hansı acınsa qızına.
Təbiət bu mistik ovqatı çözməyə məcbur.
Təəssüf… dözməyə məcbur.
…Məni burda ilk dəfə valeh edir şəhərli bir qızın
yaş torpağa sevgi etirafı.
İliyimiə işləyən soyuğun ağ sevda çiçəklərinə
ötənilki cücülər hakimdi…
Kipiklərim qatı dumanın şehində o ki var, çimir.
Bir anlıq elə bilirəm bura inam ocağıdı – pirdi.
…Üşüdüyümü görən bələdçimin
çiynimə atdığı pencəkdən də tüstü iyi gəlirdi.
İşə bax, burda adamın duyğuları boş durmur;
Kövrək hisslər yelləncək asır baxışlarından.
Ata sevgisinə ac uşaq kimi gözlərinə hopdurmaq istəyirsən
səni məst edən sısqa gözəllikləri.
Hündür-hündür ağaclar günəşlə aranda səddi.
Burda yadına düşmur, deyəsən:
– Ruhuma kömək ol, ya hansısa ağanın cəddi!
Burda hər ağacın altı bir görüş yeridi;
kim bilir, neçə qızın-oğlanın sevgisinə şahiddi bu ağaclar.
Adamlar, yağışda başlarına tuturlar bu ağacları, çətir əvəzi.
Sonra da dilucu ehtiram göstərirlər, xətir əvəzi.
…Oxucum, sanma ki, meşələr bəxtəvərlik rəmzidir.